...

Fəzail İbrahimli: Müstəqil olmayan Ermənistan başçısından müstəqil addım gözləmək olmaz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2014 13:27 (UTC +04:00)
"Ermənistan da Azərbaycan kimi bütün daxili və xarici siyasətində müstəqil olmuş olsaydı, özünün bütün diplomatik fəaliyyətini xalqının, dövlətinin rifahına, gələcək strateji kursa yönəltmiş olsaydı, prezidentlərin görüşdən hansısa bir nəticəni gözləmək olardı".
Fəzail İbrahimli: Müstəqil olmayan Ermənistan başçısından müstəqil addım gözləmək olmaz

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"Ermənistan da Azərbaycan kimi bütün daxili və xarici siyasətində müstəqil olmuş olsaydı, özünün bütün diplomatik fəaliyyətini xalqının, dövlətinin rifahına, gələcək strateji kursa yönəltmiş olsaydı, prezidentlərin görüşdən hansısa bir nəticəni gözləmək olardı". Bu barədə Trend-ə millət vəkili Fəzail İbrahimli Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8-9-da Soçidə gözlənilən görüşünə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib: "Öz ixtiyarı olmayan bir dövlət başçısı hansısa müstəqil addım ata bilərmi? Qətiyyən yox. Ermənistan müstəqil dövlət deyil, onun müstəqilliyi kağız üzərindədir. Ermənistan ABŞ-da yaşayan lobbilərin təsiri altındadır, çünki pul verir, sifarişini verir, çünki Ermənistan millətçilərin, "daşnaksütyun" düşüncəli, ruhlu insanların təsiri altındadır".

Onun sözlərinə görə, digər tərəfdən bütün dünyaya məlumdur ki, Ermənistanın ağası kimdir, kimin sifarişini yerinə yetirir, hansı dövlət orada hakimiyyəti dəyişir: "Ermənistan Qafqaz regionunda kiminsə siyasi xəttini yerinə yetirmək üçün mövcud olan bir dövlətdir. Onda sual olunur, müstəqil olmayan dövlət başçısından nə gözləmək olar? Amma Azərbaycan tərəfi də bunu çox yaxşı bilir, sadəcə olaraq beynəlxalq ictimaiyyətə "görüşdən imtina etdim" mesajı verməmək üçün görüşür. Əgər Ermənistana onun ağası deyibsə ki, bu addımları at, ata biləcək, atma deyibsə, sadəcə, dünya ictimaiyyətinin gözünə kül üfürmək üçün bir görüş keçirmək istəyindədir".

Millət vəkili əlavə edib ki, ancaq Azərbaycan heç bir dövlətdən asılı deyil, özünün ərazi bütövlüyünü qorumaq, haqq səsini dünyaya çatdırmaq üçün güclü, qüdrətli dövlətdir və lazım gələndə düşmənin cavabını vermək iqtidarındadır: "Azərbaycan Ordusunun ermənilərin cəbhədəki son təxribatlara layiqli cavab verməsi bir daha onu göstərdi ki, Azərbaycanın kifayət qədər gücü var. Hesab edirəm ki, zamanı gələndə Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti