...

Azərbaycan səfiri Argentinanın ermənipərəst jurnalistinin cavabını verdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2014 15:37 (UTC +04:00)
Ənənəvi ermənipərəst mövqeyi ilə tanınan və Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərinə görə Azərbaycan hökuməti tərəfindən arzuolunmaz şəxs elan olunmuş Argentinanın ən böyük KİV-i olan “Clarin” qəzetinin beynəlxalq siyasət bölümünün redaktoru Marselo Kantelminin Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanla bağlı növbəti qərəzli məqaləsinə münasibətdə Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin həmin qəzetdə məktubu dərc olunub.
Azərbaycan səfiri Argentinanın ermənipərəst jurnalistinin cavabını verdi

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan səfiri Argentinanın ermənipərəst jurnalistinə cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ənənəvi ermənipərəst mövqeyi ilə tanınan və Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərinə görə Azərbaycan hökuməti tərəfindən arzuolunmaz şəxs elan olunmuş Argentinanın ən böyük KİV-i olan "Clarin" qəzetinin beynəlxalq siyasət bölümünün redaktoru Marselo Kantelminin Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanla bağlı növbəti qərəzli məqaləsinə münasibətdə Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin həmin qəzetdə məktubu dərc olunub.

Səfir yazıda bildirir ki, 23 noyabr tarxində "Clarin" qəzetində dərc olunmuş məqalə qeyri-obyektiv fikirləri və Ermənistanın mövqeyini əks etdirir: "Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir və yeddi ətraf rayonla birlikdə Ermənistan tərəfindən işğal olunub ki, bu da ümumilikdə ölkəmin ərazisinin 20 faizini təşkil edir. 20 ildən çoxdur ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü davam etdirir və beynəlxalq hüquqa və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə məhəl qoymur".

M.Əhmədzadə qeyd edib ki, bu ilin 27 oktyabr tarixində Fransa prezidentinin təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində təşkil olunmuş görüşün ardınca böyük sülh sazişinin layihəsi üzərində iş aparmağa başlamaqdansa, Ermənistan işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb, 12 noyab tarixində isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Ermənistanın Mi-24 tipli iki helikopteri Azərbaycan qoşunlarının mövqelərini atəşə tutub və cavab atəşi ilə helikopterlərdən biri vurulub: "Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana təcavüzünün və Azərbaycanın suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır. Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib və müvafiq qaydada Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb".

Cavab məktubunda deyilir ki, çoxsaylı mülki vətəndaşların və siyasətçilərin qətli ilə uzun illərdir ki, hakimiyyəti qəsb etmiş və ölkəsini müflislik səviyyəsinə çatdırmış Ermənistanın hərbi-oliqarxik repressiv diktatura rejimi hazırda müxalifətin geniş etirazlarını yatırmaq üçün diqqəti münaqişə zonasına yönəltməyə çalışır.

Yoxsulluq və iqtisadi problemlər səbəbindən hər il daha çox insanın Ermənistanı tərk etdiyini və bu ölkənin belə bir vəziyyətdən qurtuluşunun yalnız Azərbaycanla əməkdaşlıqdan asılı olduğunu deyən M.Əhmədzadə Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatının 80 faizindən çoxuna malik olduğunu, ölkəmizin strateji valyuta ehtiyatlarının onun ümumi daxili məhsulunun 70 faizinə bərabər olduğunu və Azərbaycanın regional inkişafın özəyi olduğunu bildirib: "Ermənistanın Azərbaycana qarşı təcavüzü regionda sülh və təhlükəsizliyə başlıca təhdiddir. Ermənistan Azərbaycanla sülhə tələsməli və ilk addım kimi öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti