...

Azay Quliyev: "Şuşa insanların barış, dostluq və sülh içində yaşayacağı bir şəhərdir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2015 19:19 (UTC +04:00)
Yekunda “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Bəyannaməsi qəbul olunub.
Azay Quliyev: "Şuşa insanların barış, dostluq və sülh içində yaşayacağı bir şəhərdir"

Azərbaycan, Bakı, 5 may /Trend/

"Şuşa insanların barış, dostluq və sülh içində yaşayacağı bir şəhərdir".

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi "Şuşaya Azadlıq" beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının iştirakı ilə keçirilən "Mədəni irsi qoruyaq - sülhlə gələcəyi təmin edək" adlı Bakı toplantısında "Şuşaya Azadlıq" beynəlxalq kampaniyasının təşəbbüskarı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

O, çıxışında "Şuşaya Azadlıq" beynəlxalq kampaniyasının yaranması və yayılması zərurətindən ətraflı danışıb. Kampaniyanın niyə məhz Şuşa ilə bağlı olduğunu xarici qonaqlara şərh edən Şura sədri bildirib ki, Şuşa Qarabağın simvolikasıdır, Şuşa - Qafqazın Konservatoriyası, Azərbaycan musiqisinin beşiyidir: "Şuşanın nəinki erməni şəhəri, ümumiyyətlə ermənilərlə heç bir bağlılığı olmayıb. Şuşa adi şəhər deyil. Şuşa insanların barış, dostluq və sülh içində yaşayacağı bir şəhərdir".

A.Quliyev qeyd edib ki, erməni işğalı qeyd olunanları heçə endirir: "Dünyada belə etnik təmizləmə aparılmış, tarixi, mədəniyyəti, keçmişi bu qədər silinmiş, dəyişdirilmiş ikinci bir nümunə tapmaq mümkün deyil".

A.Quliyev bildirib ki, 23 il ərzində işğal altında qalan Şuşada tarixi, mədəni abidələr, şəhərin infrastrukturu darmadağın edilib: "Bu gün dünya tolerantlıqdan, sülhdən danışır. Əgər belədirsə, onda Şuşadan da danışmaq lazımdır. Çox istərdim ki, bu kampaniyaya digər sahələrin təmsilçiləri də qoşulsun. Hesab edirəm ki, bu təkcə Şuşa üçün, Azərbaycan üçün deyil, bu dünyaya bir sülh çağırışıdır. Hər kəs bu kampaniyaya dəstək verməlidir. Şuşa təkcə işğal günü yox, hər zaman diqqət mərkəzində olmalıdır".

"Şuşaya Azadlıq" beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı toplantısı haqqında fikir bildirən Şura sədri qeyd edib ki, 30-dan çox dövləti təmsil edən, 47 QHT-nin dəstəklədiyi bu kampaniyanı genişləndirməliyik: "Alimlər, elm adamları, tarixçilər, yazarlar da bu kampaniyaya qoşularsa, diqqətimizi bu istiqamətə yönəldəriksə, hazırda yaşanan və bundan sonra yaşanacaq işğal faktlarının qarşısını birlikdə ala bilərik. Vaxtilə Azərbaycanın haqq səsinə doğru-düzgün qiymət verilsəydi, indi digər dövlətlər işğal faktı ilə qarşılaşmazdılar. Biz diqqəti bir yerə yönəltməli, dövlət, din, irqi ayrı-seçkilik qoymadan belə konfliktlərə laqeyd qalmamalıyıq. Bu toplantıdan sonra Bəyannamə imzalanması vacibdir. Bu işi mayın 8-də bitirib, bir də gələn il yada salmaqla laqeydlik göstərməməliyik. Lazım gələrsə, ATƏT-in Minsk qrupuna, BMT baş Katibinə müraciətlər, suallar, çağırışlar ünvanlanmalıdır".

A.Quliyev xüsusilə qeyd edib ki, Azərbaycan tərəfi öz torpaqlarını işğaldan azad etməyə hazırdır: "Lakin biz sülh tərəfdarıyıq".

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında xatırladıb ki, 3 gündən sonra Şuşanın ermənilər tərəfindən işğalının 23 illiyi qeyd ediləcək: "Bu ədalətsiz dünyada konfliktlər davam edir. Bu gün dünyada 64 milyona yaxın qaçqın var və 34 ölkəni əhatə edir. Dünyada bəzi ölkələr digər xalqlara demokratiya dərsi keçirlər, insan hüquqlarından danışırlar. Bəs digər qırılan insanların hüquqları yoxdurmu? Azərbaycanın 1,2 milyon insanının hüququ yoxdurmu?"

Şuşa şəhərinin tarixi haqqında qonaqlara müfəssəl məlumat verən Ə.Həsənov qeyd edib ki, bu şəhər dünyaya rəssamlar, bəstəkarlar, xanəndələr, eləcə də digər sahələrdə çox böyük töhfələr verib: "Oranın suyu, torpağı da müqəddəsdir. Ermənilər oranı işğal etməklə elə bilirlər ki, onlarda da Üzeyir, Bülbül, Xan olacaqlar. Amma yanılırlar. Bu gün qaçqın düşərgələrində doğulan şuşalı uşaqlar çox qabiliyyətlidirlər, çünki bu genetik məsələdir".

Baş nazirin müavini çıxışında qeyd edib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir: "Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub. Lakin Ermənistan tam əksinə - monoetnik ölkədir, bu ölkədə emiqrasiya yüksək həddədir, ölkədə qalanların isə 99,5 faiz ermənidir".

O, xarici qonaqlara separatçı rejim tərəfindən girov götürülmüş iki azərbaycanlı haqqında söz açıb, onların hələ də girovluqda saxlanıldıqlarını xatırladıb, bunun isə bütün beynəlxalq hüquq və normalara zidd olduğunu qeyd edib.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov qeyd edib ki, bizim əhalimizin sayı 10 milyona yaxındır. Onun sözlərinə görə, Azərbaycan çox unikal bir məkanda yerləşir: "Azərbaycan cəmiyyəti çoxdinli, çoxmillətli, mültikultural dövlətdir. Amma elə dövlətlər var ki, monoetnikdir. Ermənistan məhz belə dövlətlərdəndir. Vaxtilə bu dövlətin əhalisinin yarısı azərbaycanlılar idi. Lakin bu gün orada bir azərbaycanlı belə yoxdur. Bu azmış kimi, onlar Qarabağ torpaqlarına göz dikdilər. Ermənilər Xocalıda soyqırım törətdilər və mayın 8-də Şuşanın işğalı ilə Dağlıq Qarabağı bütövlüklə işğal etdilər. Düzdür, sonralar beynəlxalq qurumlar qətnamələr qəbul etdilər. Lakin bu qətnamələr kağız üzərində qaldı".

PA rəsmisi deyib ki, bu gün beynəlxalq qurumlar Qarabağ münaqişəsi kimi konfliktlərə tez reaksiya verdiyi halda, Dağlıq Qarabağ münaqişəsinə heç bir köməklik göstərilmir: "Bəzi Qərb dövlətləri təəssüflər olsun ki, Dağlıq Qarabağdakı separatçı rejimə dəstək verir. ABŞ 1992-ci ildən bu yana Dağlıq Qarabağa 5,74 milyard dollar köməklik göstərib. Separatçı qurumun rəhbərləri Amerikaya, Qərb dövlətlərinə rahat şəkildə gedib gəlirlər. Ən biabırçı fakt odur ki, Vaşinqtonda separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəliyi fəaliyyət göstərir. Buna baxmayaraq, Qərb liderləri hələ də münaqişənin həlli üçün nə konkret fikir bildirir, nə də köməklik göstərirlər. Hesab edirəm ki, bu məsələdə erməni lobbisinin rolu olduğu kimi, həm də müsəlman olmağımız dünyaya ölkələrinə maneçilik törədir".

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun sözlərinə görə, Şuşanın işğalı ərəfəsində azərbaycanlılar nə müharibəyə hazırlaşıb, nə də belə bir niyyəti olub: "Ermənilər Xankəndində olan 366-cı alayın köməkliyi ilə Şuşanı işğal etdilər. İşğal zamanı Şuşanın demək olar ki, bütün infrastruktur, tarixi-mədəni abidələri tamamilə dağıdılıb. Şuşa dünyaya xeyli dühalar bəxş edib. Prezident İlham Əliyev ermənilər tərəfindən işğal olunmuş torpaqların geri qaytarılması məsələsinə hər zaman həssaslıqla yanaşıb. Biz əminik ki, tezliklə öz dədə-baba torpaqlarımıza qayıdacağıq. Bu gün də məhz dövlətimizin diqqət və qayğısı nəticəsində məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atılır".

Bosniyanı təmsil edən Yasin İmamanoviç bildirib ki, onun təşkilatı yarandığı qısa müddətdə 100-dən çox layihə reallaşdırıb və vətəndaş cəmiyyəti institutlarının inkişafında böyük əməyi var. Bosniyalı qonaq Azərbaycanla Bosniya tarixi arasında, eləcə də yaşanan ağır günləri müqayisəli təhlil edərək qeyd edib: "Dağlıq Qarabağın işğalı, Xocalı faciəsi və Şuşanın işğalı kimi hadisələr bizə tanışdır. Eyni faciələri biz də yaşamışıq. Biz elə etməliyik ki, haqq-ədalət öz yerini tapsın, soyqırım törədənlər cəzalandırılsın. Biz həqiqət tərəfdarıyıq, biz ədalət carçısıyıq. Qoy ədalət zəfər çalsın. Şuşaya azadlıq!"

Yunanıstanın "Gənclər üçün üfüq" təşkilatının rəhbəri İrini Draqapoli, Gürcüstan Diplomatlar Assosiasiyasının prezdienti Zurab Kventalidze, Bolqarıstan Peşəkar Təhsil Assosiasiyasının rəhbəri Yuri Pozejarski, Serbiya təmsilçisi D.Budinçiç, Belarus təmsilçisi Aleksey Overyanov, Ukrayna və Sudan təmsilçiləri çıxışlarında Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Onlar işğala qarşı birləşməyin, təcavüzkarın cəzalandırılmasının dünyanın ali orqanlarından tələb etməyin tərəfdarı olduğunu deyiblər. Hər bir natiq çıxışını "Şuşaya Azadlıq" şüarı ilə yekunlaşdırıb.

Millət vəkilləri Elman Məmmədov və Çingiz Qənizadə xarici qonaqların çıxışlarını, səfərlərinin məqsədini yüksək qiymətləndiriblər.

Kampaniyanın təşəbbüskarı, millət vəkili A.Quliyev sonda xarici qonaqlara çağırış edib. O, qeyd edib ki, Bakıdan öz vətənlərinə dönən gənclər təmsil etdikləri ölkəni mediasında çıxış etsələr bu kampaniya daha böyük uğur qazanar: "İkincisi, hər bir gənc öz ölkəsinin ali idarəetmə orqanlarına, parlamentə "Dağlıq Qarabağ probleminin həllində hansı töhfəni verə bilərik" çağırışları ilə müraciətlər olunarsa, görüləcək vahid işi daha da sürətləndirər".

A.Quliyevin qaldırdığı digər məsələ tədbirdə iştirak edən gənclər təşkilatlarının beynəlxalq koalisiyasının, şəbəkəsinin yaradılması istiqamətində olub. Bu koalisiyalar isə BMT baş katibinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə işğalın yaratdığı hüquqi və siyasi nəticələrə qiymət verilməsi üçün çağırışlar etməlidirlər.

Günün ikinci yarısında Bakı toplantısı "Şuşa mədəni irsi" və "Şuşaya Azadlıq" beynəlxalq kampaniyasının dəstək koalisiyasının qurulması və gələcək fəaliyyətləri" panellərində işini davam etdirib.

Yekunda "Şuşaya Azadlıq" beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Bəyannaməsi qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti