...

Trend-in amerikalı redaktoru Romada NATO-nun konfransında erməni işğalı haqqında

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2015 18:02 (UTC +04:00)
Bu həftə Romada NATO-nun konfransı keçirilir. Trend İnformasiya Agentliyinin İngilis xəbərlər xidmətinin baş redaktoru Klod Salhani konfransda məruzə ilə çıxış edib.
Trend-in amerikalı redaktoru Romada NATO-nun konfransında erməni işğalı haqqında

Azərbaycan, Bakı, 19 may /Trend/

Bu həftə Romada NATO-nun konfransı keçirilir. Trend İnformasiya Agentliyinin İngilis xəbərlər xidmətinin baş redaktoru Klod Salhani konfransda məruzə ilə çıxış edib.

K.Salhani çıxışında bildirib: "Misir Liviyanı bombalayır. Səudiyyə Ərəbistanı Yəməni, ABŞ, Fransa, Böyük Britaniya, Kanada, Avstraliya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Danimarka, Bəhreyn, Qətər Suriya və İraqı bombalayırlar. İraqlılar və suriyalılar özlərini və terrorçuları bombalayırlar. Şam və Şimali Afrikanın bütün bu xaos və dəhşətindən sonra artıq ilyarımdır ki, Bakıya gəlmişəm".

Müəllif konfransdakı çıxışında qeyd edib: "Yaxın Şərqlə məşğul olan jurnalist qismində 40 ildən artıq təcrübəsi olan biri kimi dünyanın nə vaxtsa indiki vəziyyətdə olduğunu xatırlamıram".

Onun sözlərinə görə, Bakıya gəldiyi andan coğrafi baxımdan harada olduğunu müəyyənləşdirməyə çalışır: "Əvvəl güman edirdim ki, Azərbaycan Asiyanın coğrafi hissəsidir. Lakin tezliklə öyrəndim ki, tamamilə haqsızam. Azərbaycanlılardan ölkələrinin harada yerləşdiyini soruşanda onların hamısı tərəddüd etmədən mənə deyirlər ki, Azərbaycan Avropada yerləşir! Nəhayət, əgər Bakının Avropada yerləşməsi faktı olmasaydı, niyə Azərbaycan tarixdə ilk Avropa Oyunlarını keçirir? Deyəsən, bunun mənası var. Lakin özüm jurnalist olduğuma görə insanların sözlərinə inanmıram və bəzi faktları yoxlamaq qərarına gəldim. Mən cavabların arxasınca bütün suallara cavabın olduğu yerə yollandım. Bu, ABŞ Prezidenti Adiministrasiyasının bütün iş gününün qurulduğu informasiya mənbəyidir. Mən əlbəttə ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) danışıram. Əslində ora getmədim, sadəcə onların veb-saytını və MKİ-nin ümumdünya faktlar kitabını açdım. Adında "fakt və MKİ" sözlərinin olduğu mənbənin etibarlılığına necə şübhə etmək olar?"

K.Salhani qeyd edib: "Ölkəyə gələrkən - buranın Avropa və ya Yaxın Şərq olmasının fərqinə varmadan - düşündüm ki, Yaxın Şərqdən daha sakit yerdəyəm. Fikirləşdim ki, sonsuz münaqişələrdən uzaqlaşmışam. Düşündüm ki, Qafqaz əbədi burulğan vəziyyətində olan Yaxın Şərqdən daha sərfəli yerdir. Necə də sadəlövh olmuşam".

Ekspert əlavə edib ki, regiondan kənardakı bir çox insan kimi Dağlıq Qarabağ münaqişəsinə qarşı xüsusi marağı olmayıb - indi münaqişənin 20 ildən çox yaşı var: "Bu barədə səthi bilirdim, hərçənd digərlərinə nisbətən üstünlüyüm var idi, çünki vaxtilə Dağlıq Qarabağa görə Azərbaycan və Ermənistan arasında münaqişəni qısaca işıqlandırmışam, həmin vaxt Ermənistan yenicə Azərbaycan torpaqlarını işğal etmişdi. Lakin indiyə kimi yerlərdə vəziyyətin nə qədər ciddi və qeyri-sabit olması barədə zərrə qədər təsəvvürüm yox idi. Fikrimcə, burada çalxalanan vəziyyəti təsvir etməyin və beynəlxalq ictimaiyyəti təxirəsalınmaz tədbirlərin görülməsini anlamağa sövq etməyin ən yaxşı yolu, ilk növbədə, hamını region, xüsusilə də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verənlər barədə düşünməyə məcbur etməkdir".

Onun qənaətincə, münaqişə təmas xəttindən kənara, bütün regiona yayıla bilər ki, bu da böyük müharibəyə gətirib çıxaracaq: "Qərb indiki mərhələdə bunu istəmir və nəyin bahasına olursa-olsun, bundan qaçmalıdır. Bunun nəticələri barədə düşünün. Ermənistan Dağlıq Qarabağın davam edən işğalı nəticəsində iqtisadiyyatı dağılsa da, ayaqda durmağa davam edir və nəfəs aldığı havadan başqa demək olar ki, yenə də hər şeyə görə Rusiyadan asılıdır. Hətta bu da sual altındadır. Vəziyyət nəzarətdən o qədər çıxıb ki, Ermənistan Moskva ilə razılaşdırmadan hər hansı müstəqil siyasi addım ata bilmir. Ermənistan təhlükəsizlik və ümumiyyətlə, özünün mövcudluğu məsələsində Moskvadan tam asılı vəziyyətə düşüb. Bu münaqişə həll edilməsə, digər ölkələrin də cəlb olunacağı iri regional münaqişəyə çevriləcək. Əgər Azərbaycan iri hərbi əməliyyata qarışacaqsa, Türkiyənin cavabı necə olacaq? Nəzərə almaq lazımdır ki, iki ölkəni qarşılıqlı müdafiə haqqında müqavilə birləşdirir. Əgər Türkiyə iri hərbi ekspedisiyada iştirak etsə və Rusiya əməliyyata qarışsa, bu, Şimali Atlantika Müqaviləsi Təşkilatının qalan ölkələrinə necə təsir edəcək?"

K.Salhaninin sözlərinə görə, Azərbaycan Avropanın vacib neft-qaz tədarükçüsüdür və münaqişə, şübhəsiz ki, ölkənin enerji sahələrinə təsir edərək onu maddi baxımdan zəiflədəcək: "Azərbaycanın neft və qazını bu ölkə və Türkiyə vasitəsilə nəql edən boru kəmərləri şəbəkəsi münaqişədə asan hədəfə çevrilə bilər. Əgər bu münaqişə qışda baş versə, Avropanın bir hissəsi donacaq. Hazırda Azərbaycan güclü və sabit dövlətdir. Lakin Dağlıq Qarabağ məsələsi göz qarasına düşən ağ ləkə kimi qalır. Azərbaycan Qərbin dostudur, o, Qərbi dəstəkləyir, həmişə zəngin mədəniyyətini qorumaqla, iki mədəniyyətin sülh və harmoniya şəraitində mövcud ola biləcəyi ideal nümunəni göstərməklə Qərbin həyata yanaşmasını qəbul edib. Münaqişə isə ölkəni əks tərəfə aparacaq. Gəlin, bunun baş verməsinə mane olaq. Azərbaycan Avropa kimi olmaq istəyir. Bizə icazə verin, ona bu məqsədinə çatmaqda kömək edək və onu qaranlıq tərəfə göndərməyək. Uzun müddət Dağlıq Qarabağ münaqişəsinə məhəl qoyulmayıb. İndiyə kimi bəxtimiz gətirib, lakin geosiyasətdə müvəffəqiyyətli olmaq üçün uğurdan daha artıq şey - strategiyanın razılaşdırılması lazımdır. Azərbaycanı Yaxın Şərq ölkəsi kimi xarakterizə etmək utandırıcı olardı. Gəlin, əmin olaq ki, o özünün olmaq istədiyi və olmalı olduğu, NATO üçün regionda dosta malik olmağın sərf etdiyi yerdə - Avropada qalacaq. Ancaq vaxt ötür və vaxt bu baxımdan əbədi deyil".

O bildirib ki, ilk addım qismində ATƏT-in Minsk qrupu bu münaqişənin həllinə nail olmağa çalışmalıdır, bunun üçün onun tərkibini genişləndirmək lazımdır: "Minsk qrupunun indiki tərkibi ABŞ, Fransa və Rusiyadan təşkil olunub. Sonuncusu tamahkar maraqlarına görə status-kvonun qorunmasının tərəfdarıdır, digər ikisi isə erməni lobbisinin olduqca effektiv təsiri altındadır. Bir daha, icazə verin qeyd edim ki, vaxt böyük əhəmiyyətə malikdir. Bu münaqişə daha 20 il həll olunmamış qala bilməz. Hətta 20 ay belə qala bilməz və qalmamalıdır. Hazırda Yaxın Şərq xaos vəziyyətindədir və biz bu xaosun Avropa və Mərkəzi Asiya arasında körpü olan Qafqaza sıçramasının qarşısını almalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti