...

Mübariz Əhmədoğlu: Fransa ATƏT MQ həmsədrliyindən daha ləyaqətli variantda imtina edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 May 2015 10:52 (UTC +04:00)
Dağlıq Qarabağın qondarma rejiminin nümayəndəsi Bako Saakyanın Fransaya son səfəri zamanı hər şey aydın şəkildə özünü göstərdi.
Mübariz Əhmədoğlu: Fransa ATƏT MQ həmsədrliyindən daha ləyaqətli variantda imtina edə bilər

Azərbaycan, Bakı, 29 may /Trend/

Dağlıq Qarabağın qondarma rejiminin nümayəndəsi Bako Saakyanın Fransaya son səfəri zamanı hər şey aydın şəkildə özünü göstərdi. Fransa parlamentində deputatlarla yanaşı, B.Saakyan senatda və Fransanın müxtəlif şəhərlərində görüşlər keçirdi. Fransanın ayrı-ayrı şəhərləri ilə Dağlıq Qarabağın şəhərləri arasında əməkdaşlıq müqavilələri imzalandı. Əslində, bununla da Fransa Dağlıq Qarabağın beynəlxalq aləmin tərkib hissəsi olması istiqamətində hədsiz böyük xidmət göstərdi.

Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, indi Fransa təxminən 1 ilə yaxındır ki, incə saxtalaşdırma diplomatiyasına istinad edir: "İncə saxtalaşdırma diplomatiyasının mahiyyəti bundan ibarətdir ki, Fransa belə düşünür ki, Dağlıq Qarabağın şəhərləri ilə Fransanın şəhərləri əməkdaşlıq barədə müqavilə imzalayırsa rəsmi Bakının başını aldatmaq üçün Azərbaycanın digər şəhərləri ilə də Fransanın digər şəhərləri arasında əməkdaşlıq müqavilələri imzalatmaq lazımdır. Bununla da, Fransa Dağlıq Qarabağla Azərbaycanı təxminən bərabər kimi təqdim edir".

M.Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağ separatçı rejimin de-fakto rəhbəri B.Saakyanın Fransaya səfəri, Fransada keçirdiyi görüşlər təkcə Fransadakı ermənilərin gücünün nümayişi deyil: "Bu həm də Fransa rəhbərliyinin regional siyasətdə tutduğu mövqenin destruktivliyinin göstəricisidir. Fransa Avropa dövlətləri içərisində ermənilərlə münasibətlərini ən çox strukturlaşdırmış dövlətidir. Fransa yeganə dövlətdir ki, Dağlıq Qarabağla Dostluq Qrupu fəaliyyət göstərir. Fransa -Ermənistan münasibətləri bu bir istiqamətlidir: Fransa ermənilərinin Ermənistanda nüfuzu olsaydı, Ermənistanla Fransa arasında illik mal dövriyyəsi 79 milyon avro olmazdı. Bu iki ölkə arasında nəzərdə tutulan, amma reallaşdırıla bilməyən layihələrin sayı az olardı".

Mərkəz rəhbəri hesab edir ki, Fransada başa düşürlər ki, regionda Azərbaycan var və Azərbaycanla iqtisadi əlaqələr Fransa üçün çox vacibdir: "Fransa ilə Azərbaycan arasındakı mal dövriyyəsi təxminən 4 milyard dollar hüdudlarındadır. Erməni faktoruna görə Fransa deputatları, siyasətciləri və diplomatları öz ölkələrinin dövlətçiliyini hörmətdən saldılar. Bu kontekstdən Fransanın Azərbaycandakı səfirinin fikirlərini uşaq nağıllları ilı müqayisə etmək olar. Fransa Aİ-nin üzvüdür. Fransanın Villerban və ya Sarsel şəhərləri ABŞ-ın istənilən şəhəri ilə əməkdaşlıq üçün müqaviləni müvafiq dövlət strukturlarının razılığından sonra Fransa XİN-i razılığını verməlidir. Müqavilə imzalandıqdan onu qeydə almalıdır. Bu ən sadə prosedurdur. Villerban və ya Sarsel şəhərləri Fransa dövləti adından saxtakarlıq ediblərsə, onların rəhbərləri cəzalandırılmalıdır. Və ya belə alınır ki, Fransa XİN-i separatçı Bako Saakyanın Fransaya girişinə qadağa qoya bilməz".

Politoloq sonra vurğulayıb ki, Azərbaycanın Fransa ilə uğurlu dinamikalı ticari-iqtisadi əməkdaşlığının əvəzində balans yaratmaq üçün Fransa ermənilərə siyasi dəstəyi artırmamalıdır: "Ermənistanla da ticari-iqtisadi əməkdaşlıq inkişaf etdirilməlidir. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu nəzərə alsaq, onun indiki davranışı beynəlxalq hüquq normaları ilə bir araya sığmır. Fransa vasitəçilik missiyasında dəfələrlə belə mövqe nümayiş etdirib. Fransa prezidenti F.Ollandın 2014-cü ildə Cənubi Qafqaz regionuna səfəri ərəfəsində Fransanın Ermənistandakı səfirinin davranışı hər şeyi deyir. Ermənilərin Fransa ilə münasibətlərində ən vacib məsələ Dağlıq Qarabağın tanınmasında dönüş yaratmaqdır".

Fransanın incə saxtalaşdırma diplomatiyasının yaxın vaxtlarda bir daha özünü Fransa prezidenti F.Ollandın "erməni soyqırımı"nın 100 illiyi tədbirində iştirakı ilə bağlı da göstərdiyini söyləyən M.Əhmədoğlu deyib ki, Prezident F.Ollandın səfər formatının pozulmasında Fransa Xarici İşlər Nazirliyi vacib rol oynayıb: "Yelisey Sarayı ilə Fransa Xarici İşlər Nazirliyi arasında fikir müxtəlifliyi bir daha aydın şəkildə ortalıqda olan məsələlərdən biridir. Fransa Xarici İşlər Nazirliyinin incə diplomatik saxtalaşdırması hətta Fransa prezidentinin bu istiqamətdəki səylərinə də çatır. Ermənistan və Azərbaycan prezidentlərinin Paris görüşündən sonra yayılmış bəyanatda Böyük Sülh Sazişinə hazırlıq məsələsi və Beynəlxalq Qırmızı Xaç Komitəsi xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələləri də təsbit olunmuşdu. Ermənistan ümumiyyətlə, Böyük Sülh Sazişinin hazırlanması ideyasının əleyhinədir. Amma o dövrdə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsinin tərəfdarı idi. Ona görə fransalı həmsədr Paris görüşü haqqında bəyanat verərək yalnız itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsini qabartdı. Fransanın Ermənistandakı və Azərbaycandakı səfirləri də təxminən bu mövqedə dayandı. Amma Fransa prezidentinin təşəbbüsü ilə keçirilən sonra yayılan bəyanatda isə əsas vurğu Böyük Sülh Sazişinin hazırlanmasının üzərində idi".

Mərkəz rəhbəri bildirib ki, fransalı deputatlar və siyasətçilər aprelin sonlarında Dağlıq Qarabağda, hətta qoşunların təmas xəttində oldular: "Dağlıq Qarabağa, erməni separatçılarına hərbi psixoloji dəstək verdilər. Fransanın bu davranışları ədalətli vasitəçilik missiyasından çox uzaqdır, Beynəlxalq hüquqa ziddir. Amma təsadüfi deyil. Ola bilər, Fransa bununla ATƏT MQ həmsədrliyindən istefa məsələsini gündəliyə gətirir. Amma bunu daha səviyyəli formada edə bilərdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti