...

Hikmət Hacıyev: Ermənistan işğal etdiyi ərazilərdə vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır (MÜSAHİBƏ)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2015 17:27 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsi
Hikmət Hacıyev: Ermənistan işğal etdiyi ərazilərdə vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır (MÜSAHİBƏ)

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsi

- Bundan əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan YUNESKO-da çıxış edərək, indi isə xarici işlər nazirinin müavini Şavarş Koçaryan mətbuata açıqlama verərək, guya Azərbaycanda "tarixi" erməni abidələrinin dağıdıldığını iddia ediblər. Bu barədə və Azərbaycanın işğal edilmiş ərazilərində mədəniyyət irsinə qarşı törədilmiş əməllər barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının ərazisində dövlət səviyyəsində bütün mədəniyyət və dini abidələrə xüsusi qayğı vardır. Azərbaycanın milli və beynəlxalq səviyyədə tarixi-mədəni irsin qorunmasına verdiyi töhfələr YUNESKO başda olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilir.

Prezident İlham Əliyev 18 noyabr 2015-ci il tarixində YUNESKO-nun Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda məzmunlu və əhatəli çıxışında digər strateji məsələlərlə bərabər, ölkəmizin mədəniyyət diplomatiyası, multikulturalizm siyasəti və Ermənistanın işğal olunmuş ərazilərdə və Ermənistan ərazisindəki tarixi torpaqlarımızda Azərbaycan xalqının maddi-mədəni və dini irsinə qarşı törətdiyi vandalizm əməllərini əsaslı faktlarla bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmilərinin ənənəvi qaydada yalan və riyakarlığa əsaslanan bəyanatlarına gəldikdə isə ilk növbədə onu qeyd etmək istərdim ki, Cənubi Qafqazın köklü etnik toplumu olmayan ermənilərin bu regionda uzaq tarixi keçmişə aid maddi-mədəniyyət abidələrindən danışması yalnız gülünc doğurur və tarixi saxtakarlığın növbəti nümunəsidir. XIX əsrin birinci yarısından etibarən məqsədyönlü şəkildə Qafqaza köçürülmüş ermənilərin bu regiondakı dini və maddi-mədəniyyət nümunələri də öz əsasını yalnız bu dövrdən götürür. Azərbaycan ərazisində olan bu kimi abidələr, o cümlədən, Bakıda XIX əsrin sonlarına aid erməni kilsəsi dövlət səviyyəsində qorunur, hətta təmir edilib.

Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndinin müvəqqəti işğalı nəticəsində 738 tarixi abidə, 83 500 ədəddən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan və vandalizm obyektinə çevrilib. Məsələn, Ermənistanın yürütdüyü mədəni vandalizm siyasətinin nəticəsidir ki, Laçın muzeyindən talan edilmiş gümüş əl çantası Londondakı "Sotheby's" auksionunda 80.000 ABŞ dollarına satılıb.

Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Azərbaycanın orta əsr şəhərlərindən biri İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə "yenidən təmir edilib". Dağıdılmış memarlıq abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi və "Sərdar sarayı" və ya "Xan sarayı" saraylar kompleksi də var. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib.

Həmçinin Ermənistanda olan qədim və yeni dövr Azərbaycana məxsus qəbiristanlıqlar məhv edilib. İşğal edilmiş ərazilərdə olduğu kimi, Ermənistanda olan Azərbaycanın tarixi yerlərində toponimlər orijinal xarakterinin dəyişdirilməsi məqsədilə erməni adları ilə əvəz edilib.

Qeyd edilənlər yalnız sıradan olan bir neçə nümunələrdir. Ona görə də E.Nalbandyan və Ş.Koçaryanın bu vandalizm faktlarına cavab verməsinə ehtiyac vardır.

- Azərbaycan bu maddi-mədəniyyət abidələrinin dağıdılması ilə əlaqədar beynəlxalq təşkilatlara, xüsusilə YUNESKO-ya müraciət edibmi?

- Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması" adlı hesabatlar YUNESKO başda olmaqla, BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İSESKO və digər beynəlxalq təşkilatlara təqdim olunur.

Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barədə mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamə 27-28 may 2015-ci il tarixində Küveytdə keçirilmiş Xarici İşlər Nazirləri Şurasında qəbul edilib.

Azərbaycanın müraciəti əsasında YUNESKO Azərbaycanın işğal olunmuş ərazilərdə maddi-mədəni irsin dağıdılması hallarını araşdırmaq və monitorinqini aparmaq üçün missiya göndərməyə hazırlığını ifadə edib. Amma Ermənistan bu missiyanın həyata keçirilməsinə imkan vermir. Çünki missiya həyata keçirildiyi təqdirdə, işğal olunmuş ərazilərdə xalqımıza aid maddi-mədəniyyət abidələrinə qarşı vandalizm halları sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

Odur ki, rəsmi Yerevan siyasi möhtəkirliklə məşğul olmaq əvəzinə, YUNESKO missiyasına nəyə görə imkan vermədiklərinə aydınlıq gətirməlidir.

Təbii ki, kosmik peyk imkanlarından və digər vasitələrdən istifadə edərək Azərbaycanın müvəqqəti işğal edilmiş ərazilərindəki vəziyyətin bütün aspektləri, o cümlədən maddi-mədəniyyət abidələrinin durumu əvvəlki halları ilə müqayisəli şəkildə monitorinq edilir.

- Maddi-mədəniyyət və dini abidələrin dağıdılması ilə əlaqədar Ermənistan beynəlxalq hüquqi məsuliyyət daşıyırmı?

- Əlbəttə. Ermənistanın bu mədəni vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti vardır. 1954-cü il Haaqa və ya "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Əvvəlki müqavilələrdən fərqli olaraq, bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var. Konvensiyaya üzv dövlətlər "mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq" barəsində razılığa gəlib.

1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.

Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Bundan əlavə, mədəni mülkiyyətin qorunmasının əsasını təşkil edən humanitar və insan hüquqları ölçülərinin beynəlxalq cinayət hüququnun digər müddəaları, xüsusilə də insanlıq əleyhinə cinayətlər kateqoriyası vasitəsilə daha yaxşı irəlilədilə biləcəyini nəzərə alaraq, mədəni irsin insan ölçüsünün əhəmiyyəti azaldılmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti