...

AŞ PA-da Ermənistan nümayəndəsinə sərt cavab: Xocalı soyqırımını törədən ölkənin danışmaq haqqı yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Aprel 2016 11:44 (UTC +04:00)
AŞ PA-da “Belçikada baş verən terror hadisələri”nin müzakirəsi zamanı Ermənistan nümayəndə heyətinin üzvü N.Karapetyan bütün çıxışını ön cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycan əleyhinə yalan, böhtan dolu ittihamlara həsr edib, Assambleyaya yanlış məlumatlar verib.
AŞ PA-da Ermənistan nümayəndəsinə sərt cavab: Xocalı soyqırımını törədən ölkənin danışmaq haqqı yoxdur

Bakı. Trend:

AŞ PA-da "Belçikada baş verən terror hadisələri"nin müzakirəsi zamanı Ermənistan nümayəndə heyətinin üzvü N.Karapetyan bütün çıxışını ön cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycan əleyhinə yalan, böhtan dolu ittihamlara həsr edib, Assambleyaya yanlış məlumatlar verib.

Trend-in məlumatına görə, Azərbaycan nümayəndə heyəti adından çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistan nümayəndə heyətinin terrorla mübarizə kimi həssas bir məsələdə də mövzudan yayınaraq bütün çıxışı Azərbaycan əleyhinə qərəzli məlumatlara həsr etməsini qınayıb, buna kəskin etirazını bildirib və Assambleya üzvlərinə həqiqətləri çatdırıb, Ermənistan nümayəndəsinə sərt cavablar verib: "N.Karapetyan, mülki şəxsləri öldürmək mənim ölkəm Azərbaycana deyil, sizin ölkəniz Ermənistana məxsus addımdır. Mənim ölkəm heç bir dövlətin torpağını işğal etməyib. Amma sizin ölkəniz Azərbaycan torpaqlarının 20 faizini işğal edərək 1 milyondan çox azərbaycanlını qaçqın və köçkün salıb, 20 ildən artıqdır onların öz evlərinə dönməsinə imkan vermir. Sizin ölkəniz Ermənistan 20 mindən çox azərbaycanlını qətlə yetirib. Onların arasında mənin qohumlarımdan, dostlarımdan insanlar da vardı. Sizin işğalçı ölkəniz Azərbaycanın Xocalı şəhərində soyqırım həyata keçirərək bir gecədə əhalinin böyük bir hissəsini qətlə yetirdi. Hamısı mülki insanlar idi. Yer üzündən Xocalı adlı bir şəhəri sildiniz. İŞİD kimi cinayətlər törədən sizin ölkəniz Ermənistandır. Ölkəniz azərbaycanlılara qarşı terrorlar həyata keçirəndə niyə etiraz etmirdiniz, səsinizi çıxartmırdınız, amma indi burada terrorizmə qarşı mübarizədən danışırsınız.

Dəyərli Assambleya üzvləri, N.Karapetyanın Ermənistanın cinayətlərinə, ölkəsinin hərbi qüvvələrinin törətdiyi cinayətlərə etiraz etməkdənsə, burada Azərbaycan əleyhinə yalanlarla çıxış etməsini qınayıram. Assambleyamız Ermənistanın cinayətlərinə səssiz qalmamalıdır. Sizə Ermənistan dövləti tərəfindən dəstəklənən çoxlu sayda terror aktlarından əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq səslənirəm".

Q.Paşayeva qeyd edib ki, Avropa, AŞ PA terrorla mübarizədə ikili standartlara yol verməməlidir: "Avropa, Avropa Şurası və AŞ PA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməli, bundan əl çəkilməlidir. Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq, etnik və dini ayrı-seçkilik etmədən Avropa, Avropa Şurası və AŞ PA terrora qarşı sərt mübarizə aparmalıdır, amma təəssüf edirik ki, Azərbaycan xalqına qarşı terror hadisələri törədilən zaman Avropa və təşkilat kifayət qədər sərt münasibət ortaya qoymadı. Terrordan çox əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq, mən terrorla mübarizə istiqamətində birgə fəaliyyətimizi gücləndirmək istiqamətində Assambleyamızdakı müzakirələri dəstəkləyirəm".

Millət vəkili Assambleyaya birbaşa Ermənistan dövlətinin dəstəyi ilə azərbaycanlılara qarşı törədilən terror hadisələrindən danışıb və həmin zaman Avropanın Azərbaycana terrora qarşı mübarizədə lazımi dəstək verməməsindən də şikayətlənib: "Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə başlayandan bu ölkənin dəstəklədiyi terror təşkilatları çoxlu sayda qanlı terror hadisələri törədərək Azərbaycanda metroları, dəmir yolu qatarlarını, avtobusları partladıblar. Yüzlərlə insan, uşaqlar terrorun qurbanı oldu. Çoxlu sayda analar, körpələr gözüyaşlı qaldı. Amma o zaman təəssüf ki, bizim bütün çağırışlarımıza baxmayaraq, avropalı dostlarımızdan bu qanlı terrora qarşı mübarizədə bizə lazım olan güclü dəstəyi ala bilməmişdik. Hansı üzv dövlətin ərazisində baş verməsindən asılı olmayaraq, terrora qarşı eyni mövqe sərgilənməlidir. Amma təəssüf ki, biz bunu görmürük. İki gün öncə Türkiyənin Baş naziri Əhməd Davudoğlunun buradakı çıxışını tamamilə dəstəkləyirəm. Terror təşkilatları arasında fərq qoyulmamalıdır. İkili standartlara yol vermədən bütün üzv ölkələr birlikdə sərt mübarizə aparmalıdır. Avropanın gələcəyi üçün bu cür yanaşma ortaya qoyulmalıdır. Başqa cür terrorla effektiv mübarizə mümkün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti