...

Bahar Muradova: Ermənistan Dağlıq Qarabağı tanısa, danışıqlar prosesindən çıxmış sayılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2016 17:45 (UTC +04:00)
Azərbaycanın müvafiq dövlət qurumlarının da mövqeyi ondan ibarətdir ki, Ermənistan tərəfi hüquqi cəhətdən addım ataraq Dağlıq Qarabağın tanınması prosesini konkret qəbul etsə, onda Ermənistan birmənalı şəkildə danışıqlar prosesindən çıxmış sayılır.
Bahar Muradova: Ermənistan Dağlıq Qarabağı tanısa, danışıqlar prosesindən çıxmış sayılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın müvafiq dövlət qurumlarının da mövqeyi ondan ibarətdir ki, Ermənistan tərəfi hüquqi cəhətdən addım ataraq Dağlıq Qarabağın tanınması prosesini konkret qəbul etsə, onda Ermənistan birmənalı şəkildə danışıqlar prosesindən çıxmış sayılır. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradovanın sözlərinə görə, bu halda Azərbaycan məsələnin sülh yolu ilə həll edilməsinin öhdəliklərini bir yana qoyaraq, vətəndaşlarının təhlükəsizliyi, ərazisinin bütövlüyünün təmini üçün öhdəlikləri yerinə yetirməyə məcbur olacaq.

Ermənistanın bu cür mövqe tutmaqla Azərbaycan üçün başqa yol qoymadığını deyən vitse-spiker əlavə edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması barədə qanun layihəsinin müzakirəsinin arxasında Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal etdiyi torpaqları əlində saxlamaq və qondarma "Dağlıq Qarabağ respublikası" deyilən separatçı rejimin tanıdılması istiqamətindəki səyləri dayanır.

B.Muradova deyib ki, Azərbaycan torpaqları işğal olunandan Ermənistanın məqsədi həmin torpaqları öz ərazisinə qatmaq və ya bu ərazi hesabına ikinci erməni dövləti yaratmaqdır: "Bu illər ərzində Ermənistan danışıqların müsbət nəticələnməsi üçün hansısa konstruktiv addım atmayıb. Bunda da məqsəd odur ki, vaxt uzansın və status-kvo möhkəmlənsin".

Ermənistanın bu addımının beynəlxalq ictimaiyyət tərəfindən dəstək qazana bilib-bilməyəcəyinə gəldikdə, vitse-spiker qeyd edib ki, Ermənistanın bu addımı ilə bağlı beynəlxalq ictimaiyyətin hansı addımlar atacağını söyləmək çətindir: "Çünki qeyri-müəyyən, ümumi olaraq, beynəlxalq ictimaiyyət adlandırdığımız dairələr beynəlxalq hüquqa zidd, çoxtərəfli və ikitərəfli münasibətlərə uyğun gəlməyən mövqelər ortaya qoyurlar. Amma iş burasındadır ki, bu günə qədər Ermənistan Dağlıq Qarabağın tanıdılması istiqamətində addım atmadığı üçün bu, bəlkə də bir çoxlarını həmin məsələdən çəkindirirdi. Bilmək olmaz ki, Ermənistan bu addımı atsa, onun ardınca kimlər ona dəstək verə bilər? Hər halda dünya erməniçiliyinə xidmət edən, erməni maraqlarından çıxış edərək özünün maraqlarını güdən bəzi dairələr ola bilər ki, bu addımları atsınlar. Ola bilər ki, bu günədək təcavüzkar siyasətə göz yumanlar bu addımı atsınlar. Bunlar hamısı beynəlxalq hüquqa zidd mövqe olacaq. Məsələnin digər tərəfi də odur ki, hansısa ölkənin parlament üzvləri, siyasətçiləri ayrı-ayrılıqda müəyyən fikirlər səsləndirsə də, bu, həmin ölkələrin ümumi mövqeyinə çevrilə bilmir. Ona görə də birmənalı söyləmək mümkün deyil ki, kimlərsə bunu tanımayacaq və ya tanıyacaq".

B.Muradova bildirib ki, bu cəhdlərin qarşısının alınması işinə dünya ictimaiyyətinin qoşulması üçün Azərbaycan da öz fəaliyyətini genişləndirməlidir.

Vitse-spikerin sözlərinə görə, vaxtilə mövqeyini qəbul etmədiyimiz bəzi dairələrin artıq son vaxtlar obyektiv mövqe tutması onu göstərir ki, bu məsələyə bələd olduqca mövqelər dəyişir: "Əlbəttə, buna görə biz də sakit oturmalı deyilik və öz ərazi bütövlüyümüzün təmini üçün onlardan daha artıq iş görməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti