...

Türkiyənin Afşin bölgəsində Qarabağ parkı açılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 May 2016 16:44 (UTC +04:00)
Türkiyənin Afşin bölgəsində yüzlərlə insanın iştirakı ilə Qarabağ parkının açılışı mərasimi keçirilib.
Türkiyənin Afşin bölgəsində Qarabağ parkı açılıb (FOTO)

Bakı. Trend:

Türkiyənin Afşin bölgəsində yüzlərlə insanın iştirakı ilə Qarabağ parkının açılışı mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə çıxış edən Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven bildirib ki, bir neçə ay əvvəl onların dəvəti ilə bölgədə Qarabağ problemi ilə bağlı konfrans təşkil edən millət vəkili Qənirə Paşayeva Afşində Qarabağ parkı təklifi ilə çıxış edib.

Bələdiyyə başqanı parkın açılışını həyata keçirdiklərindən çox məmnun olduğunu bildirib.

Azərbaycana böyük sevgi bəslədiyini deyən M.Fatih Güven deyib ki, Qarabağ ağrısı bütün türklərin ağrısıdır.

Qarabağ parkında Azərbycanın işğal altında olan ayrı-ayrı bölgələrini özündə əks etdirən abidə və lövhələrin və Azərbaycan bayrağı abidəsinin əks olunması və eyni zamanda, parkda iki qardaş ölkənin bayraqlarının bərabər dalğalanacağını deyən bələdiyyə başqanı qısa zamanda işğal altında olan Azərbaycan torpaqlarının azad olunmasını istədiklərini qeyd edib.

Parkın açılışında çıxış edən millət vəkili Q.Paşayeva Afşin bələdiyyə başqanına və bu işdə əməyi keçən hər kəsə təşəkkür edib.

Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülki vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər, həlak olan və yaralı mülki vətəndaşlar barədə məlumat verən Q.Paşayeva ermənilərin təxribatlarına cavab verən zaman şəhid olan əsgər və hərbçilərimizin xatirəsini ehtiramla anıb.

Mİllət vəkili Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində ATƏT-in Minsk qrupu həmsədrlərini, beynəlxalq təşkilatları ittiham edib: "Azərbaycan Ordusunun da, xalqının da səbri daşıb. Ermənistan və arxasında dayananlar anlamalıdırlar ki, işğala son qoymasalar, Ordumuz tərəfindən daha ağır cavab alacaqlar. Harada doğulmasından və yaşamasından asılı olmayaraq, hər bir türk bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır".

Q.Paşayeva qardaş Türkiyədə terror aksiyaları və terrorla mübarizədə şəhid olmuş insanların yaxınlarına səbr diləyərək terroru və arxasında duranları lənətlədiyini bildirib.

Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili deyib ki, o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət əməllərini davam etdirirlər: "Birlikdə bütün terrorçulara, işğalçılara layiq olduqları cavabı verəcəyik, onlara məqsədlərinə çatmağa heç imkan verməyəcəyik. Terrorla mübarizədə Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır".

Q.Paşayeva deyib: "İnanıram ki, biz Azərbaycan və Türkiyə olaraq torpaqlarımızı Ermənistanın işğalından azad edəcəyik və o gözəl torpaqlarımızda Afşin adına parkın açılışında da birlikdə iştirak edəcəyik".

Sonra Qarabağ parkının açılışı olub və Qarabağ abidəsinin lenti kəsilib. Parkda Azərbaycanın işğal altında olan bölgələri ilə bağlı qoyulmuş abidələr önündə millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına və KİV nümayəndələrinə onlarla bağlı geniş məlumatlar verib.

Qarabağ parkının açılışı mərasimi bölgədə yerli KİV-də canlı yayımlanıb.

Sonda Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları "Karabağ hikayeleri" kitabını və Mətanət A şirkəti tərəfinin dəstəyi ilə Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti