...

Bahar Muradova: Vyana görüşü növbəti danışıqlar prosesinin başlanğıcı kimi dəyərləndirilə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2016 17:44 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Vyanada keçirdiyi görüş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan növbəti danışıqlar prosesinin başlanğıcı kimi dəyərləndirilə bilər.
Bahar Muradova: Vyana görüşü növbəti danışıqlar prosesinin başlanğıcı kimi dəyərləndirilə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Vyanada keçirdiyi görüş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan növbəti danışıqlar prosesinin başlanğıcı kimi dəyərləndirilə bilər.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Vyana görüşü gözlənilən idi: "Çünki aprel döyüşlərindən sonra yaranmış fəallıq bu görüşün daha tez keçirilməsini və daha tez nəticəyə hesablanmış fəaliyyətə start verilməsini vacib edirdi".

B.Muradova qeyd edib ki, buna görə də Vyana görüşü münaqişənin sülh yolu ilə həllinə ciddi töhfə vermək üçün başlanğıc kimi hesab edilə bilər: "Bu baxımdan Vyana görüşü əhəmiyyətlidir. Bu görüşdə müzakirə edilən məsələlər və əldə olunan razılaşmalara gəldikdə, Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqeyi məlum olduğundan hesab edirəm ki, o, burada həm mövcud vəziyyəti, həm də perspektivi nəzərə alaraq, doğru olan addımı atıb".

Vyana danışıqlarında aprel insidentinin araşdırılması məqsədilə ATƏT-in yeni faktaraşdırıcı missiya yaratması barədə qərarın verilməsinə və bundan gözlənilən nəticələrə gəldikdə, vitse-spiker əlavə edib ki, Prezidentlərin razılaşdırdığı məsələlərin həyata keçirlməsinə münasibətin özü də tərəflərin məsələyə nə dərəcədə konstruktiv yanaşmasının göstəricisi olacaq: "Biz hələ bunun üstündə dayanmaq istəmirik ki, heç görüş başa çatmamış, görüşdən dərhal sonra Nalbandyanın açıqlamaları görüşün ruhuna və qarşıdakı perspektivə uyğun gəlmirdi. Üstəlik, fəal danışıqlar gedən zaman atəşkəsin ciddi şəkildə pozulması, hətta Azərbaycan tərəfindən bir əsgərin şəhid olması onu göstərir ki, Ermənistan bu məsələdə maksimum vaxtı uzatmağa və status-kvonu qoruyub saxlamağa xidmət edən fəaliyyətə daha çox üstünlük verir. Əgər qarşıda Prezidentlərin iyun görüşü gözlənilirsə, tərəflər bu görüşün vaxtını və yerini müəyyənləşdirəcəklərsə, onun üçün imkan verən mühit formalaşmalıdır. Mühit də əlbəttə, atəşkəsə hər iki tərəfin əməl etməsi ilə bağlı ola bilər".

B.Muradova bildirib ki, atəşkəs bütün zamanlarda, hətta görüşün gedişi zamanında da Ermənistan tərəfindən pozulub: "Ona görə də arzu edərdik ki, Minsk Qrupunun həmsədrləri Prezidentlərin görüşünü təşkil ediblərsə, orada müəyyən razılaşmaları özündə əks etdirən bir nəticənin əldə olunduğunu deyirlərsə, pozitiv gələcəklə bağlı fikirlər səsləndirirlərsə, bunu əldə etməkdən ötrü lazım olan mühiti yaratmaq üçün Ermənistan tərəfinə də lazım olan təzyiqi göstərsinlər. Bu mühit olmayacağı təqdirdə hansısa müsbət nəticədən danışmaq əlbəttə ki, çətin ola bilər. Ona görə də indidən söyləyə bilmərəm ki, bu proses necə gedəcək, Ermənistan verdiyi vədə əməl edəcəkmi?"

B.Muradova əlavə edib ki, Minsk Qrupunun həmsədrləri bu məsələni həqiqətən də həll etmək istəyirlərsə, yalnız atəşkəsin əldə olunmasına deyil, münaqişənin həll olunmasına töhfə verə biləcək fəaliyyət göstərməli və tərəfləri də buna sövq etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti