...

Lavrovun Bakı səfəri nə vəd edir?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2016 17:53 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verilən bəyanatlar müsbət və ümidverici bir haldır. Bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.
Lavrovun Bakı səfəri nə vəd edir?

Bakı. Elçin Mehdiyev - Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verilən bəyanatlar müsbət və ümidverici bir haldır. Bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, məhz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımlar Azərbaycan üçün çox müsbət bir hal kimi qiymətləndirilməlidir: “Dağlıq Qarabağ münaqişəsini hansı ölkə həll etsə, regionda daha çox nüfuz sahibi də o olacaq. Azərbaycan da maksimum bundan yararlanmalıdır. Düşünürəm ki, bu məsələnin həllində məhz Rusiya əsas rol oynadığına görə, Qərb özü də Rusiyanı bu istiqamətdə daha ciddi addımlar atmağa təkid edir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya müvafiq addımlar atmalıdır”.

Politoloq bildirib ki, son 23 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı deklarativ çıxışlardan başqa heç bir addım atılmayıb: “İndi Lavrovun Bakıya gəlişi müəyyən irəliləyişlərin olduğuna ümid verir. Digər tərəfdən, həm də anons verilib ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək. Hesab edirəm ki, Putinin səfəri zamanı da prioritet məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli ola bilər”.

A.Nağıyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid Prinsipi və Kazan protokolları var: “Məlumdur ki, Madrid prinsipi Azərbaycanın suverenliyi saxlanılmaqla əvvəlcə 5 rayonun erməni işğalından azad edilməsini, ondan sonra Dağlıq Qarabağın statusuna baxılmasını nəzərdə tutur. Bəzi KİV-lərin yaydığı məlumatlarda qeyd olunur ki, ermənilər guya əvvəlcə 2 rayonun azad edilməli, daha sonra digər məsələlərə baxılmalı olduğunu deyirlər. Bunlar tamamilə əsassızdır. Söhbət ondan gedir ki, bu gün şərt qoyan, diktə edən tərəf Azərbaycandır. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bu, Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədləridir”.

Politoloq bildirib ki, Lavrovun verdiyi bəyanatlardan hiss olunur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən irəliləyişlər var: “Düşünürəm ki, müəyyən irəliləyişlər məhz bu 5 rayonun boşaldılması və Ermənistanın qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı ola bilər. Qeyd edilənlər müsbət haldır və bu istiqamətdə danışıqlar davam edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti