...

XX əsrin sonunda Ermənistanın Azərbaycanda törətdiyi ən dəhşətli soyqırımlardan biri - Ağdaban faciəsi (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2016 09:20 (UTC +04:00)
Azərbaycan tarixinin yaxın keçmişində - son Qarabağ savaşında yaşanmış bir çox hadisələr var ki, onların üzərində bu gün də qalın qara pərdə qalmaqdadır.
XX əsrin sonunda Ermənistanın Azərbaycanda törətdiyi ən dəhşətli soyqırımlardan biri - Ağdaban faciəsi  (FOTO)

Azərbaycan xəbərlər xidməti

Mətanət Əliyeva - Trend:

Azərbaycan tarixinin yaxın keçmişində - son Qarabağ savaşında yaşanmış bir çox hadisələr var ki, onların üzərində bu gün də qalın qara pərdə qalmaqdadır. Trend "Canlı tarix" rubrikası altında bu hadisələrlə bağlı oxucularına silsilə yazılar təqdim edir.

Bu silsilədən növbəti yazı Kəlbəcər rayonunun Ağdaban kəndində erməni separatçıları tərəfindən törədilən soyqırım, qırğınla bağlıdır.

O Azərbaycan kəndi ki, son Qarabağ savaşında iki dəfə erməni silahlıları tərəfindən soyqırıma məruz qalıb. Faciə zamanı ağlagəlməz, insanlığa sığmayan vəhşiliklər edilən Ağdaban kəndində kütləvi qırğın törədilib. İstər hərb qanunlarına, istərsə də bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqlarına sığmayacaq səviyyədə soyqırıma "imza atan" erməni qəsbkarları qırğın zamanı Kəlbəcər rayonunun bu dilbər guşəsində eyni zamanda, bütün tarixi abidələri, qaynaqları da məhv ediblər. Bu, başqa bir mövzunun müzakirəsi olduğundan üzərində çox dayanmıram.

Ağdaban soyqırımı - 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Vətənimizin gözəl güşəsi - Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla xalqımıza qarşı törətdiyi dəhşətli qırğındır.

Ağdaban faciəsi bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə işgəncələr verilməsi, yurdundan didərgin salınması ilə nəticələnib.

Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində tamamilə yandırılıb. Kəndin 779 dinc sakininə işgəncələr verilib. Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırım nəticəsində 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə isə ağır bədən xəsarətləri yetirilib.

1992-ci il aprel ayının 8- də səhərə yaxın erməni quldurları Ağdaban yaxınlığındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da kəndi atəşə tutmağa başlayıblar. Qəfil yuxudan qalxan kənd camaatı baş verənlərdən çaş-baş qalıb.

Erməni silahlıları Ağdabana hücumda planlı hərəkət ediblər. Kəndə hücum zamanı evləri qarət edəcək, mal-qaranı aparacaq, silahsız kənd əhlini əsir götürəcək, müqavimət göstərənləri kimlərin qətlə yetirəcəyinə qədər bütün detallar qəsbkarlar tərəfindən Ağdabana hücumdan öncədən planlaşdırılmışdı. Bu işləri görəcək xüsusi seçilmiş adamlar isə Ağdaban kəndinə hücum zamanı kəndə girən erməni silahlılarının arasında olublar.

1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşirin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni separatçıları hücum ediblər. Erməni quldurları kəndin evlərinin əksəriyyətini qarət edib, yandırıblar. Aşıq Şəmşirin evi və zəngin arxivinə od vurulub, külə döndərilib.

Ağdaban faciəsi torpaqlarımızın ermənilər tərəfindən işğalında ən dəhşətli qırğınlarla yadda qalan, tarixə yazılmış qanlı səhifələrdəndir.

Kəndin əhalisi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən hazırlanmış pusqularda qətlə yetiriliblər. Kənd tamamilə yerlə-yeksan edilib, yandırılıb, viranə qoyulub.

Daşaltı əməliyyatının uğursuzluğunun qaranlıq məqamları - Eksklüziv

Daşaltı əməliyyatının uğursuzluğunun qaranlıq məqamları - Eksklüziv

Faciə şahidlərini dinlədikcə Ağdabanda yaşananları insanın etiraf etməsinə, dilə gətirməsinə, qələmə almasına belə gücünün yetmədiyini də düşünürsən. Bu, gerçəkdir. Ağdabanda yaşanan faciə bir millətin məhv edilməsinə qarşı məqsədyönlü şəkildə törədilmiş böyük bir soyqırımın tərkib hissəsidir. Çünki erməni qəsbkarları tərəfindən bir gecədə bir kəndin yer üzündən silinməsinə yönəlmiş törədilənləri başqa sözlərlə, ifadələrlə anlatmaq məncə həm ədalətsizlik, həm də xəsislik olardı. Tək bu kənddə törədilənlərlə bağlı Ermənistana qarşı xeyli sayda cinayət işinin yönəldilməsi və bu istiqamətdə işğalçı dövlətin beynəlxalq tribunalarda ittiham edilməsi onların iç üzünün, saxta, yalançı diplomatiyasının faş olunmasının və uzun illərdən bəri yaratdıqları "məzlum" maskalarının yırtılmasının əsl səhnəsi olardı.

- Biz qırğından əvvəl kənddən çıxmışdıq. Silah və ərzaq gətirmək üçün rayon mərkəzinə getmişdik. Kəndə geri qayıdanda gördüyüm dəhşətlər hələ də gözlərimin önündən getmir, unuda bilmirəm. Desəm ki, hər tərəf dəhşət saçırdı...Bu, inanın ki, bəlkə də ən yumşaq sözlər olardı. İnsanlara sağ qalmaq üçün aman verməmişdilər. Heç kəsə mərhəmət etməmişdilər. Qocasına, ağsaqqalına, ağbirçəyinə, uşağına, qadınına...Heç kimsəyə...Kəndi yandırıb viranəyə, xarabazara çevirmişdilər. Həmin mənzərəyə baxanda insanın ağlına gələn ancaq bu olur - Ağdabana ancaq intiqam almaq üçün girmişdilər. Kənddəki faciədən qalan bunlar idi - qırğın, ölüm, qətl, talan, qarət, əsir götürmə...

...Uzun zamandır içimdə gəzdirdiyim o anları unudammıram. Gücüm çatmır...O gündən sanki ürəyimdə KÖZ gəzdirirəm. Bu günədək sönməyən KÖZ. Bu, sönməsini daima hər şeydən çox istədiyim KÖZdü...

1993-cü il mart ayının 27-də isə erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı Ağdaban kəndindən başlayıblar. Erməni silahlıları Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranə qoyublar. Beləliklə də, erməni separatçıları son Qarabağ savaşında Ağdaban kəndində ikinci faciəni törədiblər.

Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövriyəsi haqqında" Paris Konvensiyasının müddəalarını pozaraq işğal etdilkəri bütün torpaqlarımızda mədəni sərvətlərimizi talayıblar. Ağdaban kəndində də son Qarabağ savaşı zamanı ərazinin işğalı, əhalinin soyqırımı ilə yanaşı, bütün maddi, mədəni, milli sərvətlərimiz talan edilib, dağıdılıb.

Qədim Kələbəcər torpağının, xalqımızın böyük ustadı Aşıq Şəmşirin və Ağdabanda şəhid olmuş övladlarımızın ruhuna, eyni zamanda, qazi olmuş, soyqırımda əsir düşmüş soydaşlarımızın anısına ithafla...

Tarix yaşanan, baş verən və yazılandır...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti