...

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbulolunmazdır (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2016 16:01 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbulolunmazdır və Bakı ümid edir ki, ATƏT bu münaqişənin həllində aparıcı rol oynayacaq
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbulolunmazdır (YENİLƏNİB)

Bakı. Elmira Tariverdiyeva - Trend:

Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbulolunmazdır və Bakı ümid edir ki, ATƏT bu münaqişənin həllində aparıcı rol oynayacaq.

Trend-in məlumatına görə, bunu Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi aprel ayında qoşunların təmas xəttində eskalasiyaya səbəb olub.

O, vəziyətin bu gün də gərgin olduğunu deyib.

E.Məmmədyarovun sözlərinə görə, Sankt-Peterburqda iki ölkə prezidentinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlaması ilə bağlı müsbət addımlar atılmışdı və Bakı ümid edir ki, ATƏT bu münaqişənin həllində aparıcı rol oynayacaq.

E.Məmmədyarov bildirib: "ATƏT ərazisində həll edilməmiş silahlı münaqişələr və böhranlar, Avropada və ondan kənarda terror hücumlarının yeni dalğası və münaqişələr nəticəsində insanların genişmiqyaslı məcburi köçü sülh və təhlükəsizliyə təhlükə yaratmaqda davam edən problemlər sırasındadır və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır. Aprel gərginliyi aydın şəkildə xatırlatdı ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki bugünkü vəziyyət təhlükəlidir və istənilən vaxt gözlənilməz nəticələrə gətirib çıxaracaq potensiala malikdir".

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status-kvonun qeyri-davamlılığına və onun dəyişməli olmasına dair ATƏT çərçivəsində yekdil mövqenin mövcudluğunu təqdirəlayiq hesab edib: "Azərbaycan hazırki status-kvonun dəyişməsində ən maraqlı tərəfdir. Bu xüsusda, biz Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndiririk. Bu məsələdə göstərdiyi səylərə görə həmsədr dövlətlərə, xüsusilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təşəkkür edirik. Biz bu fürsəti davam etdirməli və həmin görüşlərdə əldə olunmuş razılaşmaları gecikdirmədən konkret tədbirlərə çevirməliyik. Biz ATƏT və Minsk Qrupunun bu məsələdə fəal rol oynamalarını gözləyirik".

E.Məmmədyarovun sözlərinə görə, siyasi müstəvidə əsaslı konkret nəticələr vəziyyəti köklü şəkildə dəyişəcək: "Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması, regional nəqliyyat və kommunikasiya xətlərinin bərpa edilməsi və müvafiq təhlükəsizlik tədbirlərini təmin edərək məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və şərəfli qayıdışından başlamaqla münaqişənin fəsadlarının mərhələli şəkildə aradan qaldırılması münaqişə dinamikasının dəyişməsinə və regionda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaqdır. Bu yanaşma BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır və xüsusilə 1994-cü il Budapeşt Sammitinin qərarı daxil olmaqla, ATƏT-in qərarlarında təsdiq olunub.

Etimad quruculuğu tədbirləri kimi, Fəaliyyətdə olan sədrin Daimi Nümayəndəlik Ofisinin genişləndirilməsi ilə bağlı əldə olunmuş razılıq bu genişlənmənin əsaslı danışıqlarla sinxronlaşdırılması və Ofisin mandat və fəaliyyət formasının dəyişməyəcəyini nəzərdə tutur. Azərbaycan bununla bağlı öz təklifini təqdim etmişdir. Bu missiyanın Azərbaycanın suveren və beynəlxalq səviyyədə tanınmış ərazilərində fəaliyyət göstərdiyini nəzərə alaraq, biz bu məsələdə konstruktiv danışıqlar gözləyirik".

Azərbaycan XİN rəhbəri deyib ki, təəssüf ki, Ermənistan tərəfindən son bir neçə ay ərzində səsləndirilən bəyanatlar nikbinlik üçün əsas vermir və aydın şəkildə göstərir ki, Ermənistan tərəfi nəticə yönümlü danışıqlara konstruktiv cəlb olunmaq niyyətində deyil: "Substantiv danışıqlara başlamaq üçün şərtlərin irəli sürülməsi cəhdləri Vyana və Sankt-Peterburq razılaşmalarına zərbə vurur və açıq şəkildə sülh prosesini pozmaq məqsədi daşıyır. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirmək, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişmək cəhdlərini davam etdirməsi etimadı sarsıdır və Ermənistan tərəfinin əsl niyyətini ortaya qoyur".

Nazir bildirib ki, qarşıdakı aylar Ermənistanın sülh üçün ciddi tərəf müqabili, münaqişənin həll edilməsi üçün substantiv danışıqlarda iştirak etməkdə həqiqətən maraqlı olmasını və ya bizim qeyri-sabitlik və münaqişənin daha da gərginləşməsinə doğru yolla getməkdə davam edəcəyimizi nümayiş etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti