...

Britaniya səfiri məcburi köçkünlər üçün yaradılan şəraitlə tanış olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2017 09:46 (UTC +04:00)
Kerol Meri Krofts Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.
Britaniya səfiri məcburi köçkünlər üçün yaradılan şəraitlə tanış olub

Bakı. Trend:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.

Bu barədə Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitənin sədr müavini Fuad Hüseynov və Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov britaniyalı diplomata məlumat verərək bildiriblər ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Burada yeni mənzillərlə təmin olunan məcburi köçkünlərin də əvvəllər yataqxanalarda məskunlaşdıqlarını diqqətə çatdıran Komitə sədrinin müavini vurğulayıb ki, indiyədək daha ağır vəziyyətdə yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə respublikanın müxtəlif ərazilərində bu cür bütün zəruri sosial-texniki infrastruktura malik 95 müasir tipli qəsəbə salınıb.

Sonra səfir məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində və 280 yerlik uşaq bağçasında yaradılan hərtərəfli şəraitlə tanış olub, pedaqoji kollektivin üzvləri və şagirdlərlə söhbət edərək fikir mübadiləsi aparıb. Söhbət əsnasında bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Elə bu məhəllənin özü, məhəllədə yaradılan şərait də bunları təsdiqləyir. Bütün bunlara baxmayaraq, hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.

İstər qəsəbədə, istərsə də məktəbdə və bağçada yaradılan hərtərəfli şəraitdən məmnunluğunu ifadə edən səfir söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarının zəruriliyini bildirib.

Sonda səfirlik tərəfindən məcburi köçkün şagirdlərə məktəbli çantaları hədiyyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti