...

Qənirə Paşayeva Muğlada Qarabağ həqiqətlərinin daha geniş yayılmasını müzakirə edib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2017 20:26 (UTC +04:00)
Millət vəkili Q.Paşayeva Muğla valisi, Sıtkı Koçman Universiteti rektoru və tələbələrlə Qarabağ həqiqətlərinin daha geniş yayılmasını müzakirə edib.
Qənirə Paşayeva Muğlada Qarabağ həqiqətlərinin daha geniş yayılmasını müzakirə edib (FOTO)

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayevanın Muğla valisi ilə görüşündə Muğla ilə Azərbaycan bölgələrinin qardaşlaşması təklifi yüksək səviyyədə dəstəklənib.

Trend-in məlumatına görə, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova və Əməkdar Artist Nuriyyə Hüseynovanın da iştirak etdiyi görüş zamanı Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib.

Q.Paşayeva Muğla Sıtkı Koçman Universiteti rektoru Mansur Harmandar və universitetdə təhsil alan gənclərlə görüşündə Qarabağ həqiqətlərinin daha geniş yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizənin daha da güclənməli olduğunu deyib.

Q.Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Muğla Sıtkı Koçman Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib.

Millət vəkili Universitetdə Azərbaycan, Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir.

Qənirə Paşayeva, Nəcibə Nəsibova və Nuriyyə Hüseynova Muğla Universiteti rektoruna və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, millət vəkili Q.Paşayeva həmçinin özünün həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını və digər kitablarını hədiyyə edib.

Q.Paşayev həmçinin Muğla Sıtkı Koçman Universitetində təhsil alan bəzi azərbaycanlı tələbələrlə də görüşüb. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib.

Xəbər lenti

Xəbər lenti