...

Lökbatanda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 18:48 (UTC +04:00)
Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Lökbatanda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirə gələn qonaqlar Heydər Əliyev Mərkəzində Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət guşə ilə tanış olublar.

Xocalı qətliamının dəhşətlərini əks etdirən film nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan S.Mikayılov tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirib.

Qeyd edib ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi olub. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı günü haqqında" qərar qəbul edib.

Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov öz nitqində Xocalı sakinlərinə qarşı soyqırım aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etməsi aşkar bir gerçəklik olduğunu bildirib. Bu gün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə soyqırım kimi qiymət verildiyini qeyd edib.

Qaradağ rayon prokuroru Natiq Abdullayev Xocalı faciəsinin erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsi kimi müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi riyakarlıqla həyata keçirildiyini, bu mənfur siyasətə heç zaman ara verilmədiyini, gah qanlı toqquşmalara səbəb olmuş, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələndiyini vurğulayıb.

Rayonda məskunlaşmış Xocalı sakinləri adından çıxış edən şəhid ailəsi Fəridə Cabbarova erməni millətçiləri tərəfindən törədilmiş Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirib. Bildirib ki, bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələlər həllini gözləyir.

Sonda Qaradağ rayonunda məskunlaşmış Xocalı ailələri ilə görüş keçirilib. Görüşdə Xocalıların arzu və təklifləri dinlənilib, onları narahat edən problemlərin həlli istiqamətində aidiyyəti qurumlara göstərişlər verilib. Xocalılar görüşdən razı qaldıqlarını və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər. Görüşün sonunda Qaradağ rayonu ərazisində məskunlaşmış 64 Xocalı ailəsinə rayon İcra hakimiyyəti tərəfindən ərzaq və maddi yardım verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti