...

Sofiyada Xocalı soyqırımının 25-ci ildönümü anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2017 21:02 (UTC +04:00)
Sofiyada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Sofiyada Xocalı soyqırımının 25-ci ildönümü anılıb

Bakı. Trend:

Sofiya şəhərinin “Odeon” kinoteatrında Azərbaycanın Bolqarıstandakı səfirliyi, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində tarixin yaddaşlardan heç vaxt silinməyən, müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuş Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, anım mərasimində Bolqarıstanın dövlət qurumlarının nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbər və əməkdaşları, Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, Azərbaycanlı tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, eləcə ölkənin ictimai və mədəni xadimləri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan səfir Nərgiz Qurbanova Azərbaycan xalqı ilə bu ağrılı günü bölüşdükləri üçün iştirakçılara səfirlik, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi adından minnətdarlığını ifadə edib.

1992-ci ilin 26 fevral tarixində baş vermiş Xocalı soyqırımından 25 il ötməsinə baxmayaraq bu faciənin hər bir azərbaycanlının qəlbində dərin kədərə səbəb olmaqda davam etdiyini bildirən səfir məhz həmin gecə Ermənistan-Azərbaycan münaqişəsi ərzində ermənilər tərəfindən xalqımıza qarşı bir gecədə ən böyük soyqırımın törədildiyini vurğulayıb.

Fevral ayının 25-dən 26-a keçən gecə müxtəlif istiqamətlərdən şəhərin intensiv şəkildə atəşə tutulmasından dərhal sonra şəxsi heyəti əsasən ermənilərdən ibarət olan keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının iştirakı ilə erməni silahlı qüvvələri və terrorçu dəstələrinin şəhəri işğal etdiyini söyləyən N.Qurbanova zorakılıqdan qaçıb qurtarmaq istəyən şəhər əhalisinin bir hissəsinin Naxçıvanlı və Pircamal kəndlərində əvvəlcədən hazırlanmış pusqularda qətlə yetirildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Qanlı soyqırımı nəticəsində 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalar olmaqla 613 nəfər dinc sakinin qətlə yetirildiyini qeyd edən diplomat faciə baş verən gecə 1275 nəfər dinc sakinin girov götürüldüyünü, onlardan 150 nəfərinin taleyinin indiyədək məlum olmadığını, 487 nəfərin ömürlük əlil olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideyinini, 130 uşağın isə valideyinlərindən birini itirdiyini bildirib.

Bu dəhşətli faciəni Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi sistemli etnik təmizləmə siyasətinin bir hissəsi kimi xarakterizə edən səfir erməni təbliğat qruplarının beynəlxalq ictimaiyyəti aldatmaq və işğal olunmuş Azərbaycan ərazilərində monoetnik ərazi yaratmaq üçün bütün vasitələrə əl atmaqdan çəkinmədiyini bildirib.

Daha sonra səfir beynəlxalq hüquqda, xüsusilə "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiyada öz əksini tapmış hüquqi anlayışların bir çox elementlərinə Xocalıda baş vermiş faciəvi hadisələr zamanı rast gəlindiyini və ermənilərin bu qeyri-insani davranışlarının soyqırım olaraq tövsifi üçün ciddi hüquqi əsasların olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Münaqişələr zamanı beynəlxalq humanitar və başlıca insan hüquqlarının pozulmasının qarşısının alınması üçün qəti iradə ortaya qoyulmasının vacibliyini ifadə edən səfir Xocalı soyqrımını törətmiş cinayətkarların cəzasızlığının Ermənistan və Azərbaycan arasında sülhün nail olunmasına mane olduğunu qeyd edib. Bu baxımdan, regionda davamlı sülhün əldə olunması üçün faciə təşkilatçıları və icraçılarının cinayət məsuliyyətinə cəlb olunmasının və bununla əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən məqsədyönlü və qətiyyətli tədbirlərin görülməsinin zəruruliyini vurğulayıb.

Bu xüsusda, səfir bir sıra bolqar ziyalalarının Ermənistan və Azərbaycan xalqlarına müraciət ünvanladığını söyləyərək, həmin sənəddə onların Xocalı qətliamını pislədikləri və 2016-cı ilin dekabr ayında təsis olunmuş “Ermənistan-Azərbaycan Sülh Platforması” çərçivəsində göstərilən səyləri dəstəklədikləri barədə məlubat verib.

Çıxışının sonunda Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasının fəaliyyəti nəticəsində 12-dən artıq ölkənin və ABŞ-ın 20 ştatının Xocalıda baş verən hadisələri soyqırımı olaraq tanıdığını ifadə edən səfir bütün azərbaycanlıların qısa zaman ərzində səbəbkarların cəzalandırılacağına inandığını və bunun intiqam deyil, Xocalı üçün ədalət olacağını ifadə edib.

Daha sonra həmmüəllif İen Pertin (Ian Peart) iştirakı ilə "Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" ("Khojaly Witness of a war crime - Armenia in the Dock") kitabının təqdimatı olub.

İen Pert tədbirdə çıxış edərək Xocalı şahidlərinin ağır həyat hekayələri və Ermənistanın işğalçı siyasəti barədə auditoriyaya təfsilatlı məlumat verib. Həmmüəllif BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamələri xatırlayaraq,işğalçının və ona rəhbərlik edənlərin hər kəsə məlum olduğunu, lakin onlara qarşı hər hansı bir tədbirin görülmədiyini təəssüflə ifadə edib. Xocalı soyqırımı ilə əlaqədar Qərb və Rusiya KİV-ində çap olunmuş məqalə, həmçinin elmi araşdırmaların kitabda yer aldığını vurğulayan İ.Petr soyqırımına dair beynəlxalq insan hüquqları təşkilatlarının (Memorial və Human Rights Watch/Helsinki) hesabatlarının tam şəkildə nəşrdə öz əksini tapdığını bildirib.

Tədbirdə Xocalı dəhşətlərinin şahidi olmuş litvalı jurnalist Riçard Lapaitisin soyqırımından xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında çəkilmiş “Sonsuz Dəhliz” (Endless Corridor) sənədli filminin nümayişi olub. Filmi təqdim edərkən tədbirin aparıcısı Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitresku onun çoxsaylı beynəlxalq kino festivallarında nümayiş olunduğunu, o cümlədən nüfuzlu Milan və Madrid Beynəlxalq Film Festivallarının qalibi olduğunu bildirib. Litvalı rejissor Aleksandras Brokas tərəfindən çəkilmiş filmdə Qarabağın xalqımızın tarix və mədəniyyətindəki əhəmiyyətini əks etdirən süjetlərə yer verilib, Xocalı soyqırımı barədə nadir faktlar, sənədlər və materiallar əsasında faciə haqqında həqiqətlər təsirli şəkildə iştirakçılara çatdırılıb.

Tədbir çərçivəsində səfir N.Qurbanova Türkiyənin “Anadolu” Agentliyinin Bolqarıstan Bürosuna müsahibə verib. Müsahibə zamanı münaqişənin tarixi barədə müfəssəl məlumat verən səfir Ermənistan tərəfindən həyata keçirilən bu işğalın mülki azərbaycanlı əhaliyə qarşı dəhşətli qəddarlıqlarla müşayiət olunduğunu və erməni qüvvələri tərəfindən Xocalı sakinlərinə qarşı ağır qətliamın həyata keçirildiyini qeyd edib.

Xocalı soyqırımının münaqişənin ən qanlı və geniş miqyaslı qırğını olmasına baxmayaraq, bunun yeganə hal olmadığını vurğulayan səfir Ermənistan tərəfindən Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli və Quşçular kəndlərində də qırğınların törədildiyini və kütləvi qırğınların Xocalının mühasirəsinə imkan yaratmaq məqsədinə xidmət etdiyini ifadə edib.

Müsahibə zamanı “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası haqqında danışan N.Qurbanova kampaniyanın məqsədinin Xocalı soyqırımı, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması olduğunu vurğulayıb.

Anım mərasimi həmçinin Bolqarıstanın dövlət televiziya kanalı BNT və BNR radiosunda işıqlandırılıb.

"Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə" kitabının həmmüəllifi İen Pert Xocalı soyqırımı ilə bağlı Bolqarıstanın “Focus” radiosunda yayımlanan “Bura Bolqarıstandır” verilişinə müsahibə verib.

Tədbirin sonunda Xocalıda soyqırımına məruz qalmış soydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Xəbər lenti

Xəbər lenti