...

Küveyt mətbuatında Xocalı soyqırımı ilə bağlı həqiqətlər işıqlandırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2017 13:03 (UTC +04:00)
Bu il Azərbaycan 20-ci əsrdə Azərbaycan tarixində ən ağır faciələrdən biri olan Xocalı soyqırımının 25-ci ildönümünü yad edir.
Küveyt mətbuatında Xocalı soyqırımı ilə bağlı həqiqətlər işıqlandırılıb

Bakı. Trend:

Bu il Azərbaycan 20-ci əsrdə Azərbaycan tarixində ən ağır faciələrdən biri olan Xocalı soyqırımının 25-ci ildönümünü yad edir. Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 26-da erməni silahlı dəstələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı soyqırımı siyasətini həyata keçiriblər.

Trend-in məlumatına görə, bu barədə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Küveytdə gündəlik ərəb dilində yüksək tirajla nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetində Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəmanın “Xocalı Soyqırımı - 25” adlı müsahibəsində bildirilir.

Müsahibədə qeyd olunur ki, Xocalı əməliyyatı zamanı şəhər tamamilə dağıdılıb, dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca, 70-dən çox ailə tamamilə xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, insanların başları, qulaq və burunları kəsilib, başlarının dəriləri soyulub, gözləri çıxarılıb, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilib, insanlar diri-diri yandırılıb, üzərlərindən zirehli texnika ilə keçilib, 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 şəxs isə itkin düşüb. Bu kütləvi qırğın zamanı 8 ailə tamamilə məhv edilib, 25 nəfər uşaq hər iki valideynindən və 130 nəfər uşaq valideynlərinin birindən məhrum olub.

Diplomat bildirib ki, Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra Ermənistan Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış və Azərbaycan ərazilərinin 20 faizini əhatə edən Dağlıq Qarabağı işğal edib. Bundan öncə isə 1988-ci ildə 200 min Azərbaycanlı ermənistandan qovulub. Ermənistan bu siyasəti nəticəsində yüzlərlə Azərbaycan kəndini darmadağın etdi, 10 minlərlə silahsız mülki insanın qanını axıtdı, yüz minlərlə insanı öz doğma yurd-yuvasından didərgin saldı, lakin bütün bunlara baxmayaraq, Xocalı faciəsi bu hadisələrin işində ən ağırı, dözülməzi və çirkini idi. Xocalı qətliamı özünün xüsusi amansızlıq, qurban sayının çoxluğu və silsilə qətl əməliyyatları kimi ağır cinayətləri ilə bəşəriyyətə qarşı törədilib.

Xocalı soyqırımından sonra beynəlxalq kütləvi informasiya vasitələri bu soyqırımını yalnız Azərbaycan xalqına qarşı törədildiyinin deyil, bütövlükdə bəşəriyyətə qarşı həyata keçirildiyini qeyd edib. Bu baxımdan bir sıra yerli və beynəlxalq jurnalistlər hadisə yerini yaxından ziyarət edərək şahidi olduqlarını təfsilatı ilə yazmışlar. Bu jurnalistlərdən biri Fransız jurnalisti Jan-iv Yunet isə belə yazırdı: “Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə öldürülmüş günahsız meyitləri gördük. Bunlar qadınlar, uşaqlar, qocalar və Xocalının keşikçiləri idilər. Bizə alçaqdan uçan vertolyot verdilər. Xocalıda nə baş verdiyinin şahidi olduq. Ermənilər bizi atəşə tutduqlarından çəkilişi axıra çatdıra bilmədik. Mən müharibədə çox şeylər olduğunu, alman əsgərlərinin qəddarlığını eşitmişəm, amma ermənilər onları ötüb keçmişdilər. Onlar 5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə öldürmüşdülər”.

Xocalı faciəsi bağlı çox etiraflar var, lakin bunlar yalnız əcnəbilər tərəfindən deyil eyni zamanda ermənilərin özləri də bunu etiraf etmişlər. Onlardan Ermənistanın hazırkı Prezidenti Serj Sərkisyan öz etiraflarında qeyd etmişdir ki, Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bunu qıra bildik. Və budur baş verənlər!.

Səfir həmçinin qeyd edib ki, hazırda Livanda yaşan İkinci erməni şahid Yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" (19-76-cı səhifələrində) kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim”.

Yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu”.

Azərbaycan ermənilərin törətdikləri vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ötən illərdə bir sıra tədbirlər həyata keçirmişdir. Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması məqsədilə xarici dillərdə kitablar nəşr sənədlər edilir, sənədlər hazırlanır. Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır. Xocalı soyqırımı ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması, ona hüquqi, siyasi, mənəvi qiymət verilməsi məqsədini daşıyır. Kampaniya bu günə qədər dünyanın 35-dən çox ölkəsində yüzlərlə könüllü tərəfindən həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Beynəlxalq Təşkilatlarla əməkdaşlığı nəticəsində Azərbaycan xalqına qarşı həyata keçirilmiş təcavüzlər beynəlxalq ictimaiyyət tərəfindən pislənilmiş, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən bir sıra qərar və qətnamələr qəbul edilmişdir ki, bu qətnamələrdə Ermənistan qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları tələb edilir.

İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər birliyinin İndoneziyanın Balimbatj və Sudanın Xartum şəhərlərində keçirilən iclaslarında Xocalı Soyqırımı Təşkilatının Parlament Birliyi tərəfindən qəbul edilmişdir, həmçinin İƏT Xarici İşlər Nazirlərinin Cibutidə keçirilmiş 39-cu iclasında erməni silahlı birləşmələri tərəfindən 26 fevral tarixində həyata keçirilmiş soyqırım barədə hesabat tələb edilmişdir.

Qeyd olunanlarla yanaşı, ümumiyyətlə təkcə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 822, 853, 874, 884 saylı dörd və Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı BMT-nin Baş Assambleyası tərəfindən 60-285, 62-243 saylı qətnamələr qəbul edilmişdir. Beləliklə, 24 il bundan öncə Xocalıda bir soyqırım törədilmişdir. Bu qəddar vəhşiliyin soyqırım olması bütün faktlarla, təsdiq edilməkdədir. Bununla əlaqədar foto-şəkillər, video-görüntülər, azərbaycanlı, rus, erməni şahidlərin ifadələri mövcuddur.

Burada məqsədimiz cinayəti törədənlərlə polemikaya girmək deyil. İstəyimiz gələcəkdə bu cür cinayətlərin təkrar olunmaması üçün beynəlxalq səviyyədə həmin hadisəyə obyektiv hüquqi-siyasi qiymətin verilməsidir. Biz sülh danışıqlarına inanır, Azərbaycana qarşı aqressiya siyasətini təxminən 25 ildir ki, davam etdirən və Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistanın beynəlxalq qətnamələri həyata keçirəcəyini gözləyirik. Məsələ ilə əlaqədar sizə yalnız öz mövqeyimizi deyil, sizin əziz ölkənizi və ikinci ölkəniz Azərbaycanla yanaşı, 57 dövləti özündə birləşdirən təşkilatın - İslam Əməkdaşlıq Təşkilatının da mövqeyini təqdim etmək istəyirik.

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri şurasının 27-28 may 2015-ci ildə Küveytdə keçirilmiş 42-ci sessiyası Xocalı faciəsinin soyqırım aktı olduğunu bir daha təsdiqləmişdir. Sessiya 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən mülki azərbaycanlılara qarşı həyata keçirilən qətliamın soyqırım aktı olduğunu bəyan etmiş, İƏT üzv dövlətlərini və İƏT müəssisələrini bu cinayətin insanlığa qarşı törədilmiş kütləvi qırğın aktı kimi beynəlxalq və milli səviyyələrdə tanınması üçün lazımi səylər göstərməyə çağırmışdır.

Dost Küveyt işğal və təcavüzü daim pisləyir, eyni zamanda BMT, İƏT tərəfindən Ermənistan respublikasının Azərbaycana qarşı təcavüzünü və işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasını tələb edən və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul olunmasında qardaş mövqeyi nümayiş etdirir. Azərbaycan Hökuməti və xalqı Azərbaycan xalqı üçün bu mühüm və insani məsələdə Küveytin qardaşlıq dəstəyini yüksək qiymətləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti