...

4 gün sonra revanş almaq istəyən Sarkisyan bataqlıqda

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2017 18:06 (UTC +04:00)
Sarkisyan vəziyyətdən çıxmaq üçün çabalayır. Bəlli, seçkiyə əliboş getmək istəmir. Ötən ilin aprel döyüşlərindəki məğlubiyyətin revanşını da bunun üzərinə gəlsək, fevralın 20-dən martın 1-dək 5 gün qət etdiyi yolunda udmaq istədiyi halda, batalığa düşən Sarkisyanın durumunu təsəvvür etmək heç də çətin deyil...
4 gün sonra revanş almaq istəyən Sarkisyan bataqlıqda

Mətanət Əliyeva - Trend:

"Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttindəki son hadisələr regionda təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi istiqamətində tərəflər arasında danışıqların başlanmasının vacibliyini bir daha gündəmə gətirir". Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. Diplomat qeyd edib ki, həmsədrlərin 25 fevral tarixli bəyanatında atəşkəs rejminə hörmət edilməsi ilə bağlı çağırış bir daha səsləndirilib.

R.Hoqlanddan öncə isə analoji mövqe ilə BMT-nin baş katibi Antonio Quterreş çıxış edib. Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatlığını bildirən A.Quterreş deyib: "Biz Dağlıq Qarabağda qarşıdurma xətti boyunca toqquşmalar haqqında məlumatlardan narahatıq".

Azərbaycan Müdafiə Nazirliyinin fevralın 25-dən bu günədək açıqladığı rəsmi məlumatlar diplomatların mövqelərindəki narahatlığı bir daha təsdiqləyir. Artıq 5 gündür ki, cəbhədə vəziyyət gərginləşib. Atəşkəsin pozulması ilə bağlı açıqlanan rəsmi məlumatlardakı statistika da, Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozarkən istifadə etdiyi silahların növləri də təmas xəttindəki vəziyyətin sabit olmadığını deməyə əsas verir. Bu situasiya özü ilə bir sıra suallar doğurur:

1. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində nə baş verir?

2. Bu dönəmdə cəbhə xəttində vəziyyət niyə gərginləşib?

3. Ermənistan tərəfi təmas xəttində vəziyyəti gərginləşdirməklə nəyə nail omaq istəyir?

4. Aprel döyüşlərinin təkrarlanacağı təqdirdə Ermənistan məğlubiyyətə uğrayacağını bildiyi halda, cəbhədə niyə təxribatlar törədir?

Göründüyü kimi, yaranmış situasiya suallar yaradır və bu sıranı uzatmaq da olar.

Fevralın 24-dən 25-nə keçən gecədən başlayaraq, Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb. Əminliklə deyə bilərik ki, bundan sonra da baş verəcək bütün hücumların qarşısı birmənalı şəkildə alınacaq. Bəs ermənilərin hücumlarının arxasında nə dayanır? Xatırladaq ki, Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində başlayan cəbhə təxribatları hələ də davam edir.

Mənzərədə görünən mətləblər də var, görünməyənlər də. Təqvimlə bir az əvvələ qayıdaq - fevralın 20-nə. Erməni "diplomatiyası"nın fiaskosu - Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaradılmış cinayətkar rejimin keçirdiyi "referendum"un nəticələri suya düşdü. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - ABŞ, Fransa, Rusiya da daxil olmaqla, bütün dünya bu "referendum"u tanımadığnı bəyan etdi. Bu, əlbəttə ki, "referendum" oyununa hazırlaşmış ermənilərin üzünə dəyən şillə oldu. Qondarma "referendum"la səs-küy sala, gözlədikləri nəticələrə nail ola bilməyən Ermənistanın cəbhədə təxribat törədəcəyi "başa düşülən"dir.

Təbii ki, düşmən ötən ilin aprel ayından revanş almaq arzusundadır. Amma hərbi, iqtisadi və siyasi güc balansında Azərbaycana çoxdan uduzmuş Ermənistanın cəbhədə zəfər qazana biləcəyi artıq xəyaldan başqa bir şey deyil. Ermənistan hakimiyyətini bu əməllərə təhrik edən bəzi qüvvələr regionda sabitliyin olmamasında maraqlıdırlar. İzahata ehtiyacı olmayan aksiomdur ki, zəifləmiş, gücdən düşmüşlə danışmaq, ona diktə etmək daha asandır. Amma artıq bu variantların gündəmi dəyişmədiyi ortada. Bu məqamı ermənilər daxil, onların havadarları da unudur. Azərbaycanda sabitliyin pozulmasını istəyənlərin bütün səylərinə baxmayaraq, ermənilərin təxribatlarının qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alınıb və alınacaq.

Düşmənin tək olmadığı, ona kənardan dəstəyin verildiyini Müdafiə Nazirliyinin bu gün açıqladığı rəsmi məlumatda görmək çətin deyil: "Fevralın 28-də Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərini möhkəmləndirmək məqsədilə zirehli texnikanı ön xəttə çıxarmağa cəhd göstərib. Düşmənin manevr edən zirehli texnikası müvafiq bölmələrimiz tərəfindən vaxtında aşkar edilərək dərhal məhv edilib. Son günlər düşmənin verdiyi onlarla itkilər arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir".

İndi Sarkisyan vəziyyətdən çıxmaq üçün çabalayır. Bəlli, seçkiyə əliboş getmək istəmir. Ötən ilin aprel döyüşlərindəki məğlubiyyətin revanşının almaq cəhdini də bunun üzərinə gəlsək, fevralın 20-dən - qondarma "referendum"dan sonra martın 1-dək olan müddətdə udmaq istədiyi halda, bataqlığa düşən Sarkisyanın durumunu təsəvvür etmək heç də çətin deyil...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti