...

Gürcü müxbir Azərbaycan xalqından üzr istədi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2017 14:08 (UTC +04:00)
Q.Roqava, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
Gürcü müxbir Azərbaycan xalqından üzr istədi

Bakı. Trend:

Gürcüstan vətəndaşı, “TV İmedi” telekanalının müxbiri Qurami Roqava Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktubunda Q.Roqava Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Q.Roqava Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Q.Roqava, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

Q.Roqavanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti