...

Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə beynəlxalq konfrans keçirilir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2017 12:20 (UTC +04:00)
Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə beynəlxalq konfrans keçirilir (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.

Konfransda bildirilib ki, 25 ildən artıqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün ciddi təhlükə olaraq qalır. Münaqişə illəri ərzində 10 minlərlə insan həlak olub, 1 milyondan artıq insan öz yurd-yuvalarından qaçqın və köçkün düşüb. Azərbaycan torpaqlarının 20%-ə qədəri erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Bu illər ərzində münaqişənin həllinə nail olunmayıb. Buna səbəb beynəlxalq ictimaiyyətin passivliyi ilə yanaşı, Ermənistan rəhbərliyinin (hakimiyyətinin) təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin və digər təşkilatların çoxsaylı qətnamələrini yerinə yetirmək istəməməsidir. Belə münasibət Dağlıq Qarabağ münaqişəsinin miqyasının genişlənməsinə səbəb oldu. 2016-cı ilin aprel ayının əvvəllərində Qarabağ cəbhəsində qısamüddətli hərbi əməliyyatların bərpası nəticəsində Azərbaycan Silahlı Qüvvələri erməni işğalı altında olan bəzi strateji vacib əraziləri azad etməyə nail oldu. Hər iki tərəf itkilərlə üzləşdi. Lakin Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən imtina etmir və məsələnin sülh yolu ilə nizamlanması istiqamətində axtarışları davam etdirir.

Qeyd olunub ki, 6 dekabr 2016-cı il tarixində Bakıda Azərbaycan və Ermənistanın bir qrup ictimai xadim və sülhməramlıları birləşib “Ermənistan və Azərbaycan arasında sülh platforması” yaratdılar. Son aylar ərzində həmin “platforma”ya çox sayda erməni fəalları, başqa xalqların və ölkələrin nümayəndələri qatıldı. Məhz bu sülhməramlı missiyanı genişləndirmək və müxtəlif ölkələrin siyasi, elmi birliklərini cəlb etmək məqsədi ilə bu gün Bakıda “Qafqaz Tarix Mərkəzi” İctimai Birliyi tərəfindən təşkil olunmuş “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” adlı Beynəlxalq elmi-praktik konfrans keçirilir. Beynəlxalq konfrans tarixi suallara, beynəlxalq dialoqun genişləndirilməsinə və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması istiqamətində Azərbaycan-Ermənistan dialoquna həsr edilib. Tədbirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan, Kanada, Ukrayna, İsveç, Özbəkistan alimləri, siyasətçiləri, ictimai xadimləri, həmçinin erməni ictimai xadimləri, tədqiqatçıları iştirak edirlər. Konfransda müxtəlif ölkələrdən 50-dən çox alim və siyasətçi iştirak edir. Tədbirdə həmçinin, Azərbaycanın dövlət strukturlarının, diplomatik missiyaların təmsilçiləri, Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti