...

İRƏVANIN ERMƏNİSTANA VERİLMƏSİ FAKTININ İCTİMAİLƏŞDİRİLMƏSİ GÜNDƏMƏ GƏTİRİLİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2005 16:37 (UTC +04:00)

İyunun 27-də Beynəlxalq Mətbuat Mərkəzində "Bakı Dirçəliş" İctimai Birliyi "Bütöv Azərbaycan tarixində İrəvan həqiqəti" mövzusunda dəyirmi masa təşkil edib. Trend in məlumatına görə, toplantıda tarixçilər, araşdırmaçı alimlər, ziyalılar iştirak ediblər, Azərbaycan torpaqlarının zaman-zaman bölünməsi, başqa dövlətlərin tərkibinə verilməsi tarixindən danışıblar.

"Bakı Dirçəliş" İctimai Birliyinin sədri Abbasağa Məmmədov bildirib ki, Milli Elmlər Akademiyası İnsan Haqları İnstitutunun direktoru, professor Rövşən Mustafayev bu yaxınlarda İrəvanın Ermənistana verilməsi faktını gündəmə gətirib, bu tarixin araşdırılması, dünya ictimaiyyətinin diqqətinə çatdırılması zərurəti yaranıb. A.Məmmədov deyib ki, R.Mustafayevə müraciət edərək bu mövzuda ümumrespublika konfransı keçirilməsi təklifini irəli sürəcək. Onun sözlərinə görə, Azərbaycanın tarixi torpaqlarının hansı şərtlərlə ermənilərə verilməsi, bunları təsdiqləyən faktların aşkarlanması, gündəmə gətirilməsi üçün mütəmadi olaraq tədbirlər, silsilə konfranslar keçirilməlidir.

Professor Aydın Cabbaroğlu məruzəsində bildirib ki, 1804-1813-cü illərdə gedən Rusiya-İran müharibəsində Azərbaycan torpaqları üç tərəfin- fars-rus qüvvələrinin, avropalıların və yerli türklərin maraqları üçün mübarizə poliqonuna çevrilib. Azərbaycanlıların milli şüurundan uzaqlaşdırılması, torpaqlarına qarşı biganə olması üçün sistemli şəkildə siyasət həyata keçirilib, nəticədə İrəvan, Zəngəzur, Qafan və digər torpaqları Ermənistana, Borçalı Gürcüstana verilib. A.Cabbaroğlu diqqətə çatdırıb ki, 1918-ci ildə Azərbaycan müstəqilliyini elan edən kimi Rusiya hökuməti guya Qafqazda dinc şərait, əmin-amanlıq yaranması üçün milli hökumətimizə təzyiqlər, hədələrlə İrəvanın Ermənistana verilməsinə nail oldu. Professorun sözlərinə görə, bu tarixi faciə bundan sonra Azərbaycanın digər tarixi torpaqlarının da hissə-hissə itirilməsinin başlanğıcı oldu.

Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Rauf Zeyni bildirib ki, indi Ermənistan adlanan ərazilər Azərbaycanın qədim, tarixi torpaqlarıdır. O, qeyd edib ki, 1918-ci ildə Azərbaycan Milli hökuməti hələ tam formalaşdırılmamış, yaranandan bir gün sonra Ermənistan hökuməti müraciət edərək İrəvanın mərkəz kimi onlara verilməsini istəyib. Azərbaycan Milli Şurası da konfederativ əlaqələri əsas gətirərək İrəvanın ermənilərə verilməsinə dair qərar çıxarıb. O vaxt Milli Şurada bu təklifə yalnız əslən Zəngəzurdan olan bir millət vəkili etiraz edib, səsvermədə çoxluq isə qərarı təsdiqləyib.

Tarixçi alim Əlikram Ələkbərov, Namiq Əliyev və digərləri çıxış edərək İrəvanın azərbaycanlılara məxsus olması barədə tarixi faktları diqqətə çatdırıb, şəhərin sonradan ermənilərə verilməsi, Ermənistanın o dövrdən başlayaraq indiyədək yürütdüyü işğalçılıq siyasəti barədə danışıblar. Məruzəçilər bildirib ki, İrəvanın Ermənistanın tərkibinə verilməsi, ermənilərin Azərbaycan torpaqlarında özlərinə dövlət qurmaları faktlarını dünya ictimaiyyətinə çatdırmalı, ölkə daxilində bu istiqamətdə geniş təbliğat aparılmalıdır.

Xəbər lenti

Xəbər lenti