...

"AQO" QRUPUNUN NÜMAYƏNDƏLƏRİ HÜQUQ MÜDAFİƏÇİLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2005 13:35 (UTC +04:00)

İyunun 30-da hüquq müdafiəçiləri Səidə Qocamanlı, Eldar Zeynalov və Leyla Yunus Avropa Şurasının "AQO" qrupunun Azərbaycanda səfərdə olan nümayəndələri ilə görüşüblər. Səidə Qocamanlı Trend agentliyinə bildirib ki, görüşdə insan haqlarının qorunması, siyasi məhbus problemi, dövlət orqanlarının nümayəndələri ilə hüquq müdafiəçilərinin birgə işçi qrupunun yaradılması, qarşıdan gələn parlament seçkiləri, seçkiqabağı mühitin demokratikləşdirilməsi, iqtidar-müxalifət münasibətləri və digər məsələlər barədə müzakirələr aparılıb.

S.Qocamanlının sözlərinə görə, "AQO" qrupunun nümayəndələrinə siyasi məhbuslar probleminin həlli məqsədilə yaradılan işçi qrupu,iki dəfə iclas keçirildiyini və siyasi məhbusların azadlığa buraxılması istiqamətində işlər görüldüyü barədə məlumat verilib. Prezidentin sonuncu əfv fərmanı ilə 30 nəfər məhkumun azadlığa buraxıldığı, 3 nəfərin isə məhkəmə qərarı ilə azad edildiyi diqqətə çatdırılıb. Lakin hüquq müdafiəçiləri onu da deyiblər ki, həbsxanalarda hələ də bir neçə nəfər xəstə məhbus var və onların məsələsinə işçi qrupunun növbəti iclaslarında baxılacaq. Ümumilikdə hüquq müdafiəçiləri Milli Məclisin, Prezident Aparatının nümayəndələri ilə birgə işçi qrupunun yaradılmasını müsbət qiymətləndiriblər.

"AQO" üzvləri ilə görüşdə qeyri-hökumət təşkilatlarının seçkilərin müşahidəçiliyinə buraxılmaması məsələsi də önə çəkilib. Hüquq müdafiəçiləri bildiriblər ki, 30 faiz xarici qurumlardan maliyyələşən QHT-lərin ölkədəki seçkiləri müşahidə edə bilməməsi seçkilərin demokratik keçməsinə maneə törədir. Hüquq müdafiəçiləri QHT-lər qarşısında qoyulan bu məhdudiyyətin aradan qaldırılmasının vacibliyini vurğulayıblar. Həmçinin Seçki Məcəlləsində dəyişiklik olunması, seçki komissiyalarının paritet əsasda formalaşdırılması təklifləri "AQO" üzvlərinin diqqətinə çatdırılıb, bunların mütləq həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin 2003-cü il prezident seçkisindən sonrakı hadisələrlə bağlı həbs olunmuş siyasi liderlərin üzərindən məhkumluğun götürülməsi və parlament seçkisində iştiraklarına şərait yaradılmasının vacibliyini qeyd ediblər.

Hüquq müdafiəçiləri ölkədə seçkiqabağı mühitdə müsbət dəyişiklik olmadığını, hələ seçkiyə start verilməmiş artıq qara piarın işə düşdüyünü deyiblər. Müxalifətin keçirdiyi kütləvi aksiyalara bölgələrdən gəlmək istəyən vətəndaşlara yerlərdə maneələr törədildiyi, Bakıdakı mitinqlərə gəlməsinin qarşısının alındığı bildirilib. "Yeni Müsavat" qəzetinin əməkdaşı Alim Kazımlının ölümü, müsavatçı Pirəli Orucovun həbsi barədə məlumat verilib, polislərin siyasiləşməsinin yolverilməz olduğu vurğulanıb.

Həmçinin Azərbaycanda iqtidar-müxalifət münasibətlərinə də toxunulub, beynəlxalq qurumların öz nüfuzundan istifadə edərək bu məsələyə təkan verməsinin vacib olduğu "AQO" üzvlərinin diqqətinə çatdırılıb.

"AQO" qrupunun üzvləri isə öz növbəsində bildiriblər ki, Azərbaycan prezidenti ilə görüşlərində bütün bu problemləri onun diqqətinə çatdıracaqlar. Avropa Şurası nümayəndələri səfərlərinin yekununda hesabat hazırlayacaqlar.

Xəbər lenti

Xəbər lenti