...

RƏCƏB TAYYİB ƏRDOĞAN: İKİ ÖLKƏ ARASINDA TİCARƏT ƏLAQƏLƏRİ MÖVCUD POTENSİALI ƏKS ETDİRMİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2005 18:50 (UTC +04:00)

Azərbaycanla-Türkiyə arasındakı ticarət əlaqələrinin mövcud səviyyəsi iki ölkənin potensialını əks etdirmir. Trend xəbər verir ki , bunu Türkiyənin baş naziri R.T.Ərdoğan iyunun 30-da "Hyat Recensy" mehmanxanasında türk sənayeçiləri və iş adamları birliyinin üzvləri ilə görüşündə bildirmişdir.

Onun sözlərinə görə, 2004-cü ildə iki ölkə arasında ticarət əlaqələrinin səviyyəsi 500 milyon dollar həcmində olmuşdur ki, mövcud potensialı nəzərə alanda bu kifayət qədər kiçik rəqəmdir. 2005-ci ildə ticarət dövriyyəsi həcminin 2 milyard dollara çatdırılması planlaşdırılmışdır ki, bu işdə də TUSİAB öz töhfəsini verməlidir. ABŞ və Böyük Britaniyadan sonra Türkiyənin Azərbaycana ən çox investisiya qoyduğunu qeyd edən baş nazir, indiyədək türk şirkətləri tərəfindən Azərbaycanda 1, 6 milyard dollar həcmində layihələrin gercəkləşdirildiyini bildirilmişdir. 2005-ci ildə isə bu layihələrin həcminin 2 dəfə artırılması planlaşdırılmışdır. Bu gün Azərbaycanın dövlət başçısı ilə görüşünü xatırladan baş nazir görüşdə Azərbaycanla Türkiyənin ticarət və sənaye palatasının yaradılmasının vacibliyi məsələsinə toxunduğunu bildirmişdir. Onun sözlərinə görə, belə sənaye palataları artıq Almaniyada və İngiltərədə artıq fəaliyyət göstərməkdədir. Qarşıdakı iki il ərzində Azərbaycana qoyulacaq sərmayələrin həcminin 3 milyard dollara qədər artırılmasının nəzərdə tutulduğunu qeyd edən baş nazir bu işdə TUSİAB-ın aktivlik göstərməsinin vacibliyini bildirmişdir. Onun sözlərinə görə, Azərbaycanda çalışan türk şirkətlərinin uğuru da Türkiyənin, əskikləri də Türkiyənin əskikliyidir. Odur ki, Azərbaycanda çalışarkən Azərbaycan dövlətinin mənafeyini nəzərə almaq lazımdır. Hər kiçik məsələdən ötrü dövlətə təzyiqlər göstərmək lazım deyil. Hər bir ölkədə bürokratik əngəlliklər vardır, amma bu məsələləri siyasətçilər həll etməlidir. Bir qədər prezident İ.Əliyevlə görüşündə türk şirkətlərinə gömrük və vergi rüsumlarının yumşaldılması ilə bağlı məsələni müzakirə etdiklərini bildirmişdir. O, görüşdə həmçinin Azərbaycan sərmayəsinin Türkiyəyə yatırılmasını, eləcə də iki ölkənin iş adamlarının üçüncü bir ölkəyə sərmayə yatırmasını müzakirə etdiklərini bildirmişdir. "Azərbaycanla Türkiyə arasında sarsılmaz dostluq birliyi vardır və bu birlik bizi daha irəliyə aparacaqdır" - deyə baş nazir R.T.Ərdoğan bildirmişdir.

Xəbər lenti

Xəbər lenti