...

DÖVLƏT QAÇQINLAR KOMİTƏSİNİN SƏDRİ MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN TİKİLƏN QƏSƏBƏLƏRDƏ OLUB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2005 20:16 (UTC +04:00)

Azərbaycan Respublikası baş nazirinin müavini, qaçqınlar və məcburi köçkünlərlə iş üzrə Dövlət komitəsinin sədri Əli Həsənov Ağdam rayonunda olub.

Dövlət komitəsinin mətbuat xidmətində Trend agentliyinə bildirilib ki, orada Bərdə rayonunun ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün qəsəbə inşa edilir.

Əli Həsənov "Alıbəyli-1" (107 ev), "Alıbəyli-2" (107), "Səfərli" (157), "Bənövşələr" (390), "Baharlı" (836), "Dördyol-1" (1011 evdən 818-i tikilir), "Quzanlı-1" (165), "Dördyol-2" (310), "Bənövşələr-1" (70), "Təzəkənd" (340) və "İmamqulubəyli" (165) qəsəbələrində fərdi evlərin, "Alıbəyli-1", "Alıbəyli-2", "Səfərli" qəsəbələrində 96 şagird, eləcə də "Bənövşələr" və "Baharlı" qəsəbələrində 198 şagird üçün məktəblərin tikintisi ilə tanış olub, icraçılarla görüşüb, onların problemləri ilə maraqlanıb, tapşırıqlar və tövsiyələr verib.

Baş nazirin müavini Ağdam rayonunun İcra hakimiyyətində tikinti işlərini aparan şirkətin rəhbərləri ilə müşavirə keçirib.

Səfər AR prezidentinin 2004-cü il 4 fevral tarixli "Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz doğma yurdlarından qovulmuş, Bərdə və Ağcabədi rayonlarının ərazisində çadır düşərgələrində, eləcə də Bərdə rayonu ərazisindəki dəmir yolu mal vaqonlarında müvəqqəti məskunlaşmış Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial, yaşayış-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi üzrə tədbirlər haqqında " sərəncamının icrası ilə bağlı olaraq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti