...

MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULAN TİKİNTİ İŞLƏRİNƏ $7 MİLYON VƏSAİT XƏRCLƏNİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Avqust 2005 11:14 (UTC +04:00)

Məcburi Köçkünlərin Sosial Müdafiə Fondu (MKSMF) 2001-ci ildən indiyədək ölkədə tikinti-təmir işləri üzrə həyata keçirdiyi 202 mikro layihəyə 7 milyon dollara yaxın vəsait xərcləyib.

MKSMF-dən Trend xəbər agentliyinə verilən məlumata görə, bu layihələrin həyata keçirilməsindən 170 minə yaxın məcburi köçkün bəhrələnib.

Hazırda ümumi dəyəri 150 min dollar olan 3 layihə icra mərhələsindədir. Məlumatda məcburi köçkünlərin məskunlaşdığı 28 rayon və 4 şəhərdə (Bakı, Gəncə, Sumqayıt və Mingəçevir) həyata keçirilən layihələr çərçivəsində infrastrukturun yaxşılaşdırılması, məktəb, xəstəxana və yataqxanaların təmir olunması və s. işlərin həyata keçirildiyi qeyd olunur.

Xatırladaq ki, sözügedən layihələr Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında imzalanmış "Yardımdan inkişafa doğru" layihəsi üzrə həyata keçirilir. Layihə çərçivəsində DB tərəfindən Azərbaycana 10 milyon dollar kredit ayrılıb.

Layihənin həyata keçirilməsində əsas məqsəd isə ən zəif müdafiə olunan məcburi köçkün qruplarının yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Bu il oktyabrın əvvəlində başa çatacaq layihə çərçivəsində indiyədək mikrokredit layihələri də daxil olmaqla ümumilikdə təqribən 9 milyon dollar vəsait xərclənib.

Bu layihənin icrası başa çatdıqdan sonra DB-nin vəsaiti hesabına yeni layihənin icrasına başlanacaq. Dəyəri 11,5 milyon dollar olan və icrası 2008-ci ildə başa çatacaq "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım" layihəsi çərçivəsində ölkədə məcburi köçkünlərin sosial şəraitinin və iqtisadi imkanlarının yaxşılaşdırılması, bununla bağlı mikro kreditlərin verilməsi və 200-ə yaxın mikro layihənin həyata keçirilməsi nəzərdə tutulur. Digər layihələrdə olduğu kimi DB bu layihə çərçivəsində də krediti ilk 10 ili ödənişsiz olmaqla 35 il müddətinə və illik 0,75%-lə ayırıb.

Xəbər lenti

Xəbər lenti