...

GÜLTƏKİN HACIYEVA: "BEYNƏLXALQ BÖHRAN QRUPUNUN HESABATINDA QLOBAL DƏYİŞİKLİK EDİLƏCƏYİNƏ İNANMIRAM"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Avqust 2005 14:57 (UTC +04:00)

"Beynəlxalq Böhran Qrupunun hesabatı mahiyyət etirabilə mövcud həqiqətdən çox uzaq idi və ona görə də mən sənədin tam obyektiv olacağına əmin deyiləm".

Bu fikirləri Trend ə açıqlamasında millət vəkili Gültəkin Hacıyeva bildirib. Qeyd edək ki, Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağ münaqişəsinə dair iki hesabat hazırlayaraq sentyabr ayında yayacaq.

Azərbaycan və Ermənistandakı vəziyyəti əks etdirən bu hesabatlara bir sıra tövsiyyələr də daxildir. Qeyd edək ki, Tbilisidə bu hesabıtın müzakirələrinə həsr olunmuş seminar keçirilmişdi.

Beynəlxalq Qrupun ekspertləri ilə yanaşı, Azərbaycan və Ermənistandan olan nümayəndələrin iştirakı ilə keçən qapalı tədbirdə hesabatın mahiyyəti, təfərrüatı barədə ilkin fikirlər məlum olmuşdu.

Həmin seminara Azərbaycandan ekspert qismində qatılan Gültəkin Hacıyeva Dağlıq Qarabağla bağlı qeyri-obyektiv yanaşmanın nümayiş etdirildiyini deyib.

Onun sözlərinə görə, münaqişəyə qeyri-obyektiv münasibət göstərilməsi və onun həllinə beynəlxalq hüquq və normalar çərçivəsində yanaşılmaması Azərbaycan tərəfinin narazılığı və narahatlığına səbəb olub.

Ona görə də millət vəkili sentyabrda açıqlanacaq hesabatla bağlı yenə də əvvəlki fikrində qaldığını deyib: "Əlbəttə hesabat hələ açıqlanmamış qabaqcadan onun barəsində dəqiq fiikr söyləmək olmaz. Amma mən düşünmürəm ki, o sənəddə qlobal dəyişikliklər edilib.

Çox güman ki, texniki xarakterli dəyişikliklər, əlavələr olunub. Tbilisi seminarından sonra aradan keçən vaxt ərzində Beynəlxalq Böhran Qrupunun Qarabağla bağlı vəziyyəti dərindən araşdırıb, münaqişə ilə bağlı obyektiv, qərəzsiz mövqeyə gəlmələri də mümkündür.

Amma bura qədərki reallığı nəzərə alaraq şəxsən mən Azərbaycanın xeyrinə, yəni beynəlxalq hüquqa uyğun ciddi dəyişiklik olacağına inanmıram"-deyə G.Hacıyeva bildirib.

Millət vəkili qeyd edib ki, sentyabrda açıqlanacaq hesabatla bağlı Azərbaycan hökumətinin hansı reaksiya verəcəyi barədə məlumatı və ehtimalı olmasa da, o, öz adından qeyri-obyektivliyə etirazını bildirəcək.

Qeyd edək ki, Beynəlxalq Böhran qrupunun vitse-prezidenti Alen Deletroz sentyabrın 8-9-da Bakıya gələcək.

Onun Azərbaycan hökumətinə qurumun hazırladığı hesabatı və 20-dək tövsiyyəni təqdim edəcəyi gözlənilir. Xatırladaq ki, Beynəlxalq Böhran Qrupu dünyada mövcud və potensial münaqişə ocaqlarını öyrənir və hər ay ayrı-ayrı konfliktlərin həlli barədə öz proqnozlarını verir.

Xəbər lenti

Xəbər lenti