...

MİNALARDAN TƏMİZƏLƏMƏ MƏSƏLƏSİNƏ DAİR ERMƏNİSTAN TƏRƏFİNİN RAZILIĞI ƏLDƏ OLUNUB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2005 12:38 (UTC +04:00)

Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda artıq minalardan təmizləmə məsələsi ilə bağlı razılıq əldə olunub. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, minalardan təmizləmə olduqca vacib prosesdir və işğal olunmuş torpaqların azad edilməsindən sonra birinci dərəcəli əhəmiyyət daşıyacaq. Minalardan təmizləmə Ermənistan tərəfi və ATƏT-in Minsk qrupu həmsədrləri ilə keçirilən məsləhətləşmələrdə razılığın əldə olunduğu məsələlərdən biridir.

Nazir danışıqların növbəti raundunun dekabrın 3-4-də Lyublyanada ATƏT-in iştirakçı ölkələrinin XİN başçılarının iclası zamanı baş tutacağını istisna etməyib. "Hələlik Lyublyanada görüşün keçirilməsi planlaşdırılmasa da, mənim orada olacağım dəqiqdir. Lakin görüşün keçiriləcəyi sual atındadır. Növbəti məsləhətdəşmələr zamanı "Praqa prosesi" çərçivəsində məsələlərin də müzakirəsi davam etdiriləcək", - deyə nazir qeyd edib.

Münaqişənin sülh yolu ilə həllinə dair saziş layihəsi üzərində işlərin aparılması mümkünlüyünə gəldikdə, E.Məmmədyarov bəyan edib: "Biz hələlik konseptual məsələləri razılaşdırmalıyıq. Yalnız bundan sonra bu sənəd barədə söz demək olar. Bu barədə hələlik heç bir söhbət getmir". Onun sözlərinə görə, danışıqlarda irəliləyiş nəzərə çarpır, lakin rəsmi sənəddə bu, öz əksini tapmır. "Əlbəttə, kağız üzərində nə isə qeyd olunur, müzakirə edilir. Biz öz mövqeyimizi, Ermənistan isə öz mövqeyini bildirir, həmsədrlər isə müəyyən bir nəticəyə gəlmək üçün bunun üzərində işləyirlər. Lakin rəsmi sənəddən danışmaq hələ tezdir", - deyə nazir sonda bildirib.

Xəbər lenti

Xəbər lenti