...

Stiven Mann: "Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü yanvarın axırlarına planlaşdırılır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2005 11:22 (UTC +04:00)

"2005-ci il Praqa prosesinin və Dağlıq Qarabağla bağlı danışıqların düzgün istiqamətdə inkişafının davam etdiyi il oldu". Trend xəbər verir ki, bunu "Azadlıq" radiosuna müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, səfir Stiven Mann bildirib.

Diplomat hesab edir ki, 2006-cı ildə Azərbaycan və Ermənistanda seçkilər planlaşdırılmadığına görə, prezidentlər münaqişəyə daha çox diqqət ayıra biləcəklər.

S.Mannın verdiyi məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri növbəti görüşlə bağlı razılığa gəliblər. Görüş yanvarın axırlarına planlaşdırılır. Sülh prosesinin hazırkı məqamında prezidentlərin görüşünə ehtiyac olduğunu bildirən diplomat növbəti görüşün yeri və vaxtı üzərində işin hələ davam etdiyini qeyd edib.

"Həmsədrlər bu görüşdən çox şey gözləyirlər. Böyük qərarlar verilməlidir. Xarici İşlər nazirləri və həmsədrlər tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün xeyli iş görüblər. Biz elə bir mərhələdəyik ki, prezidentlərin, Kazan və Iarşavada olduğu kimi, şəxsən görüşmələrinə ehtiyac var", - deyə o vurğulayıb.

Amerikalı həmsədrin sözlərinə görə, son iki ildə Praqa prosesi çərçivəsində tərəflər mövqelərindəki fərqi azaltmaq üçün kifayət qədər böyük inkişafa nail olub. Amma mühüm fərqlər hələ də qalır və o, 2006-cı ildə mühüm məsələlər üzrə fikir ayrılıqlarını azaltmaq üçün real imkanların olacağına inanır.

S.Mann deyib ki, prezidentlər sülh razılığının əldə olunması üçün səmimi maraq göstərirlər. Lakin real danışıqlara gələndə, Azərbaycan və Ermənistan hələ də, mövqelərində möhkəmdir.

Hər iki ölkədə ictimaiyyətin kompromisə hazır olmaması fikri ilə razılaşmayan diplomat bildirir ki, 2006-cı il mühüm il olacaq: "Bu il yalnız hər iki tərəfdən hökumətlər deyil, münaqişənin davam etməsini və potensial olaraq pisləşməsini və ya bu müharibədən əzab çəkmiş insanların həyatını yaxşılaşdırmaq istəyən xalqlar qərar verməlidir".

Stiven Mannın sözlərinə görə, Birləşmiş Ştatlar hökuməti ümid edir ki, tərəflər real tərəqqi əldə etmək üçün 2006-cı ildəki imkanlardan istifadə edəcək. "Bu, mənim hökumətimin gözləntisidir və mən bunu hər iki prezidentə çatdırmışam. Hər hansı bir danışıqda heç bir tərəf tələb etdiyinin 100 faizini ala bilmir. Həyatda belə olmur. Lakin hər iki tərəfin bu danışıqlardan qalib kimi çıxması da tamamilə mümkündür", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti