...

Rəsmi Bakı Serj Sarkisyanın bəyanatını təkzib edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2006 14:00 (UTC +04:00)

"Ermənistanın müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi Serj Sarkisyanın Paris danışıqlarında Azərbaycanın ATƏT-in Minsk Qrupunun təqdir etdiyi sənədi dəstəkləməməsi ilə bağlı bəyanatı həqiqətə uyğun deyil". Bu barədə Trend ə eksklüziv müsahibəsində Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib.

O, bu bəyanatı tamamilə təkzib edərək bildirib: "Nə üçün bu məsələ barədə bir neçə gündən sonra danışılır? Bu haqda Rambuyedə bəyan etmək lazım idi". Onun sözlərinə görə, ümumiyyətlə S.Sarkisyanın belə bəyanatlarla çıxış etmək hüququ yoxdur. Əgər belə bir şey olsaydı, bunu Minsk Qrupunun həmsdrləri bəyan etməli idi", - deyə N.Məmmədov vurğulayıb.

"Azərbaycan münaqişənin nizama salınması ilə bağlı öz mövqeyini qəti şəkildə bildirir. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağından da keçməyəcək. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında nizama salınmalıdır. Qoy onlar sənədi danışıqlar masasının üzərinə bu prinsiplər əsasında qoysunlar və daha sonra desinlər ki, biz onu qəbul etmişik ya yox. Biz digər təklif və tövsiyələri isə heç vaxt qəbul edə bilmərik" - deyə aparat rəhbəri vurğulayıb.

Ermənistan və Azərbaycan prezidentlərinin növbəti dəfə görüşmək imkanı ilə bağlı sualı cavablandıran N.Məmmədov qeyd edib ki, yeni görüşlə bağlı hər hansı məlumat yoxdur. "Minsk Qrupu həmsədrləri ola bilsin ki, martda Vaşinqtonda görüşsün, lakin cari il ərzində prezidentlərin görüşü də istisna olunmur" - deyə aparat rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti