...

Azərbaycanın müxalifət partiyasının daha bir neçə rəhbər şəxsi istefa verib

Siyasət Materials 14 Aprel 2008 15:48 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının daha bir neçə rəhbər şəxsi istefa verib

Azərbayan, Bakı, 14 aprel / Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) rəhbərliyində təmsil olunan keçmiş partiya sədri İsgəndər Həmidovun birinci müavini Şəmsəddin Rəhimli, ideoloji məsələlər üzrə müavini Süleyman Osmanoğlu, təşkilati məsələlər üzrə müavin Asəf Həsənov, ümumi şöbənin müdiri Sevinc Hacıyeva Azərbaycan Yolu Siyasi Hərəkatına (AYSH) keçib. Bu barədə partiyanın rəhbər üzvlərinin bazar ertəsi qəbul etdiyi bəyanatında bildirilib.

Keçən həftə müxalifəti təmsil edən Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri, keçmiş daxili işlər naziri Həmidov partiya sədrliyindən istefa verib siyasətdən getdiyini bəyan edib. Həmidov istefasının səbəbini gənclərə yol açması ilə izah edib.

Bəyanat müəllifləri AYSH-yə üz tutmalarının səbəbi kimi AYSH və AMDP arasında mövcud müttəfiqlik sazişinin olmasını göstəriblər.

"AYSH ilə AMDP arasında müttəfiqlik sazişinin olması və müttəfiqlik dövründə bu təşkilatın siyasi mübarizə metoduna yaxından bələd olmağımız, apardığı mübarizə və tutduğu siyasi xətt belə qərar qəbul etməyimizdə mühüm rol oynayıb", deyə bəyanatda deyilir.

Keçən ilin aprelində Azərbaycan Milli Demokrat Partiyası və AYSH arasında əməkdaşlıq sazişi imzalanıb.

AMDP 1993-cü ildə yaradılıb və ilk adı "Boz Qurd" Partiyası olub. 1994-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 1995-ci ildə Ali Məhkəmə partiyanın adının müvafiq olmadığını əsas gətirərək "Boz Qurd"un dövlət qeydiyyatını ləğv edib. Partiya qeydiyyat problemini həll etmək üçün 1999-cu ildə keçirdiyi ikinci qurultayında adını dəyişib və Milli Demokrat Partiyası adlandırılıb. Lakin Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almaqdan imtina edir. Keçmiş partiya sədri, sabiq daxili işlər naziri Həmidov 1995-2004-cü illərdə həbsdə olub. 14 il azadlıqdan məhrum edilən Həmidov 2004-cü ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Müxalifəti təmsil edən AYSH 2004-cü ildə yaradılıb. Hərəkatın sədri Rusiyanın istefada olan ədliyyə general-leytenantı İlqar Qasımovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti