...

Elmar Məmmədyarov: Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır (MÜSAHİBƏ)

Siyasət Materials 4 Oktyabr 2011 12:14 (UTC +04:00)
Elmar Məmmədyarov: Dağlıq Qarabağın müqəddəratının təyin edilməsi Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır (MÜSAHİBƏ)
Elmar Məmmədyarov: Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbirlər S.Ağayeva, A.Qasımova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Trend-ə müsahibəsi

- Son vaxtlaradək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin, xüsusilə də Rusiyanın aktivliyi hiss olunurdu. Lakin Soçi görüşündən sonra Rusiyanın bu məsələdə fəallığı nəzərəçarpacaq dərəcədə azalıb. Siz uzun illər öz həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi prosesinin davamını necə görürsünüz?

- Danışıqlar prosesinin fəallığı əsasən yay məzuniyyətləri ilə əlaqədar azalıb. İstənilən halda mən Nyu-Yorka səfərim çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə Minsk qrupunun amerikalı və rusiyalı həmsədrləri ilə məsləhətləşmələr apardım. Məsləhətləşmələrin əsas məqsədi vəziyyəti qiymətləndirmək və gələcək fəaliyyət istiqamətini müəyyən etmək idi. Biz anlayırıq ki, böyük iş görülüb və ümumilikdə konturlar müəyyən edilib. İndi detallar üzərində iş gedir.

Digər tərəfdən, Azərbaycanın mövqeyi məlumdur. Hələlik prinsipləri razılaşdırmaq mümkün olmayıb, ona görə də biz bu gün danışıqlarda mövcud olan hələ razılaşdırılmamış bütün detalalrı anlamaq və nəzərə almaqla böyük sülh sazişi üzərində işləməyi təklif etmişik.

Mən BMT Baş Assambleyasındakı çıxışımda bir daha Azərbaycanın münaqişənin həlli yolları üzrə gördüyü parametrləri müəyyən etdim. Azərbaycan tərəfi sülh danışıqlarının davam etdirilməsinə sadiqdir və biz problemin harada mövcud olduğunu başa düşürük.

Biz həmçinin anlayırıq ki, regiona sülh, sabitlik gətirəcək konturların cızılması üçün ATƏT-in Minsk qrupu ilə birgə böyük iş görülüb və biz bu istiqamətdə işləməyə hazırıq.

- Hazırkı məqamda Fransa, ABŞ və Rusiyadan olan həmsədrlərin təmsil etdikləri Minsk qrupu formatı danışıqların on illər ərzində heç bir uğur olmadan davam etməsi səbəbindən ümumilikdə özünün qeyri-effektiv olduğunu sübut edir. Minsk qrupunun ilkin formatına (11 ölkə) və ya BMT TŞ-nin 3 daimi üzvü və hər il dəyişən iki üzvü modelinin tətbiqinə müraciət etmək lazım deyilmi? Mümkün yeni kombinasiya donmuş üçlər klubunun əvəzinə yeni təkan verə bilərmi?

- Biz həmişə Qarabağ münaqişəsini çox çətin, həssas, həm də çox emosional münaqişə kimi təqdim edirik. Həmsədrlərin vəzifəsi çox asan deyil, lakin o zaman ki, vasitəçi qismində BMT TŞ-nin üç daimi üzvü olan ABŞ, RF və Fransa çıxış edir, onda daha yaxşı formatı gözləmək lazım gəlmir.

Nizamlama məsələsinə yanaşmalar başqa söhbətdir. Sakitləşdirici yanaşma var. O zaman bu, tərəfləri onlara verilən təkliflərlə özlərinin razılaşmasına gətirir. İkinci variant sülhə məcbur etmək, daha doğrusu, yekun nizamlanmaya dair siyasi qərara çıxışla münaqişənin silahlı hissəsinin nəticələrinin aradan qaldırılmasıdır. Lakin göründüyü kimi, sonda nəyə getdiyimizi anlamaqla həm bu, həm də digər yanaşma mərhələlidir.

Ümid edirik ki, həmsədrlər münaqişənin sülh yolu ilə nizamlanması üçün səyləri davam etdirəcəklər. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz kimi kiçik ərazidə bir çox maraqlar toqquşur. Hər dəfə qaz müqavilələri kimi yeni elementlər meydana çıxır. Onlar bir tərəfdən nizamlanmaya kömək edər, digər tərəfdən isə maneə ola bilərlər. Əgər bu məsələyə ağılla yanaşılsa, onda ən yaxşı format regiona sülh və sabitlik gətirməli olan - mən hətta deyərdim ki, buna borclu olan - BMT-nin üç daimi üzvündən ibarət ATƏT-in Minsk qrupunun həmsədrləridir.

- Ermənistanın rəsmi şəxsləri tez-tez bəyan edirlər ki, Azərbaycan beynəlxalq birliyin təklifləri ilə razılaşmalıdır. Həmin təkliflərə görə, Dağlıq Qarabağın statusu onun xalqının öz iradəsini məcburi hüquqi qaydada ifadə etməsi vasitəsilə müəyyən olunmalıdır və Azərbaycanı öz cəmiyyətini Dağlıq Qarabağda referendumun keçirilməsinə hazırlamağa başlamağa çağırırlar. Azərbaycan isə həmişə Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bəyan edir. Siz bu məsələdə Ermənistanla razılığa getməyi mümkün hesab edirsinizmi?

- Həmişə konsensusa nail olmağa cəhd etmək lazımdır. Əlbəttə, konsensus heç də həmişə ideal olmur, həmişə nəsə əldə etmək üçün nəyi isə güzəştə getmək lazım gəlir. Əgər biz statusun müəyyən edilməsi barədə danışırıqsa, o zaman Azərbaycan daima deyib ki, 90-cı illərin sonlarında ölkə parlamenti tərəfindən aradan qaldırılan statusu müəyyən etmək vacibdir, çünki bu, Azərbaycan ərazilərinin boz zonasıdır. Və təbii ki, əgər o demokratik yolla müəyyən olunarsa, o zaman azərbaycanlılar Dağlıq Qarabağda yaşamalıdırlar, orada insanların yaşaması üçün onların milliyyətindən asılı olmayaraq, bütün normal şərait yaradılmalıdır. İnsanların yaşaması üçün normal şəraitin yaradıldığı zaman, məhz onda əlbəttə ki, müəyyən etmək lazımdır. Lakin hazırki şəraitdəki kimi, avtomat lülələri altında yox...

Şübhəsiz, müharibə dəhşətli bəladır, və biz bunu regionda 2008-cı ildə görmüşük.

Hərbi əməliyyatlar nəhəng problemlər gətirir - həm iqtisadi, həm sosial, həm siyasi, hətta emosional... Mən hərbi əməliyyatların tərəfdarı deyiləm və hesab edirəm ki, diplomatiya böyük rol oynamalıdır və bu kontekstdə heç kimin rədd edə bilməyəcəyi dəlilərdən maksimum istifadə etmək lazımdır. Azərbaycanın arqumentləri isə güclü və ədalətlidir, çünki onlar beynəlxalq hüquqa əsaslanır və bütün dünya, bütün beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Əlbəttə, Azərbaycanda ordu quruculuğu gedir, ordu dövlətin ən vacib institutlarından biridir, cəmiyyət və güclü ordu güclü ölkədə yaradılır, bu, ölkənin suverenliyinin və müstəqilliyinin möhkəmlənməsi üçün lazımdır.

- Siz Ermənistan Prezidentinin BMT Baş Assambleyasındakı çıxışını necə şərh edirsiniz?

- Öz diplomatik fəaliyyətim ərzində bundan artıq qeyri-konstruktiv mövqe ilə rastlaşmamışam, məntiqi olaraq bu çıxışın izahını tapmaq çox çətindir. "Ermənistan öz oğullarının qanı ilə Dağlıq Qarabağın müstəqilliyini qazanıb" ifadəsi məntiqsiz fikirdir. Belə yanaşma ilə heç yerə getmək olmaz. Çünki cavabında bildirmək olar ki, Azərbaycan öz oğullarının qanı ilə ərazi bütövlüyünü bərpa edəcək və işğal edilmiş torpaqlarını qaytaracaq.
Ermənistan Prezidentinin çıxışı çox aqressiv və müharibəyə açıq çağırış idi. Bundan əlavə, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi barədə bəyanat heç bir məntiqə sığmır. BMT Nizamnaməsinə əsasən, metropoliyalar adlandırılan ərazi bütövlüyünü pozmaqla öz müqəddəratını təyin etmə hüququna müstəmləkə xalqları malikdirlər, başqa heç kim malik deyil.
Avrasiyada nizam-intizamı müəyyən edən Helsinki Yekun Aktına görə, öz müqəddəratını təyinetmə ölkənin ərazi bütövlüyünə zidd olmamalıdır.

Nəhayət, sonra da azərbaycanlı əhalini Qarabağdan qovaraq deyəcəklər ki, ermənilər indi öz müqəddəratlarını təyin edəcəklər. Məntiq haradadır? Və Dağlıq Qarabağda da demokratiya haqqında danışmaq cəfəngiyatdır. Bütün azərbaycanlıları Qarabağdan qovub və "biz ən demokratik dövlətik, indi biz öz müqəddəratımızı təyin edəcəyik və qoy bütün dünya bizi olduğumuz kimi, belə qəbul etsin" söyləmək... Ermənistanın bu mövqeyinin məntiqi izahını tapa bilmirəm. Bu, başdan-ayağa populizm və dünya birliyini çaşdırmaq istəyidir. Bir sözlə, yol bağlıdır.

- Azərbaycan oktyabrda seçkilərin keçiriləcəyi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürüb. Siz seçkilərin nəticəsini necə görürsünüz?

- Azərbaycanla yanaşı bir yerə daha iki ölkə -Sloveniya və Macarıstan iddia edir. Digər namizədlər çox güclüdürlər, onlar Aİ üzvləridirlər və Aİ-dən və Aİ ölkələrindən müvafiq dəstəyə malikdirlər. Lakin istənilən halda, biz Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı ölkələrindən dəstək hiss edirik, yəni bu ölkələr Azərbaycanın ənənəvi müttəfiqləridir.

Nyu Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak çərçivəsində mən nümayəndə heyətlərinin rəhbərləri ilə maksimim sayda görüşlər keçirdim və bu görüşlərdə tərəfdaşlarımız olan ölkələr, xüsusilə də bu iki qrup bizə dəstək olduqlarını ifadə etdilər.

Gəlin, seçki gününü gözləyək.

Azərbaycan Təhlükəsizlik Şurasının işində iştirak etməyə layiqdir, biz hesab edirik ki, iyirmi il ərzində böyük yol keçmişik, böyük və ciddi uğurlar əldə etmişik. Azərbaycan, ermənilərin təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulan 1 milyona yaxın qaçqın və məcburi köçkünün problemlərinə baxmayaraq, son illər ərzində öz üzərinə zəif inkişaf etmiş ölkələrə kömək və dəstək missiyasını götürüb. Buna ən son nümunə Somaliyə yardımın göstərilməsidir və bu, son deyil. Biz indi başqa variantlara baxırıq, belə ölkələrə kömək gələcəkdə maliyyə xarakterli deyil, ərzaqla da ola bilər.

Azərbaycan təbii kataklizmlərdən əziyyət çəkən ölkələrə kömək göstərir. Yəni bu prosedur artıq qaydaya salınıb. Bundan başqa, Xarici İşlər Nazirliyində riskləri qiymətləndirən, humanitar xarakterli müvafiq proqramlar həyata keçirən xüsusi idarə yaradılıb.

Və təbii ki, Azərbaycan beynəlxalq birliyin layiqli üzvü kimi bu istiqamətdə prioritetləri yoluna qoymağı davam etdirəcək.

- Siz müasir dünyada beynəlxalq və regional təhlükəsizliyin, o cümlədən enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Əgər enerji təhlükəsizliyi haqqında danışırıqsa, bu, əsas hissədir və əlbəttə ki, enerjiresurslarının tədarükdür. Bakı-Tbilisi-Ceyhan enerji təhlükəsizliyində ciddi rol oynayıb və oynamaqda davam edir. İndi Azərbaycan qazı Türkiyəyə, Gürcüstana, Rusiyaya, İrana vəYunanıstana tədarük edilir - bu da yetərincə ciddi amildir. Aİ də bu məsələdə bizə ciddi dəstək göstərir. Azərbaycan bu kontekstdə öz fəaliyyətini davam etdirəcək. Ona görə ki, bu, qarşılıqlı marağın olduğu haldır.

Azərbaycan ərazisi vasitəsilə Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmiryol layihəsi də böyük rol oynayacaq və hətta region üçün də iqtisadiyyatın inkişafına ciddi təkan verəcək.

Təəssüf ki, Ermənistanla münaqişə ilə əlaqədar olaraq, çar Rusiyası dövründən mövcud olan, Rusiya və Azərbaycan vasitəsilə Avropanın şimal hissəsini, İran ərazisi ilə Fars körfəzini birləşdirən dəmir yolu dağıdılıb.

İndi biz Fars körfəzinə yalnız Orta Asiya vasitəsilə - uzun yolla çata bilirik. İran tərəfi dəmir yolunun Rəştdən Qəzvinə və Astaraya qədər hissəsinin tikintisi ilə bağlı üzərinə öhdəlik götürüb. Biz Astara (Azərbaycan) - Astara (İran) hissəsini tikəcəyik.

Bakı-Tbilisi-Qars Türkiyə ərazisi vasitəsilə məşhur Berlin-Bağdad dəmiryolu ilə birləşə bilər, yəni biz Bəsrə şəhərinə çıxırıq. Bu mövzu Fars körfəzi ölkələrinin XİN rəhbərlərinin görüşündə müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti