...

Azərbaycanın millət vəkilləri amerikalı həmkarları ilə görüşlər keçiriblər (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Siyasət Materials 18 İyul 2013 05:26 (UTC +04:00)
ABŞ-da işgüzar səfərdə olan Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri amerikalı həmkarları ilə görüşlər keçiriblər.
Azərbaycanın millət vəkilləri amerikalı həmkarları ilə görüşlər keçiriblər (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Görüşlər barədə məlumat əlavə olunub (ilk xəbər iyulun 17-si, saat 20:09-da yayılıb)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

ABŞ-da işgüzar səfərdə olan Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri amerikalı həmkarları ilə görüşlər keçiriblər.

Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən Trend-ə verilən məlumata görə, iyulun 17-də millət vəkilləri Səməd Seyidov və Asim Mollazadə ABŞ-ın İllinoys ştatından olan konqresmen Dani Deyvis ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konqresmen D.Deyvis Azərbaycanın etibarlı müttəfiq imicini doğrultduğunu, bu xüsusda ölkələr arasında enerji və terrorçuluğa qarşı mübarizə sahəsində fəal əməkdaşlığı xüsusi qeyd edib. Azərbaycanın yerləşdiyi həssas qonşuluq şəraitində İsraillə münasibətlərin yüksək qiymətləndirildiyini bildirib.

Qeyd edək ki, Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Səməd Seyidovun rəhbərlik etdiyi, millət vəkilləri Sevinc Fətəliyeva və Asim Mollazadənin daxil olduğu Azərbaycan nümayəndə heyəti ABŞ Konqresindəki Azərbaycan üzrə dostluq qrupunun üzvləri ilə görüşlər keçirmək məqsədilə ABŞ-da işgüzar səfərdədir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Texas ştatını təmsil edən Konqres üzvü Şeyla Cekson Li ilə də görüş keçirib. Görüşdə ABŞ-da Azərbaycanın səfiri Elin Süleymanov da iştirak edib.

Görüş zamanı ABŞ və Azərbaycan arasında münasibətlərin daha da irəliləməsi, xüsusən, enerji, terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konqres üzvü xanım Şeyla Cekson Li regionda sabitlik üçün ABŞ və Azərbaycan arasında yaranmış dostluq və strateji müttəfiqlik münasibətlərinin vacibliyini vurğulayıb. Bundan əlavə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində "Cənub Dəhlizi" layihəsinin reallaşması ilə aparıcı rolunun daha da möhkəmlənəcəyini qeyd edib və ABŞ-ın bu sahədə ölkəmizə və digər iştirakçı ölkələrə dəstək olmasına əmin edib.

Ş.C.Li təmsil etdiyi Texasın Azərbaycanla xüsusi münasibətlərini də qeyd etmiş və qardaş şəhərlər olan Hyuston və Bakı arasında əməkdaşlığın artırılması yollarını HBSCA-in (Houston Baku Sister City Association) prezidenti İradə Axundova ilə müzakirə edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva ABŞ Konqresinin Nyu York ştatından olan üzvü xanım Qreys Menq ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Millət vəkili S.Fətəliyeva qadınların Azərbaycan cəmiyyətinin bütün sferalarında təmsilçilik faizinin gündən-günə yüksəldiyini bildirərək, bu faktın təsadüf olmadığını, Azərbaycanda qadınlara seçki hüququnun Azərbaycan Xalq Cümhuriyyəti dövründə verildiyini diqqətə çatdırıb. Xanım Menq Azərbaycan qadınlarının təmsilçilik faizinin yüksək olması faktından xoş mənada təəccübləndiyini bildirib.

Daha sonra Azərbaycanın ABŞ ilə humanitar, sosial sahələrdə əməkdaşlığına dair fikirlər səsləndirilib.

İyulun 17-də millət vəkili S.Fətəliyeva ABŞ Konqresi Senatının Konnektikut ştatından olan üzvü Kristofer Mörfi ilə də görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanda səfərdə olduğunu və səfər barəsində xoş təəssüratlarını bölüşən senator K.Mörfi ABŞ-ın kifayət qədər dinamik regionda yerləşən Azərbaycanla əməkdaşlığının səviyyəsindən məmnunluğunu ifadə edib. Müasir dünyada əsas çağırışlardan hesab olunan terrorçuluqla mübarizədə Azərbaycanın ABŞ-la ortaq maraqları bölüşdüyünü bildirərək, Azərbaycanın Əfqanıstandakı əməliyyatlara dəstəyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycanın enerji diplomatiyası, Avropanın enerji təhlükəsizliyinin təminində oynadığı rol, xüsusilə TAP layihəsinə dair fikirlər səsləndirilib.

Həmin gün millət vəkilləri Səməd Seyidov və Asim Mollazadə ABŞ-ın İndiana ştatından olan konqresmen Lyuk Messer ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konqresmen L.Messer ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafından məmnunluğunu bildirib və bu kimi qarşılıqlı səfərlərin münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyini qeyd edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti iyulun 17-də Nyu York ştatını təmsil edən konqres üzvü Qriqori Miks ilə də görüş keçirib.

Görüşdə konqresmen Q.Miks Azərbaycanı ABŞ-ın strateji tərəfdaşı adlandıraraq, münasibətlərin dərinləşməsində bu kimi qarşılıqlı səfərlərin önəmli olduğunu diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti