...

Dünyanın ən güclü 39 iqtisadiyyatından biri...

Siyasət Materials 10 Sentyabr 2013 13:33 (UTC +04:00)
Azərbaycanda yürüdülən sosial-iqtisadi siyasətin rasionallığı, səmərəliliyi və perspektivliliyi növbəti dəfə isbat olundu.
Dünyanın ən güclü 39 iqtisadiyyatından biri...

Aydın Hüseynov - YAP Siyasi Şurasının üzvü

Azərbaycanda yürüdülən sosial-iqtisadi siyasətin rasionallığı, səmərəliliyi və perspektivliliyi növbəti dəfə isbat olundu. 110 parametr üzrə dünyanın 140-dan artıq ölkəsinin 14 min biznes lideri arasında aparılan sorğunun nəticələrinə əsaslanan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksi Azərbaycanı dünyanın ən güclü 39 iqtisadiyyatından biri olduğunu təsdiqlədi. Bununla da, ölkəmizdə iqtisadiyyatın inkişaf istiqamətlərinin düzgün müəyyənləşdirilməsi, insanların rifah halının yüksəldilməsi, sahibkarlara dövlət dəstəyinin verilməsi, iş yerlərinin açılması, yoxsulluğun aradan qaldırılması, bir sözlə, sosial dövlət quruculuğu tendensiyasının uğurlu nəticələri dünya ictimaiyyəti tərəfindən etiraf edildi.

Əlbəttə ki, hər zaman olduğu kimi, bu dəfə də anti-milli ünsürlər dərin təhlil aparmadan, faktların mahiyyətinə varmadan bunun sadəcə statistik hesabat olması haqqında fikirlər yürütməyə cəhdlər göstərdilər. Lakin Qlobal Rəqabətqabiliyyətlilik İndeksinin dəqiq diaqnozlarına nəzər saldıqda, bir daha şahid olduq ki, Azərbaycan bu gün artıq nəinki Cənubi Qafqazın, hətta, Şərqi Avropanın, həmçinin, Yaxın və Orta Şərqin, Mərkəzi Asiyanın lider iqtisadiyyatlı ölkəsinə çevrilir.

Xüsusi olaraq, vurğulanmalıdır ki, son illər ərzində Azərbaycanda siyasi islahatlara paralel şəkildə sosial və iqtisadi reformaların da həyata keçirilməsi ölkəmizin bəzi parametrlər üzrə dünyanın ən güclü iqtisadiyyatlı dövlətlərini də geridə qoymasına gətirib çıxarıb. Məsələn, hazırda Azərbaycan əmək bazarının çevikliyinə görə, Almaniyanı və ABŞ-ı geridə qoyur. Çünki, adı çəkilən ölkələrdə ağır ümumi iqtisadi vəziyyət və makroiqtisadi zəiflik hələ də hökm sürdüyü bir vaxtda Azərbaycanda sosial artımlar baş verir və yeni-yeni iş yerləri açılır. Bütün bunlar da ölkəmizin dünya miqyasında ən güclü iqtisadiyyata malik dövlətlərin sırasına daxil olmasına gətirib çıxarıb. Bu mənada, qlobal rəqabətqabiliyyətlilik üzrə hesabatlara əsasən görürük ki, dövlətimiz 2010-2011-ci illərdə 57-ci yeri, 2011-2012-ci illərdə - 55-ci yeri, 2012-2013-cü illərdə 46-cı yeri tutub, 2013-2014-cü illər üzrə hesabatda isə ölkəmiz 39-cu yerə yüksəlib. Bununla da, Azərbaycan 2013-cü ilin hesabatına əsasən, 56-cı yerdə qərarlaşmış Braziliyanı, 60-cı yeri tutmuş Hindistanı və 53-cü yerdə olan CAR-ı geridə qoyur.

Beləliklə də, Azərbaycanın dünyanın 39 ən güclü iqtisadiyyatı sırasına daxil olması ölkəmizlə bağlı reallıqları bir daha isbatlamış oldu. Aydınlaşdı ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə neft strategiyası üzərində qərar tutmuş bazar iqtisadiyyatının inkişafı, xüsusi mülkiyyətin və özəlləşmə prosesi, sosial dövlət quruculuğu istiqamətində sosiumun iqtisadiyyat və sosial tərəflərinin gücləndirilməsi istiqamətində hüquqi bazanın möhkəmləndirilməsi, investisiyaların cəlb edilməsi, iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, bu sahədə "bir pəncərə" sisteminin yaradılması, onlara dövlət dəstəyinin verilməsi, kreditlərin ayrılması, neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi, innovativ, bilik iqtisadiyyatının qurulması, sahibkarların mənafeyinin qorunması uğrunda əhəmiyyətli addımların atılması, vətəndaş-məmur ünsiyyətinin azaldılması fonunda şəffaflığın artırılması və s. rasional iqtisadi siyasətin əsaslarının təşkil edib. Bütün bunlar təbii ki, milli inkişafın sosial-iqtisadi əsaslarını yaratdı, bugünkü Azərbaycanın mənzərəsini formalaşdırdı və ölkəmizin əldə etdiyi nailiyyətlər onun perspektiv inkişafının güclü təməlini də yaratmış oldu.

Bununla da, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində səmərəli dövlət tənzimlənməsinə və yetkin bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyat modelinin formalaşdırılması yönündə ən vacib addımlarını atan ölkəmiz yüksək rəqabət gücünə malik iqtisadiyyatın qurulması hədəfini vurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti