...

İranlı parlamentari: Azərbaycan torpaqlarının bir hissəsinin işğal olunması təkcə İranı deyil, bütün İslam dünyasını narahat edir (MÜSAHİBƏ)

Siyasət Materials 24 Sentyabr 2013 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycanda səfərdə olan İran nümayəndə heyətinin başçısı, İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadənin Trend-ə müsahibəsi

- Azərbaycanda keçirdiyiniz görüşlərdə nə kimi məsələləri müzakirə etdiniz? Azərbaycan və İran parlamentləri arasında münasibətləri necə dəyərləndirirsiniz?

- Azərbaycana səfərimizdə məqsəd ilk növbədə İran parlamentinin spikeri Əli Laricaninin məktubunu azərbaycanlı həmkarı Oqtay Əsədova çatdırmaq idi. Bakıda olduğumuz müddətdə dostluq şəraitində keçirdiyimiz görüşlərdə müsbət nəticələr əldə edildi. Görüşlərdə ikitərəfli, regional və beynəlxalq səviyyədə əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olundu.

İran və Azərbaycan arasında əməkdaşlıq üçün geniş potensial var. Biz hazırda bu potensialdan tam istifadə etmirik. İqtisadi, siyasi və digər sahələrdə əlaqələr gücləndirilməlidir. Görüşlərdə qeyd olundu ki, iki ölkənin xalqlarının inkişafı naminə hər iki ölkənin dövlət qurumları arasında əlaqələr inkişaf etdirilməlidir. İran və Azərbaycan arasında dini, tarixi və mədəni bağlılıqlar var və biz bundan istifadə edərək ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirə bilərik.

İran və Azərbaycan bir-birinə yaxşı dost və qonşu ölkədirlər və beynəlxalq arenada da bir-birinə dəstək ola bilərlər. Bəzi qüvvələrin iki xalq və ölkə arasında münasibətləri korlamağa çalışması faydasızdır. Hər iki ölkənin rəsmilərinin iradəsi əlaqələrin daha da inkişafına yönəlib və əlaqələrin səviyyəsinin yüksək olması iki ölkə arasında gərginliyin yaranmasına maneədir. İki qardaş xalq arasında heç kim ixtilaf yarada bilməz. İki ölkənin parlamentlərinin də iradəsi əlaqələrin inkişaf etdirilməsinə istiqamətlənib. İran və Azərbaycan parlamentlərarası dostluq qrupu iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişafına təkan verə biləcək bir qüvvə ola bilər.

Yeni Azərbaycan Partiyasının sədr müavini cənab Əli Əhmədovla görüşümüzdə də İran və Azərbaycan partiyaları arasında əlaqələrin inkişaf etdirilməsi məsələsini müzakirə etdik. O cümlədən, İranın "İslami Mötəlifə" (İslam Koalisiyası Partiyası - Islamic Coalition Party) və Yeni Azərbaycan Partiyası arasında münasibətlərin gücləndirilməsi kimi məsələlər müzakirə olundu. Yeni Azərbaycan Partiyasının məsul şəxslərini İrana səfərə dəvət etdik. Ümid edirik ki, qarşılıqlı səfərlərin artması ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcək.

- İki ölkə arasında əlaqələrin inkişafında İran və Azərbaycan parlamentlərinin rolunu necə görürsünüz?

- Parlament nümayəndələri xalqın içərisindən seçilmiş şəxslərdir. Parlament nümayəndələri xalqın maraqlarını xüsusilə iqtisadi sahədə nəzərə alırlar. Əgər biz ölkələr arasında münasibətlərin daha da inkişafına zəmin yarada bilsək, bu, hər iki ölkənin özəl sektorları arasında da əlaqələrin inkişafına təkan verə bilər və onların gördükləri işləri dəstəkləyə bilərik. Hazırda iki ölkə arasında mövcud ticarət mübadiləsi bizi qane etmir və göstəricilər daha da artırılmalıdır. İranlı iş adamları və sənaye işçiləri Azərbaycanın, öz növbəsində, azərbaycanlı iş adamları və sənaye işçiləri İranın potensialı ilə tanış olmalıdırlar. İranın yeni hökuməti özəl sektorda çalışan şirkətlərin və iş adamlarının potensialından geniş formada yararlanmağa yönəlib. Bu baxımdan iki ölkənin özəl sektorları arasında əlaqələr daha da inkişaf etdirilə bilər.

- Azərbaycanın ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalıb. İslam ölkələrinin parlamentləri, xüsusilə İran parlamenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana nə kimi dəstək ola bilər?

- Əminliklə deyə bilərəm ki, regionda hər hansı bir münaqişə, müharibə və gərginliyin baş verməsini heç bir region xalqı istəməz. Dövlətlər beynəlxalq qanunlara müvafiq olaraq münasibətlərini qurmalıdırlar. Biz bundan əvvəl də elan etmişik ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazımi gücə malik deyil. İran İslam Respublikası bu problemin həllinə yardım etmək üçün potensiala malikdir. Bu, İran İslam Respublikasının rəhbərliyi tərəfindən dəfələrlə deyilib. Ümid edirik ki, tezliklə bu münaqişə başa çatacaq və məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar. Dövlətlər başqa dövlətlərin sərhədlərini tanımalı və ona hörmətlə yanaşmalıdırlar. Müsəlmanların torpaqlarının bir hissəsinin beynəlxalq qanunlara zidd olaraq işğal olunması təkcə İranı deyil, bütün İslam dünyasını narahat edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti