...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın xalq rəssamı Tahir Salahovun sərgisinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 1 Oktyabr 2013 22:30 (UTC +04:00)
Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq rəssamı Tahir Salahovun “Əsrlərin qovşağında” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın xalq rəssamı Tahir Salahovun sərgisinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir S.Ağayeva/

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq rəssamı Tahir Salahovun "Əsrlərin qovşağında" adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, milli təhlükəsizlik naziri Eldar Mahmudov, xarici işlər naziri Elmar Məmmədyarov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, diplomatik korpusun nümayəndələri, həmçinin tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mərkəzin direktoru A.Ələkbərov mərasimdə çıxışı zamanı qeyd edib ki, Heydər Əliyev Mərkəzi beynəlxalq tədbirlərin, simpoziumların və konfransların keçirildiyi məkan olub: "Mərkəzdə bir sıra beynəlxalq sərgilər təşkil edilib, o cümlədən bir müddət bundan əvvəl Endi Uorholun 10 min nəfərdən çox insanın gəldiyi sərgisi keçirilib".

A.Ələkbərov T.Salahova xitabən qeyd edib ki, bu sərginin məhz Heydər Əliyev Mərkəzində keçirilməsi rəssamın 85 illik yubileyinə təsadüf edib. Bununa əlaqədar olaraq, o, Tahir Salahova Mərkəzin kollektivi və bütün azərbaycanlılar adından bu sərginin təşkilinə görə təşəkkür edib: "Biz sizin əsərlərizin nümayiş etdirilməsi və beynəlxalq ictimaiyyətə təqdim olunması üçün səy göstərməyə hər zaman hazırıq".

Tədbirdə çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov bildirib ki, T.Salavun yaradıcılığı təkcə Azərbaycan deyil, eləcə də Sovet İttifaqı təsviri incəsənət tarixinin çox böyük bir hissəsidir: "Rəssamlıq İnstitutunu bitirdikdən dərhal sonra Tahir Salahovun üzə çıxması və onun ilk sərgisi böyük hadisə oldu və böyük səs-küyə səbəb oldu".

Ö.Eldarov qeyd edib ki, Tahir Salahov Sovet İttifaqında, o cümlədən Azərbaycanda rəngkarlıqda "sərt üslub" adlanan istiqamətin əsasını qoydu:

"Məhz Tahir Salahov Sovet İttifaqı incəsənətində bu hərəkata başladı, məhz o, Sovet İttifaqı təsviri incəsənətində bu üslubun banisidir. Əmək qəhrəmanları, Azərbaycanın neft sahəsinin qəhrəmanları - bütün bunlar yenicə meydana gələn bu istiqamətlə ahəngdarlıq təşkil edirdi. Və xeyli sayda rəssam bu hərəkata qoşuldu".

Onun sözlərinə görə, T.Salahov iştirak etdiyi hər sərgidə bir nömrə olub:

"Və ona Azərbaycan təsviri incəsənətini belə yüksək səviyyəyə qaldırdığı üçün minnətdarıq. Bir qədər əvvəl ona Rusiyanın Dövlət Mükafatının verilməsi isə heç də təsadüfi deyildi. Rusiya Prezidentinin Tahir Salahovun ünvanına söylədiyi "dünya şöhrətli" sözü bizim hamımızda böyük iftixar hissi doğurdu".

Xalq rəssamı Tahir Salahov qeyd edib ki, Heydər Əliyev Mərkəzində fərdi sərginin açılması onun üçün böyük şərəfdir:

"İlk dəfə mənim sərgim bu Mərkəzdə keçirilir. Mən öz yaradıcılığım üçün çox böyük stimul aldım. Mən bu sərgimi ümummili lider Heydər Əliyevin bu il qeyd etdiyimiz 90 illik yubileyinə həsr edirəm. 2013-cü il Heydər Əliyev ilidir, başqa cür ola da bilməz".

T.Salahov bu sərginin Salvador Dalinin 110 və Qara Qarayevin 95 illik yubileylərinin qeyd olunduğu bir vaxtda keçirilməsindən məmnun olduğunu bildirib:

"Burada Mstislav Rastropovoçin, Dmitri Şostakoviçin portretləri asılıb. Məhz Şostakoviçin xahişi ilə YUNESKO Musiqi Gününün qeyd edilməsi barədə qərar qəbul etdi və bu gün məhz Musiqi Günüdür. Həmçinin, bu il 90 yaşı tamam olan Soljenitsinin portreti nümayiş olunur. Bir sözlə, bütün dünya ulduzları bu gün Heydər Əliyev Mərkəzinə toplaşıblar".

Sərgidə məşhur fırça ustasının müxtəlif dövrlərdə, eləcə də son illərdə çəkdiyi 100-dən cox əsər nümayiş olunur. Onların sırasında Azərbaycan xalqının ümummillli lideri Heydər Əliyevin, həmçinin görkəmli incəsənət xadimləri Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostrapoviçin portretləri, "Sənə bəşəriyyət", "Aydan", "Neftçinin portreti", "Alagöz - Şərq əfsanəsi, "Aydan - Şərq ulduzu", Odlar yurdu triptixi - "Atəşgah", "Xəzər bu gün", "Qız qalası" kimi əsərlər yer alıb.

Sərgidə, həmçinin T.Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən işləri də var. Ekspozisiyada rəssamın həm tabloları, həm də rəsmlərinin xalça versiyası təqdim olunur.

T.Salahovun 85 illik yubileyi ərəfəsinə təsadüf edən bu sərgi Heydər Əliyev Mərkəzinin Azərbaycan rəssamları ilə bağlı həyata keçirdiyi ilk layihədir, Azərbaycanın klassik rəssamlıq ənənələrinin yaşadılmasına, tanıdılmasına xidmət edir.

T.Salahov jurnalistlərə bildirib: "Mən çox şadam ki, fərdi sərgim Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu möhtəşəm binada keçirilir".

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş sərgidə T.Salahovun 60-cı illərin əvvəllərinə, yaradıcılığının orta dövrünə aid əsərləri və son işləri nümayiş etdirilir.

T.Salahov sərginin təşkilində iştirak etmiş hər bir kəsə təşəkkürünü bildirib.

Rəssam, həmçinin xatırladıb ki, daha əvvəl əl işləri onda ən səmimi təəssüratlar yaratmış Naxçıvandakı sərgidə nümayiş etdirilib.

Sərgi noyabrın 6-dək davam edəcək.

Azərbaycanın görkəmli rəssamı və ictimai xadimi Tahir Teymur oğlu Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində doğulub. O, ilk təhsilini 6 saylı orta məktəbdə alıb. Hələ uşaq yaşlarında rəssam olmağa qərar verən balaca Tahir məktəbdə rəsm dərnəyinə yazılıb. Onun ilk müəllimi Kamil Xanlarov olub.

Rəssamın həyatı, xüsusilə uşaqlıq illəri çətin keçib. Atası - Laçın Rayon Partiya Komitəsinin birinci katibi Teymur Salahov 1937-ci ildə həbs olunur, 1938-ci ildə "xalq düşməni" adlandırılaraq güllələnir. Bu hadisə rəssamın həyatında dərin iz qoyur.

T.Salahov 1945-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olunur və 1951-ci ildə müəllimi Baba Əliyevin tövsiyəsi ilə təhsilini davam etdirmək üçün V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna daxil olur. Rəssam tələbəlik illərində bir sıra möhtəşəm əsərlərini yaradır.

"Neftçi", "Estakada", "Neft daşları", "Neftçinin portreti", diplom işi olan "Növbədən gələnlər" təkcə sənət adamlarının deyil, sadə insanların da diqqətini cəlb edir.

T.Salahov tezliklə rəngkarlıqda "sərt üslub" adlanan istiqamətin əsasını qoyanlardan biri olur. Bu üslub bir növ Stalin dövrünün sərt qaydalarına etiraz idi.

T.Salahov Azərbaycan SSR-in və Rusiyanın xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və iki dəfə Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir.

O, iyirmidən çox xarici akademiya və yaradıcılıq təşkilatının - Fransa İncəsənət Akademiyası, San-Fernando İncəsənət üzrə İspaniya Kral Akademiyası, YUNESKO yanında Plastik İncəsənət üzrə Beynəlxalq Assosiasiyanın fəxri prezidenti, Avstriya və Almaniya rəssamlar ittifaqlarının fəxri üzvü, Billinqz şəhərinin və Montana ştatının fəxri vətəndaşı və Mədəniyyət və Təhsil Fondunun üzvü, Tirenton və Santa-Fe şəhərləri, Nyu-Cersi və Nyu-Mexiko (ABŞ) ştatlarının fəxri vətəndaşı, Qırğızıstan, Qazaxıstan rəssamlıq akademiyalarının həqiqi üzvüdür.

Dinlərarası sülhün möhkəmləndirilməsində xidmətlərinə görə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti T.Salahov Rus Pravoslav Kilsəsinin "III dərəcəli Şöhrət və Şərəf" ordeni ilə təltif edilib. Rəssam 2008-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyev" ordeni ilə təltif olunub.

Tahir Salahov 2012-ci ildə Rusiya Federasiyasının Dövlət Mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti