...

Ceyhun Osmanlı: Azərbaycanda sabitlik və inkişafı pozmaq istəyən yerli, xarici qüvvələr adekvat cavabını alacaq

Siyasət Materials 18 Oktyabr 2013 15:43 (UTC +04:00)
Qanunsuzluğa sövq edən hər bir çağırış özündə bir cinayət məsuliyyəti ehtiva edir. Əlbəttə, hüquq mühafizə orqanları belə çağırışlar və digər hər hansı qeyri-qanuni fəaliyyətlə bağlı hər zamankı kimi tədbirlər görəcəklər.
Ceyhun Osmanlı: Azərbaycanda sabitlik və inkişafı pozmaq istəyən yerli, xarici qüvvələr adekvat cavabını alacaq

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Qanunsuzluğa sövq edən hər bir çağırış özündə bir cinayət məsuliyyəti ehtiva edir. Əlbəttə, hüquq mühafizə orqanları belə çağırışlar və digər hər hansı qeyri-qanuni fəaliyyətlə bağlı hər zamankı kimi tədbirlər görəcəklər. Bu barədə Trend-ə millət vəkili Ceyhun Osmanlı Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin Fəvvarələr meydanında qanunsuz aksiya keçirməklə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib.

C.Osmanlı qeyd edib ki, Azərbaycan hüquqi bir dövlətdir və bu istiqamətdə ildən-ilə daha əmin addımlar atır: "Azərbaycanda keçirilən prezident seçkiləri də ölkədə hüquqi dövlətin və demokratik dəyərlərin təşəkkül tapmasının gözəl bir göstəricisi idi. Azərbaycan vətəndaşları daha əmin, daha firavan, daha yaxşı yaşamaq istəyir və bunun üçün də öz inkişafını İlham Əliyevlə görür".

Millət vəkili bildirib ki, insanların C.Həsənliyə səs verməməsi onun göstəricisi idi ki, insanlar C.Həsənli və ətrafında onun kimi düşünən insanların ruhunda bir dağıdıcılıq, qeyri-sabitlik, qeyri-müəyyənlik hiss edirdilər: "Azərbaycan vətəndaşları savadlı vətəndaşlardır və ona görə də Azərbaycanda sabitlik və inkişafı pozmaq istəyən istər yerli, istərsə də xarici qüvvələr öz adekvat, tutarlı cavabını alacaqdır".

O, hesab edir ki, faktiki olaraq Milli Şura artıq dağılıb: "Milli Şura Rüstəm İbrahimbəyov fiaskosundan sonra dağılmışdı. İndi onların Milli Şura adı altında etmək istədikləri şey sadəcə olaraq beyin ölümü təsdiq olunmuş bir xəstənin ömrünün uzadılması cəhdləridir. Ona görə də hesab edirəm ki, əgər müxalifət öz ideyalarına qarşı həqiqətən səmimidirsə, yeni format axtarışına çıxmalıdır. Çünki artıq mövcud formal iflasa uğrayıb. Dünyanın hər yerində bu tipli məğlubiyyətə uğrayan partiyaların, hərəkatların liderləri istefa verir. Hesab edirəm ki, Cəmil Həsənlinin indi ata biləcəyi ən yaxşı addım yenidən tarix mövzusunda araşdırmalara qayıtmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti