...

Vyetnam Azərbaycanda səfirlik açılması imkanlarını araşdırır

Siyasət Materials 25 Oktyabr 2013 18:40 (UTC +04:00)
Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov bu ölkənin Baş naziri Nquyen Tan Dunq ilə görüşüb.
Vyetnam Azərbaycanda səfirlik açılması imkanlarını araşdırır

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov bu ölkənin Baş naziri Nquyen Tan Dunq ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün əvvəlində Baş nazir cari ildə Azərbaycanın Vyetnamda səfirliyinin təsis olunmasını ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib və Vyetnam tərəfinin səfirliyin fəaliyyəti zamanı zəruri olan yardımı göstərəcəyini bildirib.

Səfir A.İmanov Baş nazirə təşəkkürünü bildirib, səfirliyin təsis olunmasını Azərbaycanın Vyetnamla münasibətlərə önəm verməsinin göstəricisi olduğunu vurğulayıb. O, qeyd edib ki, ölkələrimiz arasında dostluq əlaqələri böyük tarixə malikdir, ikitərəfli münasibətləri inkişaf etdirmək üçün geniş potensial mövcuddur.

N.T.Dunq ölkəsinin ağır günlərində Azərbaycan xalqının dəstəyini vyetnamlıların heç zaman unutmadığını söyləyib, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib. Baş nazir ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu və Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycan Prezidenti İlham Əliyevi 2014-cü ildə Vyetnama dəvət etdiyini qeyd edib.

Daha sonra A.İmanov son illər Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin iştirakı ilə keçirilən regional layihələr, ölkəmizdə gedən iqtisadi inkişaf haqqında məlumat verib. Səfir, həmçinin Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin regionun inkişafına göstərdiyi mənfi təsirdən söhbət açıb.

Baş nazir ölkəmizin son illər qazandığı uğurlardan xəbərdar olduğunu bildirib, Azərbaycanın təcrübəsinin ölkəsi üçün böyük maraq doğurduğunu qeyd edib.

Görüşün sonunda səfir A.İmanov qarşılıqlı olaraq Vyetnamın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirmək baxımından vacibliyini vurğulayıb. N.T.Dunq Vyetnamın Azərbaycanda səfirliyinin açılması imkanlarının Xarici İşlər Nazirliyi tərəfindən araşdırıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti