...

Britaniyalı deputat Azərbaycana silah ixracatına qoyulmuş qadağanı yumşaltmağa çağırır

Siyasət Materials 6 Noyabr 2013 16:08 (UTC +04:00)
Azərbaycan beynəlxalq sülhməramlı əməliyyatların fəal iştirakçısıdır.
Britaniyalı deputat Azərbaycana silah ixracatına qoyulmuş qadağanı yumşaltmağa çağırır

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan beynəlxalq sülhməramlı əməliyyatların fəal iştirakçısıdır.

Trend-in məlumatına görə, bunu Böyük Britaniya Parlamentinin deputatı, Müdafiə və Silah İxracatına Nəzarət Komitəsinin üzvü xanım Penni Mordaunt Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) suallarını cavablandırarkən bəyan edib:

"Biz üzünü Qərbə tutmuş ölkələrlə körpü yaratmalıyıq. Onların Qərb yönümlü olmalarını, öz cəmiyyətlərində demokratiya, insan hüquq və azadlıqlarının inkişaf etdirilməsini, həmçinin birgə təhlükəsizliyimizlə bağlı səylələrini dəstəkləməliyik. Azərbaycan belə ölkələrdən biridir".

Deputat deyib ki, Azərbaycan beynəlxalq sülhməramlı əməliyyatların fəal iştirakçısıdır və bu məqsədlə İraq, Kosovo və Əfqanıstana öz qoşunlarını yollayıb. Azərbaycan, həmçinin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin təchizatının daşınması üçün ən vacib tranzit ölkəsi olub və 2014-cü ildə Böyük Britaniya qoşunlarının və hərbi texnikasının Əfqanıstandan çıxarılması zamanı yenə də əsas tranzit ölkəsi rolunu oynayacaq. Ağır hərbi texnika Qazaxıstandan keçəcək və bərə vasitəsilə Xəzər dənizindən Bakıya, oradan isə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə daşınacaq. Bu, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında bir körpü kimi əhəmiyyətindən xəbər verir.

O, qeyd edib ki, həm Azərbaycan, həm də BP şirkəti vasitəsilə Böyük Britaniya Xəzər dənizində ciddi mühafizəyə ehtiyacı olan qiymətli mülkə sahibdirlər. Əgər Azərbaycan bu platformaları qorumaqdan ötrü döyüş gəmilərini almaqla öz dəniz güvənliyini gücləndirmək arzusundadırsa, zənnimcə, onlara Britaniya gəmilərini almağa şərait yaradılmalıdır:

"Bu baxımdan sırf donanma gəmiləri, daha dəqiq desək, dəniz patrul gəmiləri ilə bağlı Azərbaycana olan silah satışı qadağasının yumşaldılmasını istəyərdim. Dəniz patrul gəmilərinin satışı bizim marağımızdadır. Bu təkcə Xəzər dənizindəki neft qurğularının, kəmərlərin və gəmilərin mühafizəsi baxımından deyil, həm də qeyd olunan gəmilərin ixracatının artımı bizim donanmamız üçün sərf olunan maliyyə xərclərini azaldar. Bu kimi sövdələşmənin Azərbaycanla münaqişədə olan Ermənistana heç bir təsiri olmayacaq".

P.Mordaunt bəyan edib: "Biz Azərbaycana tətbiq etdiyimiz hərbi texnika təchizatı ilə bağlı qadağa siyahısını bir daha nəzərdən keçirməliyik. Böyük Britaniya və Azərbaycanın milli təhlükəsizliyinə xidmət edəcək və Dağlıq Qarabağ münaqişəsində istifadə edilməyəcək texnikanı həmin siyahıdan çıxarmalıyıq. Eyni dəlili Azərbaycan dəniz zabitlərinin təlimi məsələsində də tətbiq etmək olar. Bu kimi təlimlər yalnız və yalnız bizim silahlı qüvvələrimiz arasında olan hərbi əməkdaşlığı gücləndirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti