...

Nazim İbrahimov: "Erməni mifi"nin dağılması "soyqırım mifi"nin də dağılmasına gətirib çıxaracaq

Siyasət Materials 30 Dekabr 2013 12:37 (UTC +04:00)
Uydurma "erməni soyqırımı"nın həqiqətən də bir mif olduğunu, soyqırıma məruz qalanların isə əslində ermənilər yox, azərbaycanlılar, türklər olduğunu sübut etmək üçün dünyada böyük işlər görülür. Qarşıdan gələn 2014-cü ildə də bu işlər davam etdiriləcək. Bu barədə Trend-in sualını cavablandırarkən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
Nazim İbrahimov: "Erməni mifi"nin dağılması "soyqırım mifi"nin də dağılmasına gətirib çıxaracaq

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İ.İzzət/

Uydurma "erməni soyqırımı"nın həqiqətən də bir mif olduğunu, soyqırıma məruz qalanların isə əslində ermənilər yox, azərbaycanlılar, türklər olduğunu sübut etmək üçün dünyada böyük işlər görülür. Qarşıdan gələn 2014-cü ildə də bu işlər davam etdiriləcək. Bu barədə Trend-in sualını cavablandırarkən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N.İbrahimov qeyd edib ki, ermənilər "uydurma soyqırım"ın tanıdılması istiqamətində uzun illərdir iş aparırlar ki, 2015-ci ildə uydurma "erməni soyqırımı"nın 100-cü ildönümünü qeyd etsinlər: "Buna qarşı həm bizim Dövlət Komitəsi, həm də xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları tərəfindən dünyada böyük işlər görülür. Bu məsələdə diaspor təşkilatlarının daha geniş fəaliyyətinə ehtiyac var. Biz Dövlət Komitəsi olaraq bu sahəni koordinasiya edirik. Əlimizdən nə gəlirsə, dünya dövlətlərinin ictimai-siyasi xadimlərinə, ictimaiyyətinə izah etməyə çalışırıq ki, ermənilərin söylədikləri cəfəngiyatdan, yalandan başqa bir şey deyil və əsl həqiqət tamamilə başqa cürdür".

Komitə sədrinin fikrincə, ermənilər nəyəsə nail olsalar belə, bu onların gücünün göstəricisi olmayacaq: "Ola bilsin ki, ermənilər nəyəsə nail olsunlar. Onların havadarlarının, onlara rəğbət bəsləyən dövlətlərin siyasətləri və qrup maraqları var. Amma bu o demək deyil ki, bu, türk diasporunun zəifliyidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir sıra ölkələrində "Xocalıya ədalət" kampaniyası keçirilir. Artıq dünyanın əksər ölkələrinin parlamentləri, yüksək strukturları 1992-ci il fevralın 26-da Xocalıda baş verənləri soyqırım kimi qəbul edirlər. Bu elə "erməni mifi"nin dağılması deməkdir. Əsl soyqırım Xocalıda olub".

N.İbrahimov bildirib ki, mövcud olmayan nələrəsə əsaslanıb nəyisə soyqırım adlandırmaq düzgün deyil: "Bizim fəaliyyətimiz, o cümlədən son illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə geniş fəaliyyəti, Azərbaycanın tanıdılması, Leyla Əliyevanın gördüyü işlər, yavaş-yavaş Azərbaycan həqiqətlərinin tam mənada çatdırılması və ermənilərin Azərbaycanda törətdikləri cinayətlərin, Xocalı soyqırımının tanıdılması "erməni mifi"nin dağılmasına gətirib çıxarır. "Erməni mifi"nin dağılması elə "soyqırım mifi"nin dağılmasına gətirib çıxaracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti