...

Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinə tarixi baxış

Siyasət Materials 31 Mart 2014 12:58 (UTC +04:00)
İmperialist siyasət yürüdən havadarlarının şirnikləndirməsi ilə "böyuk Ermənistan" xülyasına düşən, başqa xalqların torpaqları hesabına dövlət qurmaq iddiasında olan ermənilər son iki əsr ərzində azərbaycanlılara və digər xalqlara qarşı bəşəriyyətə, insanlığa yaraşmayan qanlı əməllər törədiblər.
Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinə tarixi baxış

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir E.Mehdiyev/

İmperialist siyasət yürüdən havadarlarının şirnikləndirməsi ilə "böyuk Ermənistan" xülyasına düşən, başqa xalqların torpaqları hesabına dövlət qurmaq iddiasında olan ermənilər son iki əsr ərzində azərbaycanlılara və digər xalqlara qarşı bəşəriyyətə, insanlığa yaraşmayan qanlı əməllər törədiblər. Bunu Trend-ə millət vəkili Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov qeyd edib ki, 1890-cı ildə Daşnaksütyun Partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər "yazıq millət" pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar.

Millət vəkili bildirib ki, Azərbaycan xalqına qarşı soyqırım və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə mərhələlərlə davam edib: "XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən, 1905-1907-ci illər hadisələri zamanı Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırım siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə ermənilərin silahlı daşnak-bolşevik birləşmələri Bakıda və Azərbaycanın bir çox bölgələrində dəhşətləri ilə yadda qalan soyqırım cinayətləri həyata keçiriblər. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, on minlərlə insanı yurd-yuvasından didərgin salıblar".

Millət vəkili qeyd edib ki, təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülüb, Şamaxı qəzasının 58 kəndi yandırılıb, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilib, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilib: "Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılıb, əhaliyə qəddarcasına divan tutulub. İrəvan quberniyasında 211, Qars vilayətində 92 azərbaycanlı kəndi dağıdılıb və yandırılıb. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlının evi yandırılıb, 132 min azərbaycanlı məhv edilib".

B.Sadıqov bildirib ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmayıb: "Ermənilərin işğalçılıq və etnik təmizləmə siyasəti, azərbaycanlılara qarşı soyqırım cinayətləri tarix boyu davam etsə də, imperiya əsarəti xalqımıza qarşı baş verənlərin qarşısının alınmasına və araşdırılmasına imkan verməyıb. Əksinə, erməni vandalizmini, məruz qaldığımız soyqırımı və digər bu kimi tarixi həqiqətləri bizə unutdurmağa çalışıblar. Ona görə xalqımız uzun illər özünün bu gerçək tarixindən məlumatsız olub, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində bilgilərimiz tamamilə yad istiqamətdə köklənib".

Millət vəkili bildirib ki, yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin Azərbaycan dövlətinə və xalqına qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya yaymaq və hüquqi-siyasi qiymət vermək mümkün olub:

"Xüsusilə qeyd etməliyik ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımların rəsmən adı çəkilib, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb. Ulu öndər Heydər Əliyev fərmanda 1918-ci ilin mart hadisələrini geniş şərh edib, bolşevik cildinə girmiş erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdikləri müsibətləri dünyaya bəyan edərək bu qanlı əməllərə düzgün siyasi qiymət verib və onu Azərbaycan xalqına qarşı törədilən ən böyük faciə adlandırıb. Ən əsası, bu fərman terrorizmə, soyqırıma qarşı mübarizə aparmaq üçün ulu öndərin müəyyən etdiyi bir yoldur. Azərbaycanlılara qarşı aparılmış soyqırım və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib".

Millət vəkili qeyd edib ki, hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik: "Amma ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım, deportasiya və işğal siyasətinin intensivliyi bu gün də zəifləməyib, bədnam qonşularımız təbliğat və qarayaxma kampaniyasını bir az da gücləndiriblər. Ermənilər Avropa və Amerikadakı lobbi imkanlarından yararlanaraq "əzabkeş erməni milləti" obrazını yaratmaqda davam edir, beynəlxalq hüquq normalarına meydan oxuyur, bütün yolverilməz vasitələrdən istifadə edərək əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, dünya ictimaiyyətini Azərbaycan torpaqlarının işğalı faktı ilə barışdırmağa çalışırlar".

Millət vəkili qeyd edib ki, bu cür məkrli niyyətlərə baxmayaraq, xüsusən son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyət daha da güclənib, ermənilərə qarşı ideoloji əks-hücum effektiv xarakter alıb: "Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı bu işlərin vahid və sistemli surətdə aparılmasına imkan yaradıb. Prezident İlham Əliyev xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir. Məhz onun rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi hücumçu diplomatiya bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoyub. Azərbaycan rəhbərliyi dünya siyasətini müəyyən edən böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparır, onilliklər boyu formalaşmış stereotipləri və yanlış siyasi yanaşmaları dəyişdirməyə çalışır. Prezident İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırım həyata keçirən erməniləri ifşa edib, bu cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid edib, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti