...

İspandilli tanınmış media orqanlarında Azərbaycanın Argentinadakı səfiri ilə müsahibə dərc olunub

Siyasət Materials 8 Sentyabr 2014 11:53 (UTC +04:00)
“Diario Siglo XXI”, “Sur1810” və “Eurasia Hoy” ispandilli populyar analitik-xəbər portallarında beynəlxalq məsələlər üzrə tanınmış ekspert Peter Tasenin Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə ilə “Azərbaycan fəal və dinamik xarici siyasət yürüdür” başlıqlı geniş müsahibəsi dərc olunub.
İspandilli tanınmış media orqanlarında Azərbaycanın Argentinadakı səfiri ilə müsahibə dərc olunub

Azərbaycan, Bakı, 8 sentyabr /Trend Səbinə Əhmədova/

İspandilli populyar "Diario Siglo XXI", "Sur1810" və "Eurasia Hoy" analitik-xəbər portalları Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin müsahibəsini yayıb.

Trend-in məlumatına görə, beynəlxalq məsələlər üzrə tanınmış ekspert Peter Tasenin götürdüyü müsahibədə səfir Azərbaycanın tarixi, mədəni irsi, müstəqillik yolu, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin inkişaf strategiyası, sosial-iqtisadi yüksəlişi, xarici siyasəti, Latın Amerikasına olan diqqəti, habelə Azərbaycan-Argentina əməkdaşlığı haqqında danışıb.

Səfir deyib ki, qədim tarixə, zəngin mədəniyyətə, ədəbiyyata malik Azərbaycan tanınmış ziyalıların, filosofların, şairlərin, memarların, musiqi və incəsənət xadimlərinin beşiyidir. Azərbaycan xalqının dünya bəşəriyyətinin xəzinəsinə olan töhfəsi çox böyükdür.

Diplomat bildirib ki, Azərbaycanın coğrafi mövqeyi müxtəlif çeşidli mədəni tərkibin formalaşmasına yol açıb. Azərbaycan hər zaman fərqli dinlər, etnik qrupların birgə yaşadığı tolerantlıq məskəni olub.
M.Əhmədzadə qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqı tarixə müsəlman Şərqində ilk dünyəvi dövlətin, demokratik respublikanın əsasını qoymuş xalq kimi düşdü. Lakin təəssüf ki, bu dövlət qurulduqdan 23 ay sonra regiondakı mürəkkəb geosiyasi vəziyyət nəticəsində süqut etdi.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Lakin bu dəfə ölkəmiz suverenliyinə qarşı yönələn müxtəlif təhdidlər, daxili mübarizələr, iqtisadi çətinliklər və xüsusilə Ermənistan tərəfindən etnik təmizlənmə və hərbi təcavüz ilə üzləşdi. Nəticədə Dağlıq Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edildi və bir milyondan artıq azərbaycanlı öz evlərini tərk etməyə məcbur qaldı.

Belə bir mürəkkəb vəziyyətdə 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Həmin andan etibarən onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz müstəqilliyini və suverenliyini möhkəmləndirdi. Heydər Əliyevin strategiyasını davam etdirən Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında yüksək iqtisadi inkişaf tempinə malik ölkəyə və regional liderə çevrilib.

Səfir müsahibədə Azərbaycanın son illər əldə etdiyi nailiyyətlərdən də ətraflı bəhs edib. M.Əhmədzadə deyib: "Bu gün Azərbaycan müstəqil, güclü və müasir bir ölkədir. Hazırda uğurla həyata keçirilməkdə olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası növbəti illərdə bütün sahələrdə dayanıqlı inkişafın təmin edilməsi, Azərbaycanda həyat səviyyəsinin daha da yüksəlməsi və ölkənin beynəlxalq nüfuzunun daha da güclənməsinə yönəldilib".

Azərbaycanın müxtəlif sahələrdə beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən diplomat ölkənin xarici siyasətindən də danışıb. O deyib: "Azərbaycan çox dinamik və fəal xarici siyasət yürüdür. Şəffaflıq, müəyyənlik və praqmatizm ölkəmizin xarici siyasətinin başlıca təməllərini təşkil edir".

M.Əhmədzadə oxucuları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumatlandırıb. O bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün çalışır və bu da ölkə üçün sülhün nə qədər çox əhəmiyyət kəsb etməsinin göstəricisidir. Azərbaycan heç bir zaman ərazilərinin işğalı ilə barışmayacaq və öz ərazi bütövlüyünün bərpası yolunda heç nəyi əsirgəməyəcək.
Azərbaycan-Argentina əlaqələrindən danışan səfir çoxsaylı rəsmi səfərlərin, imzalanmış sənədlərin hər iki xalqın yaxınlaşmasına və ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb. Təhsil sahəsində əməkdaşlıqda da yüksək nəticələr əldə olunduğunu bildirən diplomat ADA Universiteti ilə Milli Diplomatik Xidmət İnstitutu (İSEN) arasındakı möhkəm əlaqələri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti