...

Asim Mollazadə etiraz etdi: "Azərbaycan hədə-qorxu kampaniyasını qəbul etmir"

Siyasət Materials 14 Noyabr 2014 12:13 (UTC +04:00)
“Bakıya sanksiyaların vaxtı çatıb” adlı məqalənin müəllifləri Devid Kramer və Riçard Kauzlariç qərara alıb ki, ABŞ sınaqdan çıxmış müttəfiqi və postsovet məkanındakı ən müstəqil ölkə – Azərbaycan Respublikasına qarşı sanskiyalar tətbiq etsin.
Asim Mollazadə etiraz etdi: "Azərbaycan hədə-qorxu kampaniyasını qəbul etmir"

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

"Bakıya sanksiyaların vaxtı çatıb" adlı məqalənin müəllifləri Devid Kramer və Riçard Kauzlariç qərara alıb ki, ABŞ sınaqdan çıxmış müttəfiqi və postsovet məkanındakı ən müstəqil ölkə - Azərbaycan Respublikasına qarşı sanskiyalar tətbiq etsin. Görünür ki, bütün Şərqi Avropa regionunun potensial destabilizasiyasına aparan Rusiyanın Ukraynaya soxulması və İŞİD radikallarının Yaxın Şərqdə apardığı barbar müharibə fonunda dünyada baş verənləri unudaraq, müəlliflər dünyaya öz dardüşüncəli görüşü ilə baxmağa üstünlük verirlər". Trend-in məlumatına görə, bunu Azərbaycanlı politoloq və Milli Məclisin deputatı Asim Mollazadə sözügedən məqaləyə etiraz olaraq ABŞ-ın "The Hill" qəzetində dərc olunan yazısında bildirib.

A.Mollazadə qeyd edib ki, Azərbaycanın çatışmazlıqlarına dair tənqidi başa düşür və qəbul edir, lakin Azərbaycana qarşı razılaşdırılmış, seçilmiş və xüsusi planla idarə olunan hədə-qorxu kampaniyasını qəbul etmir.

Onun sözlərinə görə, belə kampaniyalar cəmiyyətdə parçalanmanı kəskinləşdirir. Millət vəkili bildirib ki, Kramer və Kauzlariçin tənqidləri Amerikanın maraqlarına cavab vermir.

Politoloqun sözlərinə görə, əksinə, regionda ən dəyərli müttəfiqə qarşı olmaq və ondan ayrı düşmək yalnız Kremlin və Tehranın maraqlarına cavab verir.

A.Mollazadə bildirib ki, hər iki müəllifin keçmiş Sovet İttifaqında ən firavan dövlət, tolerant cəmiyyət, terrorizmlə mübarizədə Qərbin strateji tərəfdaşı, ən müasir müsəlman cəmiyyətinə malik olan, Rusiyaya alternativ olaraq Cənubi Qaz Dəhlizi ilə Avropaya təbii qaz nəql edən Azərbaycanın hədəf seçilməsi onu çaşdırır: "Görünür, onlar ölkəmin 20 faiz torpaqlarının qanunsuz işğalını davam etdirən Ermənistanın Kuba, Şimali Koreya, Sudan və Rusiya kimi ölkələrlə birgə Ukraynanın ərazi bütövlüyünə qarşı səs verməsi faktını və Ermənistanın Putinin Gömrük ittifaqına qoşularaq öz suverenliyindən imtina etməsini görməzlikdən gəlirlər. Görünür ki, müəlliflər üçün şəxsi hisslərə görə Amerikanın maraqları dəyişir".

A.Mollazadə qeyd edib ki, ABŞ-ın daha geniş fəaliyyəti həm Amerikanın, həm də Azərbaycanın marağındadır: "Bu, həmçinin vətəndaş cəmiyyətinin möhkəmlənməsi və islahatların təşviqində faydalıdır. Belə fəaliyyət Ermənistan-Azərbaycan münaqişəsinin sülh və beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli və ya Rusiyanın qonşularına qarşı yaratdığı təhlükə kimi strateji məsələləri görməzlikdən gələ bilməz".

Politoloqun sözlərinə görə, bu cür fəaliyyət çərçivəsində xüsusi maraqlara görə region ölkələrinə fərqli standartlar tətbiq edilməməlidir.

A.Mollazadə Azərbaycanın Rusiya və İran arasında yerləşən yeganə dövlət kimi strateji əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti