...

"İslam Dövləti" Ankara və Bağdadı "birləşdirir"

Siyasət Materials 21 Noyabr 2014 12:23 (UTC +04:00)
İraqın sabiq baş naziri Nuri əl-Malikinin etnik və dini zəmində yürütdüyü bölücü siyasət Ankara və Bağdad arasında münasibətlərin, demək olar ki, minimum həddə enməsi ilə nəticələndi.
"İslam Dövləti" Ankara və Bağdadı "birləşdirir"

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

İraqın sabiq baş naziri Nuri əl-Malikinin etnik və dini zəmində yürütdüyü bölücü siyasət Ankara və Bağdad arasında münasibətlərin, demək olar ki, minimum həddə enməsi ilə nəticələndi.

Əl-Malikinin gedişindən sonra sentyabrın 8-də Heydər əl-Əbadinin Baş nazir təyin olunması və yeni hökumətin formalaşması Bağdadla Ankara arasında münasibətlərin bərpası üçün bir fürsət idi. Lakin Bağdad və Ankara münasibətlərinin bərpası üçün ən önəmli faktor İraqın yeni hökuməti və ya Türkiyənin İraqla yaxınlaşma siyasəti deyil, İraq və Suriya, eləcə də Türkiyə üçün ciddi təhlükə olan "İslam Dövləti" terror təşkilatının varlığıdır.

Dünən, noyabrın 20-də Türkiyənin xarici siyasətinin banisi hesab edilən hazırkı Baş nazir Əhməd Davudoğlu Bağdada səfər etdi.

İkitərəfli görüşlərdə iqtisadi-siyasi münasibətlərlə yanaşı, Bağdad və Ankaranın "İslam Dövləti" terror təşkilatına qarşı birgə mübarizə aparması da gündəmdə idi.

Hər iki dövlət rəsmiləri verdikləri açıqlamalarda terrora qarşı birgə mübarizənin labüd olduğunu xüsusilə vurğuladılar.

Regionda "İslam Dövləti" terror təşkilatının varlığı, terrorçulara qarşı mübarizənin ciddi nəticə verməməsi və təşkilatın Suriya ərazisinin 1/3, İraq ərazisinin isə 1/4 hissəsinə nəzarət etməsi region dövlətləri üçün ciddi siqnaldır.

Məhz bu səbəbdən Bağdad və Ankara arasında diplomatik əlaqələrin bərpası kimi qiymətləndirilən bu səfərin əslində çarəsizlikdən doğduğunu tam əminliklə söyləmək olar.

Digər tərəfdən, bu gün regionda baş verən siyasi dəyişikliklərin fonunda Ankara və Bağdadın, demək olar ki, tək qaldığını görmək olar.

Bu gün bölgədə "İslam Dövləti"nin varlığı, Suriya hakimiyyətinin vəziyyətə nəzarət edə bilməməsi, Ankara ilə Dəməşq arasında münasibətlərin olmaması, Bağdad-Ərbil (kürd administrasiyasının paytaxtı) münasibətlərinin gərginliyi həm Bağdadı, həm də Ankaranı real təhlükələrə qarşı müttəfiq axtarmağa vadar edir. Lakin bu, o demək deyil ki, tərəflər ideal müttəfiq olacaqlar. Bu gün İraqın real vəziyyəti nəzərə alınsa, Bağdad üçün bir çox sahələrdə Ankaranın deyil, Tehranın, Ankara üçün isə Bağdadın yox, Ərbilin real müttəfiq olduğunu görmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti