...

YAP Nils Muiznieksin Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi fikirlərini ədalətsizlik adlandırdı

Siyasət Materials 24 Noyabr 2014 17:01 (UTC +04:00)
Azərbaycan hökuməti hər şeyin ədalətli, düzgün olması üçün beynəlxalq təşkilatlara şərait yaradır, amma təəssüflər olsun ki, onlar verdikləri bəyanatlarda ədalətli olmurlar.
YAP Nils Muiznieksin Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi fikirlərini ədalətsizlik adlandırdı

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan hökuməti hər şeyin ədalətli, düzgün olması üçün beynəlxalq təşkilatlara şərait yaradır, amma təəssüflər olsun ki, onlar verdikləri bəyanatlarda ədalətli olmurlar.

Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieksin Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi fikirlərinə münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycanda olanda başqa söz deyirlər, ora gedib çatan kimi isə fikirlərin tamamilə dəyişirlər: "Bu fikirlərin dəyişməsi təkcə onların özlərinin istəyindən irəli gəlmir. Əsasən, müxtəlif maraqlı qurumların təsiri nəticəsində öz fikirlərini dəyişirlər. Biz bunu seçkilər zamanı da gördük ki, Avropadan gələn deputatların böyük əksəriyyəti Azərbaycanda keçirilən seçkilərin azad, ədalətli və demokratik keçməsi barədə bəyanatlar verdilər, lakin ora gedib çatan kimi erməni lobbisinin, müəyyən dairələrin təzyiqləri əsasında öz ədalətli mövqelərindən geri çəkildilər".

Onun sözlərinə görə, Azərbaycanda kimin hansı işlə məşğul olmasından asılı olmayaraq, hər bir vətəndaş qanun qarşısında cavabdehlik daşıyır: "Kimsə qeyri-hökumət təşkilatının rəhbəri ola bilər, hüquq müdafiəçisi ola bilər, jurnalist, siyasi partiyanın nümayəndəsi ola bilər, lakin bu onları məsuliyyətdən azad edə bilməz. Yəni peşəsindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Lakin beynəlxalq təşkilatlar çalışırlar ki, bunlardan maliyyə alan, həmin maliyyəni məqsədli şəkildə başqa istiqamətlərə yönəldən insanları müdafiə etsinlər. Həmin insanlar külli miqdarda vergidən yayınır, yeyintiyə yol verirlər və bir qrupu da kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olur, Azərbaycanın strateji mövqelərinin, o cümlədən hərbi mövqelərinin yerini düşmən ölkəyə çatdırmaqla məşğuldur və bunun üçün maliyyə alır".

S.Novruzov bildirib ki, həmin insanlar hüquq müdafiəsi adı altında pərdələnərək Azərbaycanda bu cür fəaliyyətlə məşğul olublar və bunun nəticəsində də məsuliyyətə cəlb olunublar: "İndi gəlib bunlara azadlıq tələb edilməsi və yaxud da onların məsələsini insan hüquqlarının pozulması kimi ortaya qoymaq özü bir cinayətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti