...

Rövşən Rzayev: Nils Muiznieksin haqqında danışdığı insanlar Azərbaycanda müxtəlif cinayətlər törətməkdə ittiham edilir

Siyasət Materials 24 Noyabr 2014 17:46 (UTC +04:00)
"Bu, beynəlxalq təşkilatların Azərbaycana qarşı növbəti qərəzli mövqeyidir".
Rövşən Rzayev: Nils Muiznieksin haqqında danışdığı insanlar Azərbaycanda müxtəlif cinayətlər törətməkdə ittiham edilir

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Bu, beynəlxalq təşkilatların Azərbaycana qarşı növbəti qərəzli mövqeyidir". Bunu Trend-ə Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieksin Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi fikirlərinə münasibət bildirərkən deyib.

R.Rzayev qeyd edib ki, N.Muiznieksin səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur: "Bu təşkilatlar Azərbaycana düşmən olan Ermənistan rəhbərliyinə, erməni lobbisinə xoş gəlsin deyə, belə bəyanatlar verirlər. Amma Ermənistanın işğalı nəticəsində hüquqları pozulan bir milyondan artıq azərbaycanlı haqqında heç nə demirlər. Əgər onlar bunu edə bilmirlərsə, onda bunların səmimiliyinə heç vaxt inanmaq olmaz".

Onun sözlərinə görə, N.Muiznieksin haqqında danışdığı insanlar Azərbaycanda müxtəlif cinayətlər törətməkdə ittiham edilir: "Həmin insanlar çoxdan tutulmalı idilər, çünki Azərbaycanda otura-otura düşmən ölkəyə casusluq edirdilər. Bunların tutulmasını heç zaman insan haqlarının pozulması kimi qələmə vermək olmaz. Bu cür əməllər törətmiş insanlar qanun qarşısında cavab verməlidirlər".

R.Rzayev bildirib ki, 20 ildən artıqdır Azərbaycan torpaqları işğal altındadır, təmas xəttində insanlar həyatını itirir, amma həmin təşkilatlar susur: "Gedib orada boş-boş danışmaqdansa, gəlib bu məsələlərə münasibət bildirsinlər. Əfsuslar olsun ki, onlar bura gələndə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi ilə görüşmürlər. Mən çox istərdim ki, onlar bura gələndə azərbaycanlı icma ilə də görüşsünlər və biz də öz fikirlərimizi onlara çatdıraq. Biz tələb edirik ki, Azərbaycana gələndə bizimlə də görüşsünlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti