...

Türkiyəli ekspert: İŞİD xalqı susuz qoymaqla özünə tabe etdirmək istəyir

Siyasət Materials 25 Noyabr 2014 17:54 (UTC +04:00)
İŞİD ("İraq və Şam İslam Dövləti") terror təşkilatının İraq və Suriyada neft və qaz yataqları ilə yanaşı, su mənbələrini də ələ keçirməsi və bunu mərhələli şəkildə, addım-addım həyata keçirməsi onların bu məsələdə ciddi strategiyasının olduğunu deməyə əsas verir.
Türkiyəli ekspert: İŞİD xalqı susuz qoymaqla özünə tabe etdirmək istəyir

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İlkin İzzət/

İŞİD ("İraq və Şam İslam Dövləti") terror təşkilatının İraq və Suriyada neft və qaz yataqları ilə yanaşı, su mənbələrini də ələ keçirməsi və bunu mərhələli şəkildə, addım-addım həyata keçirməsi onların bu məsələdə ciddi strategiyasının olduğunu deməyə əsas verir. İŞİD su resurslarını ələ keçirərək həm enerji, həm suvarma, həm də içməli su kimi həyati əhəmiyyət daşıyan sahələri nəzarətdə saxlamağa çalışır.

Bunu Trend-ə açıqlamasında Türkiyənin Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) su problemləri və hidrosiyasət üzrə eksperti xanım Tuğba Evrim Maden deyib.

Ekspertin sözlərinə görə, su dövlətlər arasında əməkdaşlıq üçün vasitə də ola bilər, ayrıca müharibələr üçün bəhanə də ola bilər. Amma son zamanlar suyun daha çox müharibə vasitəsi kimi istifadə edildiyini görürük: "Biz bunun Qafqazda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ermənilər tərəfindən istifadə edildiyinin şahidi oluruq. Lakin son zamanlar bunun bariz nümunəsini Yaxın Şərqdə İŞİD terror təşkilatının hərəkətlətində görürük".

O, qeyd edib ki, İŞİD coğrafiyasını genişləndirdiyi yerlərdə məqsədyönlü şəkildə strateji nöqtələri, o cümlədən su bəndlərini, anbarlarını ələ keçirir, onlara nəzarət edir və lazım gəldikdə suyun qarşısını kəsir: "Yəni İŞİD neft və qaz yataqları ilə yanaşı, ən əhəmiyyətli su resurslarını da ələ keçirir. Suriyada Tapka və Tişrim, sonra İraqda Fəllucə, Mosul və Sudur su bəndlərini ələ keçirib. Haditha su bəndi uğrunda isə döyüşlər gedir. Sudur su bəndi şiələrin yaşadığı bölgədə yerləşir. İŞİD suyun qarşısını kəsməklə itaət etməyənlərin iradəsini sındırmağa çalışır. Xalqı susuz saxlamaqla özlərinə tabe etdirmək istəyirlər".

T.E.Maden bildirib ki, İŞİD-in su resurslarını ələ keçirməsi bölgədə suvarmaya və kənd təsərrüfatına ciddi təsir göstərir. Məsələn, bu il Yaxın Şərqdə yayda çox quraqlıq oldu. Nəticədə susuzluq insanlara və təsərrüfata böyük ziyan dəydi: "Su Yaxın Şərq üçün neft və təbii qaz kimi önəmli resursdur. Çünki su həm də qida təhlükəsizliyi deməkdir. Çünki suyun 80-90 faizi qida istehsalı üçün sərf olunur. Əhali bunun üçün alternativ su ehtiyatları tapmağa çalışır. Amma onlar da adətən sağlamlığa zərərli olur. Nəticədə susuz qalan xalq ya İŞİD-in iradəsini qəbul edəcək, ya da oradan köçüb gedəcək. Beləcə, ölkə xaricinə böyük bir köç baş verir və verəcək. Suriya və İraqda su təhlükəsizliyi məsələsinin gələcəyinin necə olacağı sual altındadır. Əgər bu terror təşkilatı məhv edilməsə, çox ehtimal ki, bir müddət su təhlükəsizliyi məsələsini İŞİD-in strategiyası müəyyən edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti