...

İranla Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün iki ölkənin yol infrastrukturu təkmilləşdirilməlidir (FOTO)

Siyasət Materials 27 Noyabr 2014 12:38 (UTC +04:00)
İranla Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün iki ölkənin yol infrastrukturu təkmilləşdirilməli və şimal-cənub dəhlizində dəmir yolu xətti tikilib başa çatdırılmalıdır.
İranla Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün iki ölkənin yol infrastrukturu təkmilləşdirilməlidir (FOTO)

İran, Urmiya, 27 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranla Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün iki ölkənin yol infrastrukturu təkmilləşdirilməli və şimal-cənub dəhlizində dəmir yolu xətti tikilib başa çatdırılmalıdır. Trend-in məlumatına görə, bunu İranın Xoy şəhərinin başçısı Hüseyn Sinavi Qərbi Azərbaycan vilayətində səfərdə olan azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında dəmiryol xəttinin olmaması əlaqələrin inkişafına maneə yaradır: "Ölkələr arasında dəmiryol xətlərinin birləşdirilməsi ilə İran Azərbaycan vasitəsi ilə Avropaya, Azərbaycan isə İran vasitəsi ilə Fars körfəzinə çıxış əldə edə bilər".

H.Sinavi bildirib ki, iki ölkənin qonşu olması, mənəvi, dini və dil cəhətdən bağlılığı ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə imkan yaradır. "Münasibətlərin inkişafı üçün iki ölkə arasında müxtəlif imkanlar və potensiallar var. İran Yaxın Şərq və region ölkələri arasında mühüm yer tutur. Azərbaycan da inkişaf etməkdə olan ölkədir və inkişaf üçün potensiallar var".

O, qeyd edib ki, əlaqələrin inkişafı üçün xalqlarımız həm də dolğun məlumat almalıdır: "Amma hazırda tərəflər informasiyanı bir-birindən deyil, üçüncü tərəfdən əldə edir. Bəzən isə bu informasiyalar ölkələrimizi istəməyən qüvvələr tərəfindən verilə bilər. Heç bir ölkə istəməz ki, qonşu ölkə ilə əlaqələri aşağı səviyyədə olsun. Azərbaycan-İran münasibətlərinin yaxşılaşması bəzi beynəlxalq qüvvələri narahat edir. Biz bu amili nəzərə alaraq heç bir təxribatlara uymamalıyıq".

Qeyd edək ki, Xoy şəhəri Qərbi Azərbaycan əyalətinin ən böyük şəhərlərindən biridir. Şəhər və şəhərətrafı qəsəbələrdə ümumilikdə 450 mindən artıq əhali yaşayır. Xoy şəhərinin əhalisinin sayı isə 230 min nəfərdir. Bu şəhər 3 ölkə -Türkiyə, Azərbaycan və İraqla həmsərhəddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti