...

"Bəzi dövlətlər Türkiyə ilə Azərbaycan arasında münasibətləri korlamağa çalışır"

Siyasət Materials 27 Noyabr 2014 14:10 (UTC +04:00)
Türkiyə ilə Azərbaycan arasında olan yüksək münasibətləri qısqanan bəzi dövlətlər Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını ortaya atırlar.
"Bəzi dövlətlər Türkiyə ilə Azərbaycan arasında münasibətləri korlamağa çalışır"

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Türkiyə ilə Azərbaycan arasında olan yüksək münasibətləri qısqanan bəzi dövlətlər Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını ortaya atırlar. Bu barədə Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov qeyd edib ki, gələn il ermənilər qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etmək istəyirlər: "Bundan istifadə edərək Türkiyə dövlətinə də müəyyən mesajlar verirlər ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər açılsın. Ancaq bunlar hamısı mətbuat üçündür, cəmiyyətə hesablanmış mesajdır və mesajdan o tərəfə keçə bilməz. Çünki Azərbaycan ilə Türkiyə qardaş ölkələrdir və bu münasibətlər tarixi köklərə əsaslanır".

Millət vəkili əlavə edib ki, eyni zamanda, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir və bütün beynəlxalq təşkilatlarda hər iki ölkə bir-birini müdafiə edir: "Digər tərəfdən, Azərbaycanın bütün xarici neft və qaz kəmərləri Türkiyə vasitəsilə Avropaya çıxır. Yəni bütün bunlar onu göstərir ki, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması yalnız Dağlıq Qarabağ münaqişəsi öz həllini tapandan sonra mümkün ola bilər".

Bir neçə il öncə gündəmə gələn Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokollarını xatırladan millət vəkili qeyd edib ki, o zaman Azərbaycan həm dövlət, həm də ictimaiyyət səviyyəsində buna öz etirazın bildirdi və protokollar ratifikasiya olunmadı: "Türkiyə ilə Azərbaycan arasında elə münasibətlər var ki, bunları korlamaq mümkün deyil. Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir. Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq sahəsində xüsusi müqavilə imzalanıb və strateji əməkdaşlıq komissiyaları fəaliyyət göstərir. Mən inanmıram ki, Türkiyə Azərbaycanın zərərinə olan belə bir addım atsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti