...

Azərbaycan, Gürcüstan və Türkiyə parlamentariləri Tbilisidə görüşüblər

Siyasət Materials 28 Noyabr 2014 20:46 (UTC +04:00)
Gürcüstan parlamentinin spikeri David Usupaşvili Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin rəhbərləri ilə görüşüb.
Azərbaycan, Gürcüstan və Türkiyə parlamentariləri Tbilisidə görüşüblər

Gürücstan, Tbilisi, 28 noyabr /Trend, Nana Kirsxaliya/

Gürcüstan parlamentinin spikeri David Usupaşvili Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə Gürcüstan parlamentinin bir sıra komitə rəhbərləri də iştirak ediblər.

Trend-in məlumatına görə, üçtərəfli görüşdə regiondakı iqtisadi vəziyyət, üçtərəfli iqtisadi layihələr, əməkdaşlığın gələcək perspektivləri və region qarşısında dayanan problemlər müzakirə olunub.

D.Usupaşvili bildirib: "Biz belə formatda görüşlər keçirməklə əhalimizə vacib mesaj göndəririk. Bununla demək istəyirik ki, üç ölkə arasında işgüzar əlaqələr regionda təhlükəsizlik və sabitliyin təminatıdır".

Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, əsas məqsəd qonşularla dinc və işgüzar əlaqələrin qurulmasıdır: "Biz artıq keçirdiyimiz ikinci görüşdə nələri etməli və hansı istiqamətdə işləməli olduğumuzu müəyyənləşdirmişik. Bu işlərin dövlət səviyyəsində bölüşdürülməsi üçün tövsiyələr, eləcə də ümumi regional siyasət hazırlanmalıdır".

Türkiyə parlamentinin Xarici işlər komitəsinin sədri Əhməd Berat Çokar isə bildirib ki, bu təşəbbüs gələcək əməkdaşlığın qarantıdır.

Tərəflərin növbəti görüşü Ankarada keçiriləcək.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili də Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin nümayəndə heyətlərini qəbul edib. Prezident Administrasiyasından Trend-ə verilən məlumata əsasən, tərəflər regional əməkdaşlığı və üç ölkə arasında əlaqələrin inkişafında parlamentlərin rolunu müzakirə ediblər.

Görüşdə əsas diqqət ticarət və iqtisadi əlaqələrə, enerji və infrastruktur layihələrinə, regional təhlükəsizlik məsələlərinə yönəlib.

Azərbaycan və Türkiyə deputatları bir daha Gürcüstanın ərazi bütövlüyü dəstəkləyərək Rusiya və Abxaziya arasında imzalanmış qondarma "ittifaq" haqqında müqavilənin yolverilməz olduğunu diqqətə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti